Ezofaqit, qida borusunun iltihabı

Ezofaqit

Ezofaqit, qida borusunun iltihabı xəstəliyi

Ezifağit – həzm traktının geniş yayılmış iltihabı xəstəliklərindən biridir. Kəskin, yarımkəskin və xronik ezofaqit ayırd edilir.

Ezofaqitin etiologiyası

Kəskin ezofaqitlər qida borusunun selikli qişasının həddindən artıq isti qida və maye qəbulu, kimyəvi maddələr təsirindən zədələnməsi, infeksion xəstəliklər zamanı inkişaf edə bilər. Xronik ezofaqitlər bir sıra hallarda mədə və burun-udlağın xronik iltihabı xəstəliklərini müşayiət edir.

Yarımkəskin və xronik  irritativ ezofaqitlər çox isti, kobud və kəskin qidaların, alkohollu içkilərin qəbulu, havada toz halında olan toksik xassəli maddələrinin udulması nəticəsində baş verir. Durğunluq ezofaqitləri qida borusunun stenozu, divertikulu zamanı, qidanın qida borusunda durğunluğu və çürüməsi nəticəsində baş verir.

Amma yarımkəskin və xronik ezofaqitlərin ən əsas səbəbi kardiyanın çatışmazlığı nəticəsində baş verən reflyuks ezofaqit, yəni aktiv mədə şirəsinin qida borusuna atılması və ya diafraqmanin qida borusu dəliyinin aksial qida borusu  – mədə yırtığı zamanı müşahidə olunan peptik ezofaqitlərdir. Bu zaman qida borusunun abdominal hissəsi və mədənin praksimal nahiyəsi diafraqmanın qida borusu dəliyindən keçərək orta divara doğru yerini dəyişir.

Kardiyanın çatışmazlığı və reflyuks-ezofaqit kardial sfinkterin zədələnməsi və yaxud rezeksiyası zamanı, həmçinin sistemli sklerodermiyada kardial hissədəki saya əzələlərin atrofiyası zamanı rast gəlinir. Xora, xolelitiaz və digər xəstəliklər zamanı mədə çıxacağının spastik yığılması və mədənin hipertonusu, mədədaxili təzyiqin qlxması nəticəsində kardiyanın nisbi, yəni funksional çatışmazlığı ola bilər.

Ezofaqitin potogenezi

Ezofaqitin inkişafında əsas yer alimentar faktorların (çox isti, kəskin qidalar, spirtli içkilər, toksik maddələr) qida borusunun selikli qişasına qıcıqlandırıcı və travmatik təsiri nəticəsində yaranan zədələnmələr tutur. Tam dəyərli qidalanmamaq nəticəsində baş verən zülal və vitamin çatışmazlığı, qida borusunun qan dövranının pozulması, nevrogen təsirlə əlaqədar yaranan spazm, mədənin turş möhtəviyyatının qida borusuna atılması kimi amillər xəstəliyin patogenezində mühüm rol oynayır.

Ezofaqitin patoloji anatomiyası

Prosesin kəskinliyindən və iltihabı dəyişikliyin xarakterindən asılı olaraq kataral, eroziv, hemorragik, psevdomembranoz və nekrotik ezofaqitlər, həmçinin qida borusunun absesi və fleqmonası ayırd edilir. Ağır, kəskin və uzun müddət davam edən xronik ezofaqit çapıq strukturun (mənzəfin kəskin daralması) inkişafına və qida borusunun qısalmasına səbəb ola bilər.

Ezofaqitin klinik mənzərəsi

Ezofaqitin klinik mənzərəsi prosesin etiologiyasından, yayılmasından və kəskinlik dərəcəsindən asılıdır. Kəskin-kataral ezofaqit udma vaxtı ağrılarla, döş sümüyü arxasında sızıltı hissi ilə, bəzən disfaqiya ilə müşayiət olunur. Hemorragik ezofaqit zamanı qanlı qusma və melena ola bilər. Psevdomemberanoz ezofaqit zamanı qusuntu kütləsində fibrin lifləri tapılır.

Qida borusunun absesi və fleqmonası xüsusilə ağır keçir. Yarımkəskin və xronik ezofaqitlər qıcqırma ilə müşayiət olunur. Reflyuks-ezofaqit olan xəstənin rentgen müayinəsi zamanı çox hallarda qida borusunun diafraqma dəliyinin yırtığı və mədə-qida borusu reflyuksu aşkar edilir. Bu zaman xəstə həm üfüqi, həm də şaquli vəziyyətdə müayinə edilməlidir.

Yarımkəskin və xronik ezofaqiti aşkar etmək üçün ezofaqoskopik müayinə metodundan geniş istifadə edilir. Belə ki, bu müayinə metodu ilə prosesin yayılması dərəcəsini və divarların vəziyyətini aşkar etmək mümkündür. Kəskin ezofaqit zamanı ezofaqoskopiya aparmaq əks göstərişdir.

 Ezofaqitin gedişi və ağırlaşması

Qida borusunun fleqmona və absesi zamanı onun divarının perforasiyası baş verə bilər ki, bu da peritonit və mediastenitə gətirib çıxardar.

Hemorragik və eroziv ezofaqitdə ümumən qanaxma olur. Ağır kəskin və xronik ezofaqitlər çapıqlaşma və qida borusunun qısalmasına səbəb olur. Bu zaman həmçinin yırtıqlar da müşahidə edilə bilər.

Ezofaqitin diaqnozu və müqayisəli diaqnostikası

Xarakter klinikası, anamnez, rentgenoloji müayinə, ezofaqoskopiya diaqnostikanı asanlaşdırır. Xronik ezofaqit ilk növbədə qida borusunun xoraları ilə diferensasiya  etmək lazımdır. Çox hallarda döş sümüyü arxasındakı ağrıları koronar ağrılardan diferensasiya etmək lazım olur.

Ezofaqitin müalicəsi müxtəlif üsullarla və metodlarla aparılır. Bu sahədə təcrübəsi olan həkimlərin adətən praktikasında işlənmış müalicə metodları olur ki, tətbiq edirlər. Ola bilər ki, həkim xəstəyə müalicə dövründə bir sıra ciddi xarakterli tələblərə əməl etməyi tövsiyə etsin. Həkimi diqqətlə dinləyin, bütün göstərişlərinə əməl edin. Yalnız o halda tam olaraq sağlamlığınızı bərpa edə bilərsiniz.

Next Post

Addison-Birmer xəstəliyi

Ç Noy 11 , 2015
Addison-Birmer xəstəliyi Addison-Birmer xəstəliyi – orqanizmdə qanəmələgəlmə  prosesində patoloji qüsurun olması ilə bağlı olan, B12 vitaminin bədxassəli çatışmazlığına deyilir. Addison-Birmer xəstəliyinin Etiologiyası Daxili faktorunn – qastromikroproteinin olmaması səbəbindən B12 vitaminin sorulmasının çətinləşməsi, əsasən mədənin fundal hissəsinin vəzilərinin atrofiyası, mədə xərçəngi, bağırsaq xəstəlikləri, Kron xəstəliyi. B12 vitamininin həddindən çox istifadə olunması və […]