Ağciyər iltihabı

Ağciyər iltihabı — ağciyərin tez-tez təsadüf edilən xəstəliyi.

Gedişinə görə kəskin və xronik olur.

Krupoz, ocaqlı, intersisial və s. formaları var. Krupoz pnevmoniya kəskin ağciyər xəstəliyidir, bakterial pnevmoniyaların ən təhlükəlisidir. Krupoz pnevmoniyada ağciyərin bir, bəzən də bir neçə payında patoloji dəyişiklik olur; xəstəliyi, əsasən, pnevmokoklar törədir. Xəstəlik başağrısı, yüksək hərarət (39—40°S), quru və bəlğəmli öskürəklə başlayır, döş qəfəsi sançır (öskürdükdə və dərin nəfəs aldıqda artır). Xəstəliyin ikinci günündən başlayaraq selikli bəlğəm ifraz olunur.

Sonralar qan qarışdığından bəlğəm pas rənki alır. İlk günlər xəstənin yanaqları qızarır, dodağı, burnunun ucu, bəzən boyun və qulağı uçuqlayır; nəbzi dqiqədə 100—120 vurur, arterial təzyiqi aşağı düşür. Yuxusu çəkilir, dilinin üstü quru ərplə örtülür, sayıqlama, iştahasızlıq, ürəkbulanma və qusma müşahidə olunur. Qanda leykositlərin sayı artır, eritrositlərin çökmə reaksiyası sürətləiir; sidiyin miqdarı azalır, xüsusi çəkisi isə artır. Krupoz pnevmoniyada bəzi ağırlaşmalar (məsələn, plevranın quru və ya eksudatlı iltihabı, ağciyərin irinləməsi, kollaps, ürək çatışmazlığı və s.) müşahidə oluna bilər.

Oçaqlı pnevmoniyada iltihab prosesi ağciyərin müəyyən nahiyəsində gedir. Bu xəstəliyi stafilokoklar, streptokoklar, fridlender çöpləri və s. törədir. Qızılca, göyöskürək, qarın yatalağı və s. iifeksion xəstəliklər, eləcə də bəzi viruslar ocaqlı pnevmoniyaya səbəb ola bilər. Soyuqdəymə, yorğunluq və s. də xəstəliyə şərait yaradır. Ocaqlı pnevmoniya başladıqda temperatur yüksəlir (37—39°S), xəstə süstləşir, öskürür, bəlğəm ifraz edir, iştahası pozulur, bəzən üzü və dodaqları uçuqlayır.

Viruslu ocaqlı pnevmoniyalardan qripoz pnevmoniya, ornitoz və psittakoz pnevmoniyalara təsadüf edilir. Psittakoz insana tutuquşudan, ornitoz isə göyərçin, ördək və s. quşlardan keçir. Viruslar quş zılı ilə xarici mühitə düşür və quruyub toz halına keçdikdə havadan insanın tənəffüs yollarına daxil olub, ağciyər iltihabını törədir. Ocaqlı pnevmoniyalar infeksiyasız da baş verə bilər.

İnterstisial pnevmoniyada iltihab prosesi ağciyərin birləşdirici ara toxumasında gedir. Həmin xəstəlik ağciyər iltihabının başqa formalarına nisbətən uzun sürür.

Müalicəsi
Yataq rejimi, antibiotiklər və ya sulfanilamid preparatları, vitaminlərlə zəngin yüksək kalorili yeməklər, bəlğəmgətirən dərmanlar, xardal yaxması, banka və s; xronik pnevmoniyanın remissiya dövründə müalicə bədən tərbiyəsi, fizioterapevtik proseduralar, sanatoriya-kurort müalicəsi və s.

Profilaktikası
Ümumi gigiyena qaydalarına əməl etmək, yuxarı tənəffüs yolları xəstəliklərini vaxtında müalicə etdirmək və s.

Next Post

Bayılma, özündən getmə, ürəkgetmə

Ç Okt 14 , 2015
Bayılma, özündən getmə, ürəkgetmə  — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. […]