Aortal stenoz

Aortal stenoz (daralması, qısa AS) – bədənin ən iri arteriyası sayılan, bütün bədənə qan aparan aortanın daralması. Stenozun yerindən asılı olaraq 3 növü ayırd edilir. Ən yayqın biçimi valvulyar (qapaq) daralmadır (75-80%). Aortal qapaq ürəyin sol mədəciyi və aorta arasında yerləşir. Sol mədəciyin və ürək çəpərinin əzələ kütləsinin böyüməsi və sol mədəciyin çıxış yolunun daralmasıyla səciyyələnən hipertrofik kardiomiopatiya da qazanılmış aortal stenozlardan sayılır.

Etiologiya
70 yaşından erkən özünü büruzə verən aortal qapaq stenozu çox vaxt anadangəlmə ikitaylı aortal qapaq qüsuruyla bağlıdır. Anadangəlmə aortal qapaq stenozu daha çox kişi şeylaqlarında rast gəlinir, aortanın koarktasiyası və qalxan hissəsinin genişlənib yırtılmaya (disseksiya) uğramasına səbəb ola bilər.

Növləri
Aortanın 3 yerində anadangəlmə daralma ola bilər:

Qapaq stenozu (valvulyar stenoz)
Qapaqüstü stenoz (supravalvulyar stenoz)
Qapaqaltı stenoz (subvalvulyar stenoz)

Əlamətlər
Xəstəliyin simptomları qüsurun dərəcəsindən asılıdır. Çox vaxt yüngül və orta dərəcəli qüsurlu insanlar şikayətsiz olur, və xəstəlik özünü ağır dərəcəyə çatanda büruzə verir. İlk bəlirti fiziki iş zamanı ortaya çıxan təngnəfəslik ola bilər: o, da o qədər xəfif ola bilər ki, xəstə onu sezməyə bilər. Başqa simptomlar sinə anginası (sinə ağrısı), bayılma (bayılma, angina, tövşüma = BAT triosu – ingiliscə SAD trio) qəfləti ölüm ola bilər.

Stenokardiya
Stenokardiyası (sinə anginası) olan xəstələrin 5 il ərzində ölmə ehtimalı 50%-dir. Sinə ağrıları sol mədəciyin genişlənməsi sonucunda meydana gəlir: yüksək basınc qradientini dəf etmək üçün sol mədəciyin divarı genişlənir, ancaq tac arteriyalarından gərəkən daha yüksək qan təchizatını ala bilmir. Sinə ağrıları fiziki iş zamanı əmələ gəlir. Bu mərhələdə veloerqometriya müayinəsi işemiyanı aşkalaya bilər.

Bayılma
Aortal qapaq daralması zamanı meydana gələn bayılmalar çox vaxt fiziki iş vaxt olur. Qüsur aradan qaldırılmazsa, bayılması olan xəstənin 3 il içində ölmə ehtimalı 50%-dir.

Ürək çatışmazlığı
Ürək çatışmazlığı simptomları [paroksizmal (qəfləti) gecə təngnəfəsliyi, ortopnoe (məcburi oturaq vəziyyət), fiziki iş zamanı tövşümə) bir neçə səbəbdən əmələ gələ bilər:

diastolik ürək çatışmazlığı – sol mədəciyin qalınlaşıb boşala bilməməsi nəticəsində meydana gəlir.
sistolik ürək çatışmazlığı – sol mədəciyin pompalama (yığılma, nasos) gücünün azalması sonucunda ortaya çıxır.
işemiya (ürək toxumalarının qan təchizatının pozulması)
yuxarıda çəkilən səbəblərin bir və ya bir neçəsinin eyni zamanda mövcudluğundan.

Ağırlaşmalar
Mümkün olan ağırlaşmalar:

Qəfləti ürək ölümü
Ürək çatışmazlığı
Keçiricilik pozuntuları
Kirəcli embolizasiya (damar tıxanması)

Müalicə
Aortal qapağın dəyişdirilməsi
Simptomlu xəstələrdə açıq cərrahi yolla aortal qapağın dəyişilməsinə (AQD) göstəriş var. Qapaq protezləri iki cür olur: bioloji və süni (mexaniki). Protezlərin seçimi xəstədə yaşama gözləntisindən və antikoaqulant maddələrə (qan durulaşdırıcıları) dözümlülükdən asılıdır.

Dəriiçi ballonlu qapaq plastikası
Kritiki durumda olan ağır xəstələrdə simptomların yüngülləşməsi (palliativ) və yaxud AQD-ədək aralıq müalicə üsulu kimi perkutan (dəriiçi) ballon valvuloplastikası (qapaqplastikası, DBQP) istifadə olunur. DBQP-dan sonra AS-un yüksək qayıtma ehtimalı və ölüm göstəricisinin azalmaması üsulun əsas nöqsanlarıdır. Ona görə bu müalicə yolunu yalnız ağırdərəcəli AS-da və ya kardiogen şok zamanı aşağıdakı xəstələrdə tətbiq etmək olar:

Yaşama gözləntisi qısa və başqa xəstəlikləri olan xəstələrdə
Açıq cərrahi əməliyyatdan imtina edən xəstələrdə
Ürək çatışmazlığı olan və başqa orqanda (ürək-damar sistemindən xaric) təcili surətdə əməliyyata ehtiyac duyan xəstələrdə

Kritikdərəcəli AS-lu hamilə qadınlarda.
Bu müdaxilə yolunun perforasiya (dəlinmə), ürək infarktı, ağır aortal çatışmazlıq kimi ciddi ağırlaşmaları ola bilər. AS-un müdaxiləardı geri qayıtması yayqın haldır.

Dərman müalicəsi
Dərman seçənəkləri simptomatik AS-da məhduddur. Avropa Kardioloji Qurumunun qılavuzlarına [5] görə, əməliyyat oluna bilməyən xəstələrdə diqoksin, sidikqovucular, AÇF inhibitorları ya da angiotenzin reseptor blokatorları istifadə oluna bilər [3].

Endokarditin önlənilməsi
Aortal qapaq stenozunda bakterial endokarditin önlənməsi üçün artıq antibiotik profilaktika tövsiyyə olunmur

Fiziki fəaliyyət
Yüngül dərəcəli AS zamanı xəstə normal yaşamını davam etdirə bilər. Orta dərəcəli AS-da orta və ağır fiziki işdən və yarışlı idman növlərindən uzaq durmaq gərəkir.

Uzun müddətli monitorinq
AS-un dərəcəsindən və aparılmış əməliyyatdan asılı olaraq xəstələr vaxtaşırı yoxlamalardan keçməlidir:

yüngül AS – hər il anamnez və fiziki müayinə, hər 3-5 ildən bir exokardioqrafiya,
orta və ağır AS – fiziki müayinə ildə 2 dəfə və hər şikayəti olanda. ExoKQ orta dərəcəli AS-da hər iki ildən bir və asimptomatik ağır dərəcəli AS-da hər il keçirilməlidir.
AQD əməliyyatından sonra və hər yeni şikayət zamanı ExoKQ keçirilməlidir.
Süni qapaqlı xəstələr ömürboyu qandurulaşdırıcıları (məs., varfarin) ilə müalicə almalı, və vaxtaşırı qanı analiz olmalıdır.

Next Post

Aortal çatışmazlıq

Ça Okt 13 , 2015
Oxundu: 32. 584 Aortal çatışmazlıq (və ya aortal qaytarma, requrgitasiya) – qanın aortal qapaqdan axının əks istiqamətində aortadan sol mədəciyə sızması sonucunda əmələ gələn ürək qüsuru. Aortal çatışmazlıq qapaqlardakı və ya aortanın kökündəki (başlanğıcında) anormallıqlar nəticəsində meydana gələ bilər. Etiologiya Kəskin aortal çatışmazlığın (AÇ) səbəbləri aşağıdakılar ola bilər: infeksion endokardit aortal […]