Arterial hipertenziya – arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir.
Arterial hipertenziya birincili və ikincili olur. Birincili arterial hipertenziya – Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-in qalxmasıdır.
İkincili arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir.
Böyrək mənşəli hipertenziya – böyrək arteriasının stenozu, aterosklerozu, pielonefrit, qlomerulonefrit, böyrəkdaşı xəstəliyi və s.
Endokrin(hormonal) mənşəli hipertenziya – İtsenko – Kuşinq sindromu, feoxromositoma, hiperaldosteronizm, qalxanabənzər vəz xəstəlikləri(zob), hiperparatireoz, oral kontraseptivlərin qəbulu və s.
Sinir mənşəli hipertenziya – Neyrosirkulyator distoniya(NSD), kəllə-beyin travmaları və s.
Risk Faktorları
Həyat tərzi ilə bağlı risk faktorları:
• Duzlu və yağlı qidaların qəbulu
• Qida rasionunda meyvə və tərəvəzlərin az olması və ya olmaması
• Alkoqoldan istifadə
• Fiziki aktivliyin az olması və ya oturaq həyat tərzi
• Həddindən çox stresli həyat tərzi
• Tütünçəkmə
Həyat tərzi ilə bağlı qeyd olunan risk faktorlarının təsiretmə səviyyəsi insanların harada yaşaması və işləməsi ilə sıx əlaqəlidir. Bundan əlavə ürək xəstəlikləri, insult, böyrək çatışmazlığı və hipertoniyanın digər ağırlaşmalarına səbəb olan bir sıra metabolik risk faktorlarıda mövcuddur. Bunlara aşağıdakılar aiddir:
• Şəkərli diabet
• Qanda xolesterinin yüksək səviyyəsi
• Artıq çəki və piylənmə.
Əlamətləri
Arterial təzyiqin qalxması çox zaman əlamətsiz olur və yalnız təsadüfən ölçmə zamanı aşkarlanır. Əlamətlər olduqda isə bu adətən özünü başağrıları (təzyiq çox yuxarı qalxanda), başgicəllənmə, ürəkdöyünmə, ümumi halsızlıq şəklində göstərir.
Bundan başqa arterial təzyiqin qalxması digər orqanların (göz, böyrəklər, beyin, ürək və s.) fəaliyyətinə mənfi təsir göstərir və onları zədələyir.
Simptomatik hipertoniyanın digər əlamətləri əsas xəstəlikdən asılıdır. Belə ki, böyrək mənşəli hipertenziyada beldə ağrılar, nikturiya(gecələr kiçik bayıra çıxma), İtsenko-Kuşinq sindromunda piylənmə, feoxromositomada arıqlama və s.
Diaqnostikası
Arterial təzyiqin qalxması aşkar edildikdə ilk öncə aparılması vacib olan müayinə üsulları aşağıdakılardır:
Elektrokardioqramma (EKQ)
Sidiyin ümumi analizi
Hematokrit
Zərdabda Kalium
Zərdabda kreatinin və sidik cövhəri
Müalicəsi
Simptomatik hipertenziyanın müalicəsi əsas xəstəliyin müəyyənləşdirilməsi və müalicəsilə və arterial təzyiqin qalxmasına görə simptomatik müalicəylə aparılır.