Qonartroz, Diz oynağinin artrozu

 

Qonartroz nədir?

Qonartroz – diz oynağının artrozu (və ya deformasiya edən artroz, osteoartroz) – qığırdaq toxumasının zədələnməsi ilə nəticələnən polietioloji degenerativ-distrofik xəstəlikdir.

Qonartroz xəstəliyinin səbəbləri

Qığırdağın səthlərinin qidalanmasında yaranmış problemdir. Qığırdaq sistemində stabil qidalanma olmadığı halda, qığırdaqda distrofik proseslər gedir, nazikləşir, tamlığı itir, strukturunda mikroçatlar əmələ gəlir və deformasiyaya uğrayır.

Qığırdaq oynaq səthini formalaşdırır, dayaq-hərəkət funksiyasını asanlaşdırır, ağrıdan və zədələnmədən qoruyur. Çünki qığırdaqlarda sinir, nədə ki, qan damarları yoxdur. Qığırdaq sinoval maye vasitəsi ilə qidalanır. Sinoval maye qidalandırıcı maddə olmaqla yanaşı, həm də sürtgü maddəsi rolunu yerinə yetirir. Bu mayeni oynağın sinoval qışası özü istehsal edir.

Unutmayın ki, qığırdağın qidalanması prosesi, oynaqlar hərəkətdə olan zaman baş verir. Bu səbəbdən stabil fiziki aktivlik vacib sayılır, oynaqların qidalanmasına xidmət etmiş olur.

Niyə diz oynaqların artrozu inkişaf edir?

1. Artıq çəkidən, hərəkətsizlikdən və yaxud ağır fiziki iş rejimindən, mexaniki olaraq diz oynaqları zədələnir, artroz inkişaf edir.

2. Diz nahiyəsi dəfələrlə travmalar alarsa və ya ciddi xarakterli cərrahi müdaxilə olarsa o zaman  qığırdaq sisteminin qidalanmasında problemlər yarana bilir, artroz inkişaf edir.

3. İltihabı xəstəliklər nəticəsində diz oynağında distrofik proseslər inkişaf edir və artroza səbəb olur. Bu xəstəliklərə aiddir: artrit, podaqra, psoriaz, revmatoid artrit, spondiloartrit.

4. Maddələr mübadiləsinin pozulması (metabolizm xəstəlikləri) nəticəsində qidalanma prosesinin ləngiməsi (yaş faktoru ilə bağlı orqanizmin zəifləməsi də daxildir), həmçinin artroza səbəb olur.

Qonartrozun etiologiyası

Qonartroz, 1-ci mərhələ – xəstəliyin ilkin inkişaf prosesinə aiddir. Bu zaman ağrılar zəif olur və yaxud hiss olunmur. Rentgenoqrafiyada artikulyar boşluğun bir az daralması, cüzi şəkildə subxondral skleroz müəyyən edilir. Xəstə hərəkət edən zaman və ya sonra meydana gələn ağrılardan şikayətlənir. Xüsusən pilləkənlərdən enərkən və qalxarkən, bəzən də ayaq üstə uzun müddət qaldıqdan sonra ağrılar tapılır.

Bu səbəbdən dizlərinizdə az da olsa narahatlıq hissləri varsa həkimə (revmotoloqa, artroloqa, ortopedə və yaxud terapevtə)   müraciət edin. Məhz bu mərhələdə müalicə daha effektli olur.

Qonartroz, 2-ci mərhələ – rentgenoqrafiyada artikulyar boşluğun daralması halı normaldan 2-3 dəfə çoxdur, subxondral skleroz daha qabarıq olur, artikulyar boşluğunun kənarlarında sümük böyümələri (osteofitlər) görünür. Klinik olaraq – mülayim bir ağrı sindromu, oynaq hərəkətlərin məhdudlaşması, əzələ hipotrofiyası nəticəsində axsaqlıq qeydə alınır. Bəzən ağrılar intensivləşir, xəstə güclü rahatsızlıq hissləri yaşayır, rahatlaşandan sonra ağrılar və rahatsızlıq hissləri yox olur. Bəzən də diz oynaqlarda iltihabı proseslər gedir, genişlənmə-şişmə baş verir, boşluqlarda eksudativ maye yığılır (sinovit). Bəzən də Beyker kistası əmələ gəlir – Bu diz nahiyəsində yırtığa deyilir, həmçinin diz yırtığı xəstəliyi kimi tanınır. Sinoval maye, dizin arxa hissəsində toplanaraq şişir. Toxunan zaman oynaq sahəsində istilik və sərtlik hiss olunur. Qısa zamanda yüngül fiziki hərəkətdən sonra sərtlik çəkilir. Ayağın diz sahəsində vizual olaraq dəyişiklik qeydə alınır.

Qonartroz, 3-cü mərhələ – klinik olaraq davamlı ağrılar olur, xəstə oynaqları açılıb-bağlamaqda çətinlik çəkir, ağrılar bəzən şiddətli xarakter alır. Ağrı xəstəni gecə-gündüz, istirahət edərkən və gəzərkən narahat edir. Xəstə ağrı əlamətlərinin şiddətini azaltmaq üçün tez-tez mövqeyini dəyişməli olur.

Ətrafların oynaq və sümüklərində deformasiya vizual olaraq görünür. Dayaq-hərəkət sistemində qeyri-sabitlik (bud və aşağı ətrafların əzələlərinin atrofiyası ilə xarakterizə olunur) yaranır. Xəstənin yerişi qeyri-sabit vəziyyət aldıqda isə əsadan istifadə etmək məcburiyyətində qalır və yaxud kənar şəxslərin köməyinə ehtiyacı olur.

Rentgenoqrafiyada çox sayda deformasiya ocaqları aşkarlanır. Subxondral nekroz və yerli osteoporoz sahələri, artikulyar səthlərinin əhəmiyyətli dərəcədə deformasiyası və sklerozu aşkar olunur. Həmçinin artikulyar boşluq demək olar ki, tamamilə yox olur, oynaqların kənarlarında geniş sümük böyümələri (osteofitlər) qeydə alınır.

Qonartroz xəstəliyinin klinik əlamətləri

Qonartroz tədricən inkişaf edir. İlkin inkişaf mərhələdə, fiziki fəaliyyətlə ağırlaşan, darıxdırıcı küt oynaq ağrılarından xəstə əziyyət çəkir. Proses dərinləşdikcə narahatlıq hissi yaradan zəif ağrılar güclənir. Adətən havanın dəyişilməsi zamanı (yaş, küləkli, soyuq havalarda) ağrılar artır.

Qonartroz xəstəliyi zamanı oynaqlarda qığırdaq toxuması tədricən parçalanır, məhv olur, diz oynaqları şişir, deformasiyaya uğrayır, hərəkətliyini itirir, əzələ-skelet sisteminin funksiyalarının pozulmasına səbəb olur.

Qonartroz artdıqca əlamətlər də çoxalır. Dizlərdə şaqqıltı əmələ gəlir, hərəkət edən zaman aydın şəkildə eşitmək olur, bəzən də yanında dayananlar da şaqqıltını eşidə bilir. Şaqqıltı dizə düşən təzyiqdən, dizləri bükdükdə, oturub durduqda tapılır. Çox zaman şaqqıltı ilə yanaşı bir-birinə sürtünməsi də hiss olunur. Bu vəziyyət çox zaman əlavə əlamətlər olmadan uzun müddət davam edir.

Qonartrozun diaqnostikası

Qonartrozu və dərəcəsini müəyyən etmək üçün həkim-revmotoloq (artroloq, ortoped və yaxud terapevt) xəstəni vizual müayinə edərək sorğu-sual  edir, şikayətlərini dinləyir. Diaqnozun təsdiqlənməsi üçün ilk öncə rentgenoloji müayinə təyin edir. Başlanğıc mərhələdə oynaqlarda dəyişikliklər görünməyə bilər.

Həmçinin diaqnozu təsdiqləmək üçün daha dərin və dəqiq müayinə üsullarından kompüter və maqnit-rezonans tomoqrafiyadan (qısaldılmış KT və MRT) istifadə olunur. Oynaqlarda çatları və nahamarlığı, hər-hansı bir dəyişikliyi görmək mümkün olur.

Qonartrozun diferensial diaqnostikası

Qonartrozu oxşar əlamətləri olan revmatik artritdən, kristal mənşəli artritdən və spondiloartritdən diferensiasiya etmək lazımdır. Diferensial diaqnostika mütləq xəstəliyin ilkin inkişafı dövründə aparılması vacibdir.

Hörmətli oxucular! Yazını dərc eləmək və yaxud paylaşmaq istəyirsinizsə, buyurun! Amma müəllifin zəhmətinə hörmət edib mənbəni göstərməyi unutmayın. “bizimtebib.az”

Next Post

Koronavirus COVID-19 müalicəvi üsul!

Ca Apr 9 , 2020
Koronavirus COVID-19