Kəskin pankreatit

Kəskin pankreatit– mədəaltı vəzin fermentativ autoliz prosesi nəticəsində ödemi və ya aseptik nekrozu ilə başlayıb ikincili irinli infeksiyanın qoşula bilməsi ilə xarakterizə olunan xəstəlikdir. KP pankreas toxumasının məhəlli və ya diffuz şəkildə destruksiyasına gətirib çıxara bilər ki, bu hal pankreonekroz adlanır. Bu zaman peritonarxası toxumanın da nekrozu müşahidə oluna bilər. Bəzən irinli infeksiyanın qoşulması nekroz sahəsinin absesləşməsinə səbəb olur.

Kəskin pankreatit risk faktorları

KP-nin ən çox rast gəlinən səbəblərinə aşağıdakılar aid edilir:
► öd daşları
► xroniki alkoqol qəbulu
► bəzi dərman maddələrinin (məsələn, merkaptopurin, didanosin, pentamidin
► sulfonamidlər, salisatlar, furosemid) qəbulu
► infeksiyalar
► genetik hiperlipidemiya
► abdominal travmalar
► qonşu orqanlarda və mədəaltı vəzidə aparılan cərrahi əməliyyatlar
► endoskopik retroqrad xolangioqrafiya
► xroniki hiperkalsiemiya
► pankreas və Fater məməciyinin şişləri
► Öddi sfinkterinin diskineziyası
► 12 barmaq bağırsaq xəstəlikləri

Klinik təsnifatı
Kəskin pankreatit klinik gedişinə görə iki yerə bölünür: mülayim gedişli və ağır gedişli destruktiv pankreatitlər. KP təsadüflərinin əksəriyyəti (80%) mülayim gedişli və məhdudlaşmış olur.

Mülayim gedişli kəskin pankreatitlər zamanı cərrahi müalicə göstəriş deyil . Mülayim gedişli (yüngül – ödemli) pankreatit 3-5 gün ərzində aparılan bazis müalicəvi tədbirlər nəticəsində və ya öz-özünə sağala bilir. Letallıq göstəricisi 1%-dən də azdır və bu xəstələrdə adətən intensiv terapiyaya ehtiyac olsa da, pankreas cərrahiyyəsinə gərək qalmır.

Ağır gedişli destruktiv pankreatitlər isə 10-20% hallarda meydana çıxır və pankreasın və onu əhatə edən toxumaların bir hissəsinin nekrozlaşması ilə xarakterizə olunur. Destruktiv pankreatitlər əsasən üç fazada inkişaf edir:
• Birinci faza, fermentativ faza adlanır və ilk bir həftə ərzində inkişaf edə bilər. Bu dövr ərzində pankreas toxumasında nekrozlaşma, endotoksikoz, bəzi xəstələrdə poliorqan çatışmazlığı və endotoksin şoku inkişaf edə bilər.
• Destruktiv pankreatitlərin ikinci fazası reaktiv faza adlanır və adətən xəstəliyin ikinci həftəsini əhatə edir. Bu dövrdə mədəaltı vəzidə yaranmış nekrotik ocaqlara qarşı orqanizmin reaksiyası formalaşır və Sistemli İltihabi Cavab Sindromunun (SİRS) – septiki şokun inkişafı ilə xarakterizə olunur. Bu fazada iltihab əleyhinə mediatorların ifrazı SİRS-lə əlaqəli ağciyər, ürək-damar və böyrək çatışmazlığının meydana çıxmasına təkan verə bilir.
• Destruktiv pankreatitlərin üçüncü fazası parçalanma və sekvesterasiya fazası adlanır. Bu faza, adətən, xəstəliyin 3-cü həsftəsi başlayır və bir neçə ay çəkə bilir. Onun gedişində iki variant mümkündür: aseptik parçalanma və sekvesterasiya; septk parçalanma və sekvesterasiya. Aseptik parçalanma və sekvesterasiya postnekrotik sist və süzgəclərin əmələ gəlməsi
ilə nəticələnə bilər. Septik parçalanma və sekvesterasiya isə pankreas və pankresətrafı toxumalarda əmələ gəlmiş nekrotik kütlələrin infeksiyalaşması və irinli ağırlaşmaların inkişafı ilə xarakterizə olunur.

Diaqnostika

Kəskin pankreatitlərin ilkin diaqnostikası: Kəskin pankreatitli xəstələr bir qayda olaraq təcili yardım xidməti bölmələrində qəbul olunur və xəstəliyin ilkin diaqnostikasında klinik əlamətlərin nəzərə alınması və bir sıra müayinə metodlarının tətbiqi vacibdir: Tipik klinik gediş –
• epiqastral nahiyədə spazmolitiklərlə götürülə bilməyən kəmərvari ağrılar,
• ağrıların intensiv xarakter daşıması ilə yanaşı epiqastral nahiyədə artan daxili gərginlik hissinin olması,
• ürəkbulanma və fasiləsiz qusmalar,
• qusma epizodlarından sonra rahatlığın yaranmaması,
• qarında köp,
• paralitik bağırsaq keçməməzliyi əlamətləri, bəzən diarreya,
• arxası üstə uzanan zaman nisbi rahatlıq,
• anamnezində alkoqol və ya yağlı yeməyin qəbulu, öd daşı
xəstəliyinin olması. İlk saatlarda qarın köplü olsa da palpasiyada yumşaq qalır, epiqastral nahiyədə ağrılı və peritonun qıcıqlanma simptomları zəif müsbət olur. Xəstələrdə nəbzin tezləşməsi, ilk saatlarda arterial təzyiqin normal olması və vaxt keçdikcə düşməsi qeyd olunur.

Kəskin pankreatitin laborator müayinələri

Laborator müayinələr zamanı qanda lipaza və amilazanın yüksəlməsi, sidikdə amilazanın yüksəlməsi, qanda leykositlərin yüksəlməsi aşkar olunur.

Kəskin pankreatitin diferensial diaqnostikası

Kəskin pankreatitlərin differensial diaqnostikası aşağıdakı xəstəliklərlə aparılmalıdır :
• Mexaniki bağırsaq keçməməzliyi
• Kəskin apendisit
• Kəskin xolesistit və öd daşı xəstəliyi tutmaları
• Mədə və ya onikibarmaq bağırsaq xoralarının penetrasiyası və ya perforasiyası
• Digər boşluqlu daxili orqanların perforasiyası
• Aortanın qarın hissəsinin periton arxası cırılması
• Arxa-diafraqmal lokalizasiyalı miokard infarktı

Kəskin pankreatitin müalicəsi

Adətən ağrını aradan götürmək üçün ağrıkəsicilər inyeksiya olunur. Daha yaxşı olar ki, mədə və bağırsaqlar boş saxlansın. Beləliklə qida və maye qəbulu dayandırılmalıdır. Mədə möhtəviyyatını xaric etmək üçün zond burundan da salına bilər (nazoqastral zond). Qusmanın qarşısını almaq da bura aiddir. Simptomlar sönənə qədər venadaxili infuziya, yəni xüsusi məhlulların yeridilməsi aparılır.İltihabı aradan qaldırmaq üçün heç bir müalicə yoxdur.

Bir çox hallarda pankreatit simptomları bir neçə günə sönür. Çox az hallarda ağırlaşmalar inkişaf edə bilər və vəziyyət ciddiləşə bilər. Sonra tətbiq oluna biləcək müalicələrə aşağıdakılar aiddir. Əgər səbəb öd daşıdırsa, pankreatit tutması sağaldıqdan sonra onu aradan götürmək lazımdır. Əgər pankreas və ətraf toxuma infeksiyaya yoluxubsa, antibiotiklərdən istifadə olunur. Bəzən infeksiyalaşmış və ya zədələnmiş toxumaları aradan götürmək üçün cərrahi üsuldan istifadə olunur.

You may also like...