Diareya

Diareya —  sulu və tez-tez baş verən nəcis ifrazı. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. Həftədən az davam edən diareya kəskin diarreya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır.

Yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya hər il milyonlarla insanın həyatını alır.

Diareyanın səbəbləri

Diareyanın ən çox rast gəlinən səbəbi virus mənşəli qastroenteritlərdir. Virus infeksiyası mülayim hesab edilir və bir neçə gün ərzində spontan olaraq aradan qalxır. Bu hala bəzən mədə qripi də deyirlər. Virus qastroenteriti adətən məktəbdə, məhəllədə və ya ailədə mini-epidemiya şəklində baş verir.
Qida zəhərlənməsi və səyahətdə olmaq diareyanın digər tez-tez rast gəlinən səbəblərindəndir. Bu növ diareyalar bir qayda olaraq bakteriya və parazitlərlə çirklənmiş qida məhsullarının və ya içkilərin qəbulu üzündən baş verir.

Diareyanın digər səbəbi dərman maddələrinin qəbulu ola bilər. Bu dərmanlara aşağıdakıları qoymaq olar: antibiotiklər, laksativlər (laktuloza), maqnezium tərkibli antiasid dərmanlar (magnesiumhydroxid), ürək qlikozidləri (digitoxin, digoxin), methylxanthine (theophyllin), sidikqovucular (furosemid), qalxanabənzər vəzi hormonları (thyroxin), xərçəng əleyhinə sitostatik dərmanlar.

Bir çox xəstəliklər mövcuddur ki, onların əsas əlamətlərindən biri diareyadır. Bu xəstəliklərin diaqnozu sizin həkim tərəfindən aparılan diaqnostik tədbirlərdən sonra müəyyənləşdiriləcəkdir. Aşağıdakı xəstəliklər diareya törədə bilər:
• Laktosaya qarşı dözümsüzlük kimi malabsorbsiya sindromları
• İltihabi bağırsaq xəstəlikləri (kron xəstəliyi və xoralı kolit)
• Qıcıqlanmış bağırsaq sindromu
• Seliak xəstəliyi
• Zollinger-Ellison sindromu
• Avtomatik veya diabetic neyropatiya kimi sinir pozğunluğu
• Karsinoid sindromu
• Qastroektomiya (mədənin hissəvi çıxarılması)
• Yüksək dozalı radiasiya terapiyası

Hansı insanda diareya riski daha çoxdur?

1. Səyahətçilər. Bunun əsasında enterotoksigenik Escherichia coli, Campylobacter, Shigella, Salmonella durur, Giardia, Cyclospora mənşəli diareya ola bilər.
2. Müəyyən qidaları requlyar qəbul edənlər. Pikniklərdə, banketlərdə və ya restoranlarda tez-tez qidalananlarda toyuq ətindən Salmonella, Campylobacter və ya Shigella, hamburgerdən E. coli, qızardılmış düyüdən Bacillus Aureus, mayonez və ya kremlərdən Staphylococcus aureus və ya Salmonella, yumurtadan Salmonella mənşəli diareya baş verə bilər.
3. İmmunodefisitli insanlar. Anadangəlmə (İgA çatmamazlığı, hipoqammaglobulinenmia, xroniki qranulomatoz xəstəlik) və ya qazanılmış (AIDS, senescence, farmakoloji immunosupressiya) immun çatışmazlığı olan insanlar diareyaya meyilli olur.
4. Gündəlik tibbi xidmət iştirakçıları. Bu qrup insanlarda Shigella, Giardia, Cryptosporidium, Rotavirus mənşəli diareya ola bilər.
5. Nosokominal diareya. Xəstəxanaya qəbuldan 3 gün sonra meydana çıxan diareyanın səbəbi ya istifadə edilən antibiotiklər, ya da xəstəxanadaxili infeksiyadır. Xəstəxanadaxili diareya fərqli mikroorganizmlərdən, xüsusilə də Clostridium difficile-dən qaynaqlana bilər.

Həkimə getməzdən öncə nə etmək olar?

Çoxlu miqdarda maye içməli ki, bədən susuzlanmasın, çünki diareya zamanı orqanizm çoxlu maye itirir. Koffeinləşmiş və spirtli içkilərdən qaçmaq lazımdır. Süd nəcisin boş olmasına səbəb olsa da ehtiyac duyulan maye və qidalanmanı təmin edir. Südün içilməsi mülayim diareya zamanı məqbul hesab edilə bilər. Orta və kəskin diareya zamanı qazsız mineral su daha məqsədəuyğundur. Faydalı bakteriyaların aktiv kulturası (probiotiklər) diareyanın kəskinliyini və onun davametmə müddətini azaldır. Düyü, çörək suxarısı, banan diareya zamanı faydalı ola bilər.

Diareya əleyhinə dərman maddələrinin reseptsiz həddən ziyadə istifadəsindən qaçmaq lazımdır. Bu dərman maddələri bəzi infeksiyaları daha da dərinləşdirə bilər. Nəzərə alın ki, sizdə diareya varsa bu o deməkdir ki, orqanızmıniz nəcis irfazının tezləşməsi yolu ilə onu yarada biləcək səbəbləri (virus, köhnə qida və s.) orqanizmdən xaric etməyə çalışır. Qəbul edilən diareya əleyhinə dərman maddələri isə bu prosesi ləngidir. Odur ki, paralel spesifik müalicə aparmadan diareya ələyhinə dərman maddələrinin uzun müddət qəbul edilməsi məqsədəuyğun deyil.
Əgər sizdə xroniki diareya varsa nəcisə həcm verə biləcək qidaları daha çox qəbul edin. Bunlara düyü, banan və liflərlə zəngin digər taxıl məmulatları daxil edilir.

Hansı hallarda həkimə müraciət etməli?

Aşağıdakı hallarda mütləq həkim müraciət etmək tövsiyə olunur:
• Nəcisdə qan və ya irin olarsa
• Nəcis qara rəngdə olarsa
• Qarında ağrı defekasiya aktından sonra keçmirsə
• Dehidratasiya (susuzlanma) əlamətləri varsa
• Hərarətiniz varsa 38 °C-dən yuxarıdırsa
• Nəcis üfunət iyi verərsə və ya nəcis yağla zəngin görünürsə
• Xarici ölkəyə səfərdən yeni geri dönmüsünüzsə
• Diareyası olan digər insanlarla bir yerdə yemek yemisinizsə
• Hər hansı dərman maddəsini yeni qəbul etməyə başlamısınızsa
• 5 gün əsrzində diareya keçmirsə (uşaqlarda iki gün)

Həkimə müraciətdən nə gözləmək olar?

Həkiminiz fərqli suallar verməklə sizdən xəstəliyin tarixini və xarakterini öyrənməyə çalışacaq. Daha sonra fiziki müayinə üsullarından (qarının əllənməsi, döyəcənməsi, manual rektal müayinə) istifadə edərək diarreyanın yaranmasının ilkin səbəblərini araşdırmağa çalışacaq. Həkim sizdən nəcisin müayinə məqsədilə xüsusi konteynerə toplanmasını xahiş edə bilər. Bəzi həkimləri nəcisin gündəlik çəkisi də maraqlandırır və ola bilsin həkim sizə belə bir “ev tapşırığı” versin.

İlkin müayinədə əldə edilən nəticələrdən asılı olaraq, həkim sizdən əlavə olaraq aşağıdakı müayinələrdən keçməyi xahiş edə bilər:
• Nəcisin ümümi, bakterioloji və gizli qana görə müayinəsi
• Qanın ümumi və biokimyəvi analizi vasitəsilə iltihab göstəriciləri, qalxanabənzər vəzin, pankreasın funksional vəziyyəti, elektrolit balabsın pozulub-pozulmaması müəyyənləşdirilə bilər.
• Kolonoskopiya və rektoskopiya yoğun bağırsaq və düz bağırsaq daxilində patologiyanın olub olmamasını müəyyən etməyə imkan verir. Bu müayinələr zamanı bağırsaq daxilindən müayinə üçün toxuma da götürülə bilər.
• Sonoqrafiya vasitəsilə xroniki pankreatitin olub-olmaması araşdırılır. Bəzi ixtisaslaşmış mərkəzlərdə ultrasəs müayinəsi vasitəsilə yoğun bağırsaq patologiyalarıda tədqiq edilə bilər.
• Nazik bağırsağın rentgen müayinəsi (Sellink üsulu ilə). Bu müayinə nazik bağırsaq patologiyalarını və Kron xəstəliyini inkar etməyə komək edir.
• Funksional testlər. Bunlara Laktoza testi, H2-tənəffüs testi, Şillinq tesi, pankreolauryl testi aid edilə bilər.
• Kompüter tomoqrafiyası və maqnit rezonans tomoqrafiyası bəzi çətin situasiyalarda istifadə edilə bilər.
Aşağıdakıların edilməsi sizə ishaldan qaçmağa kömək edə bilər:
• Yeməkdən əvvəl və tualetdən döndükdən sonra əli yumalı.
• Uşaqlara öyrətməli ki, çirkli əşyaları ağızlarına almasınlar
• Antibiotiklər qəbul edən zaman faydalı laktobasillər olan qida maddələri qəbul edəsiniz. Bu yolla antibiotiklərin məhv etdikləri faydalı bakteriyaları bərpa etmək olar. Yoqurt və ya laktobasillərin canlı kulturası belə faydalı bakteriyaların dəyərli mənbəsidir.
• Alkoqol əsaslı əl gellərindən tez-tez istifadə edin
• İnkişaf etmiş ölkələrə səfərlər zamanı qablaşdırılmış sudan istifadə edin, bişirilməmiş göyərti və meyvədən istifadə etməyin.
• Tam bişirilməmiş ət yeməyin

Next Post

Dərinin xoşxassəli törəmələri

Ç Okt 14 , 2015
Dərinin xoşxassəli törəmələri — qocalıq ziyilləri, qocalıq keratoması, fibroma, lipoma, dəri buynuzu və s nəzərdə tutulur. Bunarın hər birininn özünəməxsus göstəriciləri və müalicə üsulları vardır. Qocalıq ziyilləri Qocalıq ziyilləri (lat. Verruca senilis) Başlıca olaraq qocaların gövdə nahiyəsində, üzündə və ətraflarda təsadüf edilir. Bir neçə mm- dən bir neçə sm-ə kimi […]