Ürəyin işemik xəstəliyi nədir?

Ürəyin işemik xəstəliyi – ürəyin tac damarlarının birində və ya bir neçəsində ötürücülük qabiliyyətinin mütləq və ya nisbi pozulması ilə xarakterizə olunan patoloji vəziyyətdir.

Ürəyin işemik xəstəliyi bu gün dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. Təəssüflər olsun ki, müasir dərman preparatların köməyi ilə bu xəstəliyi tam olaraq müalicə etmək mümkün deyil. Çünki dərmanlar damarlarda mövcud aterosklerotik düyünləri (piy yığımı) əritmək gücündə deyil.

Damardaxili piy qatları illər keçdikcə böyüməyə başlayır və ürəyi oksigen və qida maddələri ilə təchiz edən damarların ötürücülük imkanını azaldır. Nəticədə ürək infarktı təhlükəsi artır. Belə olan halda koronar aortasının şuntlaması – ağır cərrahi əməliyyata ehtiyac yaranır.

Bütün bunlara baxmayaraq ruhdan düşmək lazım deyil. Müasir dövrün kifayət qədər alternativ müalicə metodları vardır. Ona görə də ürək nahiyəsində tez-tez baş verən tutmaşəkilli ağrılara biganə qalmaq lazım deyil. Yaxşı olar ki, Kardioloqa müraciət edəsiniz. Həkim məsləhət görürsə kardiocərrah həkimə müraciət etməlisiniz. O, faktiki vəziyyətinizi dəyərləndirəcək, sizi bir sıra vacib müayinələrdən keçirdəcək.

Ürəyin işemik xəstəliyinin yaranma səbəbləri

Yaş keçdikcə tac arteriyanın daxili divarında müxtəlif səbəblərdən zədə ocaqları əmələ gəlir və həmin ocaqlarda piy toxumaları çöküntüyə uğrayır. Bu piy yığımı aterosklerotik düyün adlanır. Zaman keçdikcə həmin düyünlər birləşib böyüyür, ötürücülük imkanı məhdudlaşır və ürək qida aclığına məruz qalır. Məhz bu zaman ürək nahiyəsində stenokardiya ağrıları peyda olur.

Ürəyin işemik xəstəliyinin əlamətləri

İşemiya xəstəliyi zamanı ürəyin funksional işi qeyri stabil vəziyyət alır. Xəstə ürək nahiyəsində fiziki aktivliyindən asılı olaraq müxtəlif intensivlikdə ağrılar hiss edir. Dəyişiklikləri elektrokardioqramma çəkdikdə görmək olur.

Ürək işemiyasına şübhə  edən hər kəs vaxtı təxirə salmadan müayinədən keçməlidir. Çünki xəstəliyi onun başlanğıc mərhələsində aşkar edib müalicə etmək daha asandır. Xəstə vacib pəhrizini saxlayıb dərman qəbul etməklə xəstəliyin inkişafına mane olur. Bu da xəstəni ciddi problemlərlə üzləşmədən qoruyur və  ömrünü uzatmaq imkanı yaradır.

Vacib əlamət ürək nahiyəsində narahatlıq hissləri erkən işemik prosesdən xəbər verir. Narahatlıq hisslərini xəstə ürəklə paralel bel nahiyəsində də hiss edə bilər. Diaqnostik əhəmiyyəti olan əlamət aktiv hərəkət zamanı və yaxud emosional gərginlik zamanı ağrının tapılmasıdır. Həmçinin “nitroqliserin” qəbul etdikdə tez zamanda ağrının və yaxud narahat hisslərin çəkilməsidir.

Ürəyin işemiyasına şərait yaradan səbəblər

  • Arterial təzyiq xəstəliyi (arterial təzyiqin normanı aşaraq davamlı şəkildə yüksək həddə qalmasıdır).
  • Hərəkətsizlik, yəni fiziki aktivsizlik.
  • Artıq çəki probleminin olması.
  • Çox sayda siqaret çəkmə.
  • İrsi faktor.
  • Şəkərli diabet.
  • Psixoemosional gərginliyin çox olması.
  • Keyfiyyətsiz qida məhsullarının qəbulu

Təbii ki, sadalanası faktorlar daha çoxdur, amma qeyd olunanlar işemiya xəstəliyinə daha çox şərait yaratmış olurlar.

Ürəyin işemiya xəstəliyinin diaqnozunu dəqiqləşdirmək üçün əsasən Rentgenkontrast müayinə, işemiya ocağını və onun xarakterini aşkarlaya bilən Koronar anqioqrafiyadan istifadə olunur. Müayinəni xüsusi hazırlıq görmüş həkim personalı icra edir.

Hər kəs bilməlidir ki, bu xəstəliyin hədəfi ola bilər. Bu səbəbdən mütəmadi olaraq müayinədən keçməlidir ki, patoloji faktorların olub-olmadığını aşkarlasın. Məhz profilaktik tədbirlərin görülməsi sizi bu xəstəliyin caynağından qurtara bilər.

Həmçinin keyfiyyətli qidalanma prinsipinə əməl edib sağlamlığınızı qoruyub saxlaya biləcəksiniz. Məlumat üçün “Qarışıq qidalanmanın əhəmiyyəti” adlı yazını oxuyun.

You may also like...