Şəkərli diabet xəstəliyi

diabet005

Şəkərli diabet xəstəliyi nədir?

II-ci tip şəkərli diabet xəstələri nəyi biəməlidirlər?
Şəkərli diabet xəstəliyi hal-hazırda müalicəsi mümkün olmayan xəstəliklər sırasına aiddir. Xəstə bilməlidir ki, xəstəliyə qarşı pəhriz və müalicə etmədən uzun illər yaşamaq mümkün deyil. Hər bir xəstə ömrünü uzatmaq üçün pəhriz etməli və müntəzəm olaraq müalicə almalıdır.
Xəstə, xəstəliyinin nə dərəcədə ciddi xarakter daşıdığını və müalicənin vacibliyini unutmamalıdır. Həkim mütəxəssis tərəfindən təyin olunmuş dərmanı (dərmanları) təyinata uyğun olaraq vaxtı-vaxtında qəbul etməlidir. Əks halda xəstəlik kəskinləşə və ya ağırlaşa bilər.
Şəkərli diabet xəstəliyinin verdiyi ağırlaşmaları müalicə etmək heç də asan başa gəlmir. Çünki müalicənin effektli aparılması üçün xəstənin qanda şəkərin miqdarı norma çərçivəsinə salınmalıdır. Bir qayda olaraq sağlam insanların qanında şəkərin miqdarı 3.3-6,5 mmol/l olur. Xəstələrdə isə normal sayılan hədd ac qarına 7,0 və qida qəbulundan sonra 9,9 mmol/l-ə qədər arta bilir. Belə bir fərqin olmasının özü müalicənin kifayət qədər effektli getməsinə mane olur. Odur ki, intensiv müalicə dövründə xəstənin qanındakı şəkərin miqdarı ciddi nəzarət altında saxlanılmalıdır.
Şəkərli diabet xəstəliyi əlamətlər:

1. Sidik ifrazının tezləşməsi, orqanizmin susuzlaşması və güclü susuzluq hissləri;
2. Kifayət qədər qida qəbuluna baxmayaraq çəkinin sürətlə azalması və yaxud artması;
3. Qanda şəkərin daima yüksək olması;
4. Zəiflik və taqətsizlik;
5. Gözlərin zəifləməsi;
6. Cinsi zəifliyin yaranması və aktivlik problemi;
7. Ətraflarda ağrıların tapılması və keyiməsi;
8. Ayaqlarda ağırlıq hissləri;
9. Başgicəllənmə;
10. İnfeksion xarakterli xəstəliklərə qarşı həssaslıq;
11. Yaraların və zədələnmiş toxumaların gec sağalması;
12. Bədən hərarətinin normadan aşağı düşməsi;
13. Tez yorulma;
14. Baldır əzələlərinin qıc olması və s.
Qanda şəkərin miqdarı çoxalan zaman meydana çıxan ilkin patoloji əlamətlər:
• Yatızdırılmayan susuzluq – xəstə bir az öncə maye qəbul etməsinə baxmayaraq, yenidən susuzluq hiss edir və susuzluğu yatızdıra bilmir.
• Siyimə aktı tezləşdiyi üçün həm gündüz, hə də gecə saatlarında xəstəni tez-tez narahat edir.
• Yorğunluq, yüngül bədən ağrıları, taqətsizlik və s. əlamətlər xəstəni fasiləsiz olaraq müşayiət edir.
Patoloji əlamətlər hamısı mütləq deyil ki, eyni zamanda özünü büruzə versin, amma qanda şəkərin miqdarı tezliklə nizamlanmasa, o zaman proses ağırlaşacaq. Əgər şəkərin miqdarı qanda daima yüksək olarsa, onda ürək-damar, mədə-bağırsaq, sinir sistemi, qara ciyər, böyrəklər, gözlər və baş beyini zədələnə bilər. Zədə alan orqanlar öz funksiyasını yerinə yetirə bilmədiyindən proses sürətlənəcək. Nəticədə mövcud ağırlaşmaları müalicə etmək çətinləşəcək və yaxud mümkünsüz olacaq.
Şəkərin miqdarı qanda patoloji qalxırsa, o zaman xəstə həkimin belə vəziyyət üçün təyin etdiyi dozada dərman qəbul etməlidir ki, miqdarı norma çərçivəsinə ensin. Şəkərli diabet xəstəliyi zamanı bəzən şəkərin miqdarı qanda kəskin düşə bilir. Bu adətən ac qaldıqda, qida qəbulunu gecikdirəndə, dərmanı artıq dozada qəbul etdikdə, gərgin fiziki aktivlikdən və ya dərman qəbul edib qida qəbul etmədikdə baş verə bilər. Xəstə bilməlidir ki, şəkərin qanda kəskin düşməsi eyni ilə həyat üçün təhlükəlidir.
Qanda şəkərin miqdarı kəskin düşdükdə əlamətlər var ki, dərhal özünü büruzə verir. Vaxtında tədbir görmək üçün həmin əlamətləri bilmək çox vacibdir .

Şəkərli diabet – video

Yüngül formasında özünü büruzə verən əlamətlər:
1. Aclıq hissinin güclənməsi;
2. Ürək döyüntüsünün tezləşməsi;
3. Bədənin əsməsi;
4. Titrəmə;
5. Baş gicəllənməsi;
6. Dərinin soyuq olması;
7. Qorxu və güclü həyəcan hissləri;
8. Narahatlıq hisslərin müşayiət etməsi;
9. Ümumi zəiflik, taqətsizlik.
Xəstə bu əlamətləri özündə hiss edirsə, o zaman yaxşı olar ki, qanda şəkərin miqdarını yoxlasın. Şəkərin qanda miqdarı aşağıdırsa, o zaman tərkibində asan həll olunan karbohidratlar olan qida məhsullarından az miqdarda qəbul etmək lazımdır. Misal üçün bu 2-3 tikə qənd, 1 stəkan meyvə şirəsi, 1 stəkan kəmşirin çay və yaxud 1 çay qaşığı bal ola bilər.
Qanda şəkərin miqdarı vaxtında nizamlanmasa, o zaman miqdarı kəskin düşə və xəstə aşağıdakı əlamətlərlə üzləşə bilər:
1. Fikrin dolaşıqlığı;
2. Koordinasiya pozğunluğu;
3. Nitqin tutulması və ya dilin dolaşıqlığı;
4. Qıc olma halları;
5. Komaya düşmə (ağır vəziyyət).
Ağırlaşmaların qarşısını almaq üçün, xəstə bir neçə ehtiyat tədbirlərinə riayət etməlidir. Həmişə üzərində qanda şəkərin miqdarını artıra bilən qida məhsulları gəzdirməlidir. Bu bir neçə tikə qənd, konfet və yaxud şirin içki ola bilər.
Siz qanda şəkərin miqdarını %-lə hesablamaq istəyirsinizsə o zaman mmol/l-lə alınan rəqəmi 18-ə vurmalısınız məsələn, 5,5 (mmol/l) x 18 = 99 (mq%) və yaxud əksinə 140 (mq%) : 18 = 7,8 (mmol/l) alınır. Qanda şəkərin miqdarını ölçmək üçün müasir cihazlarda hər iki üsulla ölçməyə keçid vardır. Sizə rahat olan bir üsulu seçib istifadə edirsiniz.
Bütün xəstələr üzərində şəkərli diabet xəstəsi olduğunu bildirən qeydiyyat kartı gəzdirməlidirlər. Kartda hansı tip diabet xəstəsi olduğu, qohumlarının və müalicə həkiminin telefon nömrələri, dərmanı və qəbul qaydaları haqqında qeydlər olmalıdır.
Şəkərli diabet xəstələri tələb olunan şərtlərə mütləq əməl etməlidirlər. Əsas məqsəd qanda şəkərin miqdarını norma çərçivəsində saxlamaqdan ibarətdir. Əgər xəstə tələblərin şərtlərinə əməl etməyi bacarsa, o zaman səhhəti sağlam insanların səhhətindən heç də fərqlənməyəcək.
Təbii ki, şəkərin miqdarını qanda nizamlamaq ilk zamanlar çətin olur. Amma bir müddətdən sonra ağır görünən proseduralar vərdiş halına düşür. Ondan sonra xəstə heç bir çətinlik çəkmədən qanda şəkərin miqdarını tənzimləyə bilir. Buna o pəhriz və fiziki aktivlik hesabına nail olur. Dərmanın hansı dozada qəbulunu isə həkim mütəxəssis təyin edir.
Şəkərli diabet xəstələrinin böyrəklərinin sağlam olması, onların həyatının uzadılması deməkdir. Çünki qanda şəkərin miqdarı qalxanda əlavə şəkər böyrəklər vasitəsi ilə xaric olunur. Əgər böyrəklərin funksiyası pozularsa o zaman şəkərin orqanizmdən təmizlənməsi prosesi ləngiyər və ümumilikdə orqanizmə təsiri bir sıra vacib orqanların funksional işinə mənfi təsir göstərəcəkdir.
Faktiki olaraq şəkərli diabet xəstəliyi zamanı böyrəklər daima təzyiqə məruz qalır və zədələnir. Nəticədə nefropatiya adlanan böyrək xəstəliyi inkişaf edir. Nefropatiya inkişaf edərsə, o zaman ağırlaşma verib böyrək çatışmamazlığı ilə nəticələnə bilər. Böyrək çatışmamazlığı zamanı böyrəklərin filtr sistemi zədələnir, funksional işini tam olaraq yerinə yetirə bilmir.
Nefropatiya zamanı böyrəklərdən orqanizm üçün vacib, albumin adlanan zülal süzülür. Zülalın az miqdarda belə itkisi, yəni sidikdə tapılması onun zədələnməsinə işarədir. Əgər vacib albuminin miqdarı qanda azalarsa, o zaman qanda olan fizoloji maye damarların divarlarından sızaraq bədənin həssas nahiyələrində şişkinlik yaranacaq. Şişkinlik daha çox ayaqları hədəf alsa da üz nahiyəsində vaxtaşırı şişkinlik (ödəm) qeydə alınır.

Böyrək çatışmamazlığının əlamətləri

Ağızda pis dad, ayaqlarda narahatlıq, şişkinlik, iştahanın, yuxunun pozulması, həzm pozğunluğu, əzginlik, yorğunluq, öyümə, qusma və s.
Şəkərli diabet fonunda inkişaf edən ciddi böyrək çtışmamazlığı zamanı xəstə dializ (qanın əlavə maddələrdən təmizlənməsi) olmalıdır, yoxsa vəziyyəti ağırlaşar və həyatını qurtarmaq mümkün olmayacaq.
Böyrək zədələnməsinin və çatışmamzlığının qarşısını almaq xəstənin yaşaması üçün vacibdir. Xəstə müalicəni təxirə salmamalıdır ki, problemlərlə üzləşməsin. Qanda şəkərin norma çərçivəsində saxlamaq üçün həkimin tövsiyələrinə ciddi əməl etməlisiniz ki, problemlər yaşamayasınız.
Şəkərli diabet xəstəliyi fonunda tədricən cinsi zəiflik inkişaf edə bilər. Adətən buna fiziki və psixonevroloji faktorlar səbəb olur. Qanda şəkərin miqdarı yüksək olarsa, o zaman siz yorğunluq və zəiflik hiss edəcəksiniz. Belə olan halda hissiyyatınız zəifləmiş olur. Lakin qanda şəkərin miqdarını tənzimləyə bilsəniz, yarana biləcək problemlər sizdən yan keçəcək. Sidik yollarında infeksiyaların daima mövcudluğu da cinsi zəifliyin inkişafını sürətləndirir.
Sidik yollarında infeksiyanın olmasının əlamətləri: sidik ifrazının tezləşməsi, bu zaman ağrıların olması, yanğı hissləri, sidiyin rənginin bulanıq və ya tünd qırmızı rəngdə olması, bel və qarın nahiyələrində ağrı, temperaturun bəzən qalxması, üşütmə halları və s.
Şəkərli diabet xəstəliyi zamanı ayaqlarda tapılan ağrılar da cinsi hissiyyatının zəifləməsinə səbəb olur. Adətən bu problem daha çox özünə kifayət qədər qulluq göstərməyən kişilərdə inkişaf edir. İmpotensiya problemini aradan götürmək üçün kişilər mütəmadi olaraq uroloq-androloq həkimə müraciət etməlidirlər. Qanda şəkərin miqdarını norma çərçivəsində saxlamağı bacaran xəstələrdə adətən impotensiya problemi yaranmır.
Kişilərdə şəkərli diabet fonunda impotensiyaya səbəb olan faktorlar: kişi cinsi orqanının sinirlərinin və damarlarının zədələnməsi, psixoloji gərginlik, stressin yaşanması və müalicənin təxirə salınması. Əgər siz son zamanlar cinsi zəifliyinin artdığını hiss edirsinizsə, dərhal həkimə müraciət edin. Vaxtında reaksiya verməklə problemi aradan qaldırmaq çətin olmayacağını düşünün. Əks təqdirdə impotensiya problemi sizin gələcək həyatınızı büst-bütün dəyişə bilər.
Qadınlarda şəkərli diabet fonunda adətən hissiyyatsızlıq inkişaf edir. Sinirlər zədələndiyi üçün bu baş verir. Uşaqlıq yolunun infeksiyaları vəziyyəti daha da kəskinləşdirir və problemlər üst-üstə toplanır. Bu səbəbdən də qadınlar mütəmadi olaraq ginekoloq müayinəsindən yararlanmalıdırlar.
Uşaqlıq yolunun infeksiyalarının əlamətləri: ağ qatı ifrazat, qaşınma, yanğı hissi, qızartı və s. Adətən şəkərin qanda qalxması iltihab prosesinin sürətlənməsinə səbəb olur. Nəticədə bir sıra problemlər yaranır ki, cinsi əlaqəni mümkünsüz edir. Bir qayda olaraq şəkərli diabeti olan insanlar infeksion xəstəliklərə qarşı çox həssas olurlar və bu səbəbdən özlərini infeksiyalardan qorumağa daha çox səy göstərməlidirlər.
Şəkərli diabet zamanı ən çox zədələnən ürək, baş beyini və aşağı ətrafların damarlarıdır. O cümlədən böyrək və göz damarları qaçılmaz zədələrə məruz qalır. Zədələrdən qorunmaq üçün xəstələrin daima profilaktik tədbirlərə ehtiyacları vardır. Şəkərli diabet xəstələrdə arterial təzyiq xəstəliyi də sürətlə inkişaf edir. Bu səbəbdən də vaxtaşırı həkim müayinəsindən keçməlisiniz. Beləliklə siz inkişafda olan xəstəlikləri onun ilkin inkişaf mərhələsində aşkarlamaq imkanı qazanacaqsınız.
Şəkərli diabet xəstələri müntəzəm olaraq yüngül fiziki işlə və ya idmanla məşğul olmalıdırlar. Birdən-birə fiziki aktivlikdən qanda şəkərin miqdarı kəskin düşə bilər. Uzunmüddətli fiziki passivlikdən isə şəkərin miqdarını tənzimləmək çətin olacaq. Xəstələr stress situasiyalara həssas olurlar və hər dəfə stress keçirdən xəstənin daxili orqanları zədələnir. Ona görə də ətrafda baş verən hadisələrə reaksiya verməməyə çalışın.

Distal simmetrik polineyropatiya

Distal simmetrik polineyropatiya ayaq pəncəsi, ayağın aşağı hissəsi, bəzən də əl barmaqlarının sinirlərinin zədələnməsidir.
Əlamətləri:
• Ətrafların soyuq olması və keyiməsi;
• İynəbatırma və yanğı hissləri;
• Qaşınma;
• Dəridə “qaçan qarışqalar” hiss etmək;
• Əzələ zəifliyi;
• Dəridə göynəmələr, ağrılı olması;
• Cərəyan vurma hissləri;
Əgər bu əlamətlərin bir neçəsini siz müşahidə edirsinizsə, mütləq həkiminizə müraciət edin. Bu əlamətlər adətən gecə saatlarında daha çox hiss olunur və narahat edir. Amma qalxıb hərəkət etdikdən bir müddət sonra yox olur.
Şəkərli diabet xəstələri bilməlidirlər ki, ildə 2 dəfə fundamental müalicə almaq vacibdir. Müalicədən sonra profilaktik tədbirlər davam etdirilməlidir. Fasiləsiz profilaktika ona görə lazımdır ki, xəstə heç bir ağırlaşma olmadan yaşaya bilsin. Bu səbəbdən də müalicə və profilaktikanı həyat tərzinizə uyğunlaşdırmalısınız.
Şəkərli diabet xəstəsi bilməlidir ki, ildə azı iki dəfə fundamental müalicə almaq vacibdir. Müalicədən sonrakı dövrlərdə profilaktik tədbirlər davam etməlidir. Daima profilaktika ona görə lazımdır ki, xəstə ömrünün sonuna qədər heç bir ağırlaşma ilə üzləşməsin. Bu səbəbdən də müalicə və profilaktikanı həyat tərzinizə uyğunlaşdırmalısınız.
Müalicə kompleks şəklində aparılır, vacib orqanların funksional işi bərpa olunur. Qida pəhrizi, qida məhsulların keyfiyyəti, xəstələr üçün dərman qədər vacib və əvəzolunmazdır. Ona görə də orqanizm üçün faydalı olan qida məhsullarını gündəlik rasiona əlavə etməyə çalışın.

Şəkərli diabet xəstələri üçün faydalı qida məhsulları

Qarabaşaq, göy noxud, maş və mərcidən hazırlanmış yeməklər rasionda tez-tez olmalıdır. Bu o demək deyil ki, düyü, lobya, paxla, və s. məhsulları qəbul etməməlisiniz. Sadəcə bu məhsulları rasionda ciddi azaldın və birdən-birə çox miqdarda qəbul etməyin.
Soğan, yerkökü, kahı, badımcan, kələm, qırmızı çuğundur, yerpənək, şirin bibər, cəfəri, reyhan, keşniş, ispanaq, pomidor və göy lobya rasionda kifayət qədər olmalıdır. Digər tərəvəzlərdən də nisbətən az miqdarda qəbul etmək olar. Bostan məhsullarından isə yalnız boranıdan istifadə edə bilərsiniz.
Meyvələrdən birdən-birə çox qəbul etmək olmaz. Şirinliyi yüksək olan meyvələrdən isə imtina etməlisiniz məsələn, üzüm və xurma. Elə növ meyvələr və giləmeyvələr var ki, tərkibində yüksək miqdarda şəkər vardır. Bu səbəbdən də qəbul edəcəyiniz meyvənin şirinliyi çoxdursa yalnız çox kiçik həcmdə qəbul etmək olar.
Ayran, qatıq və yağsız pendiri gündəlik rasiona əlavə edin. Lakin çox miqdarda qəbulu yol verilməzdir. Ət və ət məhsullarının qəbuluna icazə verilir, o şərtlə ki, ət piydən tamamilə ayrılmalıdır. Ev quşlarının piydən və dərisindən də imtina edin. Balıq əti isə xəstələr üçün faydalı qida sayılır. Ona görə də məsləhət görülür ki, balığa daha çox üstünlük verəsiniz.
Xəstələr bütün yeməklərini bitki yağlarında hazırlamalıdırlar. Gün ərzində 15-20 qram kərə yağının istifadəsi isə mədə-bağırsaq sisteminin fəaliyyətinə müsbət təsir göstərəcək. Gün ərzində 200 ml-ə qədər əlavə qatqısız meyvə şirələri qəbul etməyə icazə verilir. İstifadə etdiyiniz şirənin təbii şirinliyi yüksək olmamalıdır.
Gün ərzində xəstə 1 toyuq yumurtası zülal mənbəyi kimi qəbul edə bilər. Çörəkdən istifadə etməyə adətən qadağa qoyulur. Əslində xəstə yemək yeyən zaman 1-2 dilim çörək qəbul edə bilər. heç də düşünməyin ki, boz və qara çörək faydalıdır və istədiyiniz qədər ondan istifadə edə bilərsiniz. Əslində tərkib hissəsinə görə çox da fərqlənmirlər. Xörək duzundan mümkün qədər az istifadə edin, amma tamamilə istifadə etməməyin isə ziyanı vardır.

Şəkərli diabetdə qəbuluna qadağa qoyula qida məhsullar

Tərkibində şəkərin miqdarı çox olan bütün növ şirniyyatlar (bal, tərkibinə şəkər əlavə olunmuş şirin sular, şirələr, kompotlar və s.). Kolbasalar, konservləşdirilmiş ət, balıq, hisə verilmiş ət, balıq və quş. Süd, xama, qaymaq, mayonez, yağlı pendirlər, marqarin, əridilmiş piylər, spirtli içki növləri. Təbii ki, qadağa sərt deyil, adı çəkilən qidalardan alternativ qida mənbəyi kimi az miqdarda qəbul etmək olar. Amma heç vaxt ehtiyatı əldən verməyin. Pəhriz edib ömrünüzü uzatmaq şəxsi iradənizdən asılıdır.

Şəkərli diabet xəstəliyinin müalicəsi

Müalicə və profilaktika prinsipinə daxildir:
– dərman preparatların təyinatı
– müalicəvi bitki çayları
– qida pəhrizi (xəstəyə onun təbiətinə uyğun qida rasionu tərtib olunur)
– həyat tərzi ilə bağlı göstərişlər

Diqqət! Əgər müalicə almaq istəyirsinizsə həkimlə əlaqə yaradın və xəstəliyinizlə bağlı məlumatı göndərin. Sizinlə əlaqə yaratmaq üçün telefon nömrənizi qeyd edin.

Adınız və soyadınız (vacib)

Sizin E-mail (vacib)

Mövzu

Məlumat

You may also like...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir