Arterial təzyiq xəstəliyi zamanı qidalanmanın rolu

Erzaq_Mehsullari-002

Arterial təzyiq xəstəliyi zamanı qidalanmanın rolu

Yaşayıb inkişaf etmək üçün insan orqanizmi fasiləsiz olaraq qida ilə təchiz olunur. Qida maddələri, oksigen də daxil olmaqla qan vasitəsi ilə orqanlara çatdırılır. Artıq təyinatı üzrə sərf olunmuş qalıq maddələr isə, orqanizmdən xaric olunması üçün geri, ifrazat orqanlarına daşınır. Böyük həcmdə orqanizmə daxil olan qida maddələri adətən qanın normadan artıq yüklənməsinə səbəb olur. Artıq yüklənmə qanın damarlarda hərəkətini ağırlaşdırır və arterial təzyiqin səviyyəsinə təsir göstərir. Həzm prosesi başa çatandan sonra arterial təzyiq yenidən stabilləşir. Müddət isə sizin qəbul etdiyiniz qida növündən asılıdır. Aktiv maddələr mübadiləsi zamanı ürək döyüntüsünün sayı heç də sabit qalmır və tez-tez dəyişir, amma patoloji səviyyəni aşmır. Fizioloji sağlam damarların təbii elastikliyi imkan verir ki, damardaxili təzyiq yaranan zaman divarları kifayət qədər genişlənsin. Lakin arterial təzyiq xəstəliyi zamanı qanı yükləmək məsləhət görülmür, bu arterial təzyiqin yuxarı sıçramasına şərait yaradır.

Müşahidələr göstərir ki, arterial təzyiq xəstəliyi, ən çox endokrin sistemində və damarlarında problemi olan insanlarda inkişaf edir. Tədqiqatlar göstərir ki, arterial təzyiq xəstəliyi olan insanların əksəriyyəti əvvəllər çox gərgin fiziki və yaxud zehni işlə məşğul olmuşlar, əsəb gərginliyi onları daima müşahidə etmişdir. Fiziki və zehni iş müqabilində kifayət qədər keyfiyyətli qida məhsulları ilə qidalanmayanlarda və daima mənfi emosional gərginlik içində yaşayanlarda sonradan arterial təzyiq problemi yaranmışdır. Həmçinin fiziki işin gərginliyi və passiv cinsi münasibət, gənc yaşlarında endokrin sisteminin funksional pozğunluğu ilə nəticələnir. Bu da sinir sisteminin qıcıqlanmasına, ürəyin ritminə təsir göstərir və ümumilikdə maddələr mübadiləsində balans pozğunluğu yaradır.

Arterial təzyiqi yüksək olan xəstələr qida rasionuna ciddi fikir verməli, keyfiyyətli qida məhsulları ilə qidalanmalı, gündəlik tələbatı ödəmək üçün kifayət qədər maye qəbul etməlidirlər. Maye dedikdə su, şirələr və xörəklərə əlavə olunmuş maye nəzərdə tutulur.

Adətən orqanizm qalıq qida maddələrini ifrazat orqanları vasitəsi ilə xaric edir və eyni zamanda qan yad cisimlərdən təmizlənir. Təmiz orqanizm isə artıq özünübərpa prosesini sürətlə həyata keçirir. Nəticədə orqanizmdə olan qüsurlar aradan götürülür. Ona görə də arterial təzyiq problemi olan insanlar qidanı gün ərzində 4-5 dəfə kiçik payla qəbul etməlidirlər. Qida arası vaxt uzundursa, arada yüngül meyvə və tərəvəzlərlə qidalanmaq olar. Xəstə müalicə dövründə yalnız təbii qida məhsullarına üstünlük verməlidir. Qəbul etdiyi qidanın isə yüksək keyfiyyəti olmalıdır.

Çörək nə qədər vacib qida növü olsa da, köklüyə meylli insanlar ondan qismən imtina etməlidir. Daha çox diyetik çörək növlərinə üstünlük verin və onu həmişə qəbul etdiyiniz miqdardan iki-üç dəfə az çəkidə qəbul edin.

Tərəvəzlərdən hazırlanmış yeməklər gündəlik qida rasionunun əsas tərkib hissəsini təşkil etməlidir. Qidanı hazırlayan zaman tərkibini müxtəlif növ tərəvəzlərlə, həmçinin piysiz ət növləri ilə zənginləşdirin.

Dənli bitkilərdən hazırlanmış qida çeşidləri rasionda müntəzəm olmalıdır. Nəzərə alın ki, dənli bitkilər vasitəsilə orqanizmə bir çox maddələr daxil olur. Xüsusilə sinir-endokrin sistemi üçün vacib “B” qrupu vitaminləri məhz dənli bitkilərin tərkibində çoxdur. Amma birdən-birə orqanizmi bu növ qidalarla yükləmək də məsləhət görülmür.

Balıq və quş ətində xolesterin miqdarı digər ət növlərində olduğundan nisbətən azdır. Ona görə də təzə balıqdan və quş ətindən hazırlanmış qidalara üstünlük verin. Quşların dərisini və piyini qəbul etməkdən imtina edin.

Tərkib hissəsindən asılı olmayaraq, yeməkləri kiçik porsiya ilə qəbul edin. Həftəlik rasionunuza daxil olmayan qida məhsullarından isə birdən-birə çox miqdarda qəbul etmək məsləhət görülmür. Müalicə dövründə isə nadir hallarda qəbul etdiyiniz qida məhsullarından, ümumiyyətlə istifadə etməyin.

Hər zaman təbii və təzə ərzaq məhsullarından hazırlanmış qidalardan istifadə etməyə çalışın. Sizə xoş gəlməyən qidalardan istifadə etmək məsləhət görülmür, çünki xoşluqla qəbul etmədiyiniz qidanın həzm prosesi ləngiyir. Qidanın mədədə ləngiməsi isə mədəni ağırlaşdırır, spazmalar yaradır, hətta arterial təzyiqin qalxmasına səbəb olur.

Tərkibi qida maddələri ilə zəngin olan keyfiyyətli məhsullara üstünlük verin. Heç vaxt uzun müddət ac qalmayın və sonra orqanizmi birdən-birə yükləməyin. Çünki orqanizm aclığa reaksiya olaraq, qida qəbul etdiyiniz zaman piy deposu yaradır. Artıq miqdarda qida qəbul edirsinizsə orqanizm yüklənir və qanın damarlarda hərəkəti ağırlaşır.

Tərkibində xolesterin çox olan heyvan mənşəli məhsullardan mümkün qədər az istifadə edin və yaxud əti əvvəlcə qaynadıb piydən və ərimiş yağlardan ayırın. Sonra həmin ətdən istədiyiniz yeməyi hazırlaya bilərsiniz. Sobada yağsız hazırlanmış ət məsullarına üstünlük verin. Çünki bu halda piy əriyərək ətdən ayrılır.

Tərkibində şəkərin miqdarı çox olan qida məhsullarını rasionunuzda ciddi azaldın. Müalicə dövründə şirniyyatlardan daha çox təbii bal və tərkibində şəkəri çox olan xurmaya, kişmişə və digər şirin meyvələrə üstünlük verin.

Tam soyuq və yaxud isti halda qidalar qəbul etməyin. Hər iki halı orqanizm normal qəbul etmir və daxili gərginliyə səbəb olur. Həmçinin həzm sisteminin selikli qişası arterial təzyiq xəstəliyi zamanı həssas olduğu üçün, iltihab prosesinin aktivləşməsinə səbəb ola bilər.

İnsanın ən çox qəbul etdiyi qida növündən biri yağdır və ən faydalı yağ növü isə bitki mənşəli yağlar sayılır. Çünki tərkibində orqanizm üçün vacib olan çoxlu doymamış yağ turşuları vardır. Vacib ona görə sayılır ki, doymamış yağ turşuları insan orqanizmində sintez olunmur, yalnız qida ilə qəbul olunur. Heyvan mənşəli piylər, yağlar isə doymamış yağ turşuları ilə kasıbdır və çatışmazlığı zamanı qanda xolesterinin miqdarı artır. Bu da aterosklerozun inkişafına şərait yaradan amillərdən birdir. Həmçinin doymamış yağ turşuları damarların divarlarını möhkəmləndirir, elastikliyini artırır, aterosklerozun qarşısını alır.

İnsan orqanizminin əsasını zülal təşkil edir və yeganə zülal mənbəyi insanın qəbul etdiyi qida məhsullarıdır. Zülallar hormonların, anticisimlərin, hemoqlobinin sintezində rolu böyükdür. İnsan orqanizmində müəyyən qədər ehtiyat zülal vardır və enerji çatışmazlığı zamanı bir hissəsi enerji kimi sərf olunur. Ona görə də zülalla zəngin qidalar nə az, nə də çox gündəlik rasionunuzda olmalıdır.

Zülalın tərkib hissəsi sayı 20-dən çox olan amin turşularından ibarətdir. Amin turşuların bəziləri əvəzolunmazdır, çünki onlar orqanizmə yalnız qida vasitəsi ilə daxil olur. Həmin maddələrdən biri metionindir, hansı ki, xolesterin və piy mübadiləsini yaxşılaşdırır, beləliklə aterosklerozun qarşısını almış olur.

Zülalın əsas mənbəyi ət və süd məhsullarıdır, bu məhsulların tərkibində kifayət qədər əvəzolunmaz aminturşuları vardır. Bundan əlavə südün tərkibində tez mənimsənilən yağ, vitamin və mineral maddələr mövcuddur. Turşumuş süddə (qatıqda) olan mikroorqanizmlər mədə-bağırsaq sistemində çürümə prosesinin qarşısını alır. Süd məhsullarından yağlılığı az olan süzmə, qatıq, ayran və pendir məsləhətli qida sayılır, çünki tərkibi aminturşuları ilə zəngindir. Həmçinin xolesterin mübadiləsini yaxşılaşdıran metionin və B6 vitamini ilə zəngin olan süzmənin tərkibində 15% zülal və təqribən 0,5% yağ vardır. Lakin nəzərə almaq lazımdır ki, bitki mənşəli zülalda əvəzolunmaz amin turşuları çox azdır. Xüsusilə bu, yalnız bitki mənşəli qidalara üstünlük verənlərə aiddir. Bunlardan əlavə heyvan mənşəli zülal bitki mənşəli zülalların mənimsənməsini yaxşılaşdırır. Ona görə də rasionda hər zaman qarışıq qida məhsulları olmalıdır. Bu xüsusilə aktiv inkişafda olan uşaqlara və gənclərə aiddir.

Arterial təzyiqi yüksək olan xəstələr tərkibində yağ və piyi çox az olan ət növlərinə, dəniz və çay balıqlarına üstünlük verməlidirlər. Çətin həzm olunan ət növlərindən imtina etmək məsləhət görülür. Qaz və qoyun ətindən istifadə edən zaman yağlılığını nəzərə alın, ördək ətindən qismən, donuz ətindən isə tamamilə imtina edin.

Vacib orqanların, əsas enerji mənbəyi olan karbohidratlara tələbatı böyükdür. Aktiv fiziki işlə məşğul olan insanlar adətən karbohidratlardan daha çox istifadə edirlər. Lakin karbohidratı rafinadlı şəkər qismində qəbul etmək, insan orqanizminə heç də sağlamlıq gətirmir. Çünki rafinadlı şəkər orqanizm tərəfindən tez mənimsənildiyindən piylənməyə və qanda xolesterinin miqdarının artmasına səbəb olur. Bu da orqanizmdə piy yığımını sürətləndir. Həmçinin əlavə şəkər bağırsaq mikroflorasına da təsir göstərir və bağırsaqlarda qaz əmələgəlmə prosesi çoxalır.

Şəkər (rafinad) təmiz saxarozadır və tərkibində digər faydalı maddələr yoxdur. Ona görə də gündəlik 3-6 çay qaşığı miqdarından artıq qəbul etmək məsləhət görülmür. Bu miqdara tortlara, kompotlara, şirin sulara və digər qənnadı məmulatlara əlavə olunmuş şəkər də daxildir.

Şəkəri təbii bal, xurma, kişmiş, əncir və digər şirin meyvələrlə əvəzləmək olar. Çünki bal və meyvələrdə olan fruktoza, qlükoza və süddə olan laktoza qanda xolesterinin miqdarını artırmır və piy əmələgəlmə prosesində rolu cüzidir. Amma bu şəkərli diabet xəstələrinə şamil olunmur və onlar pəhrizə riayət etməlidirlər.

Meyvə-tərəvəzin lifləri bağırsağın fəaliyyətini artırır, qəbizliyi götürür, stulu normallaşdırır və orqanizmdən xolesterinin xaric olmasına şərait yaradır. Bundan başqa bitki lifləri öd yollarında və bağırsaqlarda daşların əmələ gəlməsinin qarşısını alır. Mədə-bağırsaq sistemində xərçəng əleyhinə təsirə malikdir. Rasionda bitki liflərinin çoxluğu piylənmənin də qarşısını alır.

Tərəvəz, meyvə və giləmeyvələrin tərkibində pektin adlanan maddə vardır. Bu maddə bağırsağın fəaliyyətini yaxşılaşdırır, bağırsaqlara xas olmayan mikroorqanizmlərdən qoruyur və eyni zamanda orqanizmdən xolesterinin xaric olmasına şərait yaradır.

Arterial təzyiq xəstəliyi zamanı tətbiq olunan qida pəhrizi, xəstəlik yaradan amillərə qarşı və hədəf orqanların sağlamlığına xidmət etməlidir. Həmçinin maddələr mübadiləsini yaxşılaşdırmaq, eyni zamanda orqanizmi vacib qida maddələri ilə təmin etmək əsas şərtlərdən biridir.

Xörək duzunun orqanizmə çox miqdarda daxil olması, əlavə mayenin orqanizmdə toplanmasına şərait yaradır. Bu zaman damarlar yüklənir, bədəndə şişkinlik yaranır və qanın damarlarda hərəkəti çətinləşir. Belə bir vəziyyətdə xəstənin psixonevroloji gərginlik keçirtməsi, hipertonik krizə və ya daha ağır beyin insultuna səbəb ola bilər.

Gündəlik rasionun əsas hissəsini meyvə və tərəvəz məhsulları təşkil etməlidir. Adətən meyvə və tərəvəz yeməkləri mədə-bağırsaq sistemini yükləmir. Eyni zamanda yüngül sidikqovucu təsirə malik olan meyvə-tərəvəz arterial təzyiqinin qalxmasının qarşısını qismən ala bilir.

Meyvələrin insan orqanizminə xeyri hamıya məlumdur. Amma yalnız meyvələrlə qidalanıb yaşamaq mümkün deyil. Həmçinin unutmayın ki, ən faydalı qidanı ifrat dərəcədə və məcburən qəbul etmək olmaz!

Bitki mənşəli qida məhsullarında xolesterin yoxdur, əvəzində çoxlu vitaminlər, mineral maddələr, mikro və makro elementlər vardır. Ona görə də rasionu bu növ məhsullarla zənginləşdirin. Faktiki olaraq qida kimi istifadə olunan bitki mənşəli məhsulların çeşidləri kifayət qədər genişdir. Amma nədənsə insanlar ən çox düyü və çörəyə üstünlük verirlər. Düzdür, düyü və çörək insan orqanizmi üçün faydalı maddələrlə zəngin olan qida sayılır. Hətta bu qidalardan norma daxilində gündəlik qəbul edib yaşamaq mümkündür. Buna baxmayaraq düyü və çörəyin miqdarını rasionda azaldın və yerini digər qida çeşidlərinə verin.

Qida qəbul edərkən fikir verin ki, rasionda həm bitki, həm də heyvan mənşəli zülal kifayət qədər olsun. Ən yaxşı zülal mənbəyi ət məhsullarıdır. Bitki mənşəli zülal əsasən göy noxud, kələm, soğan, yerkökü, şirin bibər, lobya, göy lobya, banan, xurma, quru ərik, quru gavalı, kişmiş, qarabaşaq və mərcidə çoxdur. Adı çəkilən qida məhsullarından müntəzəm qəbul etməyə çalışın.

Süd məhsullarında çoxlu miqdarda kalium var ki, ürək əzələsinə xeyirdir. Kaliumun normal miqdarda orqanizmə daxil olması üçün yağı alınmış süd məhsullarından süzmə, qatıq, pendir və ayrandan istifadə edin.

Tünd çay və qəhvədən imtina edin. Daha çox meyvə və tərəvəz şirələrinə, kompotlara üstünlük verin. Maye yalnız tələbat yarananda artıq susuzluq hiss edəndə qəbul edin. Ola bilər ki, susuzluq hiss etmirsiniz və gün ərzində normadan dəfələrlə az miqdarda maye qəbul edirsiniz. Belə olan halda norma çərçivəsində maye qəbul etmək vacibdir. Adətən insanlar ilin fəslindən, çəkisindən və fiziki aktivlikdən asılı olaraq, gün ərzində 2-4 litr maye qəbul etməlidirlər. Bu miqdara qida ilə qəbul olunan maye də daxildir.

Məlumdur ki, çox miqdarda qəbul olunan spirtli içkilər ürək-damar sisteminə mənfi təsir göstərir və eyni zamanda sinir sistemini zəiflədir. Spirtli içkidən asılı vəziyyətə düşən insanların daxili orqanları zədələnərək sıradan çıxır və onlarda arterial təzyiq xəstəliyi idarəolunmaz xarakter alır. Adətən belə vəziyyətdə yaşayan insanlar vaxtından əvvəl miokard infarktından və yaxud insultdan dünyasını dəyişirlər.

Xörək duzunun qida ilə orqanizmə çox miqdarda daxil olması, əlavə mayenin orqanizmdə toplanmasına gətirib çıxardır. Bu zaman damarlar yüklənir, bədəndə şişkinlik yaranır və qanın damarlarda hərəkəti çətinləşir. Belə olan halda süni sürətdə arterial təzyiq qalxmış olur. Duzlu yeməklərlə qidalanan insanlar ehtiyatı əldən verməməlidirlər. Arterial təzyiqi yüksək olan insanlar bütün yeməkləri adət etdikləri miqdardan 2-3 dəfə az xörək duzu əlavə olunmaqla hazırlamalıdırlar – bu tövsiyədir. Tamamilə duzsuz yeməyin isə xəstəyə xeyirdən çox ziyanı ola bilər. Çünki orqanizm duzsuzluğa öyrəşəcək və nisbətən duzlu qida qəbul etdikdə arterial təzyiqi birdən yüksək qalxa bilər.

Şəfahət Həsənov. Bizimtebib.az saytı üçün.
Bu yazını müəllifin və saytın adını göstərmədən çap etməyə icazə verilmir!

You may also like...