İŞEMİK VƏ HEMORRAGİK İNSULT

İNSULT – beyin qan dövranının kəskin pozulmasıdır.

İŞEMİK VƏ HEMORRAGİK İNSULT

İnsult iki əsas növə bölünür: İşemik insult (beyin infarktı); Hemorragik insult.

İşemik insult (beyin infarktı) – beyin qan axınının kəskin azalması, damar, ürək və ya qan xəstəlikləri ilə bağlı, tromboz və ya emboliya ilə əlaqədar, beynin müəyyən bir bölgəsində kifayət qədər qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı zədələnməsidir. Bir sutkadan çox davam edən və ya bir sutka ərzində ölümlə nəticələnən nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur.

Beyin hüceyrələrinin ona lazım olan oksigen və qida maddələrini ala bilməməsi səbəbindən ölümüdür. Bu tip insulta beyin infarktı da deyilir.

Hemorragik insult – Beyin toxumalarında qan damarlarının yırtılması səbəbindən qansızmanın baş verməsi və hematomanın əmələ gəlməsi nəticəsində ətraf sahələrin təzyiqə məruz qalması və beyin qan dövranının kəskin pozulmasıdır.

Çox vaxt hemorragik insult arterial təzyiqdən əziyyət çəkən insanlarda qeydə alınır və qan təzyiqinin artması fonunda baş verir. Hansısa mərhələdə zəif damar arterial təzyiqin qalxmasına dözə bilmir və yırtılır.

İNSULTUN ƏLAMƏTLƏRİ

Xəstəliyin ağırlıq dərəcəsindən və beynin zədələnmə sahəsindən asılı olaraq İnsultun ən çox qeydə alınan əlamətləri:

  • nevroloji sindrom olaraq ətrafların (hemiparez – bir ayaq və bir qol və yaxud monoparez – bir ayaq və ya bir qolda) kəskin hərəkət zəifliyi və yaxud iflici;
  • üz sinirinin birtərəfli iflici (parezi);
  • qəfil peyda olan şiddətli baş ağrısı;
  • bədəndə şiddətli zəiflik, taqətsizlik;
  • udma aktının çətinləşməsi;
  • görmə funksiyasının pozulması;
  • eşitmə qabiliyyətinin pozulması;
  • nitq söyləmək problemləri;
  • oxuma, həm də yazma qabiliyyətinin itməsi və yaxud çətinləşməsi;
  • fiziki hərəkətin çətinləşməsi, məhdudiyyətin yaranması, koordinasiya və tarazlığın pozulması;
  • başgicəllənmə, şüurun bulanıq olması;
  • fikir çaşqınlığı və yaddaşın itkisi;
  • hissiyyatın pozulması və ağrı hissinin həddinin azalması və ya tam itməsi;
  • ürəkbulanma (bəzən qusma);
  • gülümsəməyə çalışarkən – dodaqların küncləri müxtəlif yüksəklikdə yerləşməsi;
  • çox zəif əl-sıxma, gücsüzlük;
  • qeyri-iradi nəcis və/və ya sidik ifrazı;
  • əlini yuxarı qaldıra bilməmə.

Bir çox xəstəliklər var ki, insult əlamətlərinə oxşar əlamətləri vardır. Həqiqi insult keçirtmiş insana həkim tez zamanda diaqnoz qoymalıdır ki, müalicəni düzgün istiqamətdə tətbiq edə bilsin. Bunun üçün insult digər xəstəliklərdən dərhal diferensiasiya etməlidir. İnsult nə qədər erkən aşkarlanarsa, bərpaedici müalicənin effektliliyi də bir o qədər yüksək olacaqdır. Bu səbəbdən insultun əlamətlərini dərindən bilmək və işemik insultu hemorragik insultdan ayırd edilmək düzgün müalicənin tətbiqi üçün vacibdir.

İnsultun ilk əlamətləri bir, iki və daha çox sayda ola bilər. Bu əlamətlər sizi ciddi narahat edirsə, o zaman yubatmadan təcili yardım çağırın və ya dərhal həkimə müraciət edin ki, patoloji prosesi tez zamanda dayandırmaq, insultun yarada biləcək ağır fəsadların qarşısını almaq mümkün olsun.

Unutmayın! İşemik insult bir neçə saat, bəzən də bir sutkaya qədər davam edir. Bu müddət ərzində əlamətlərini göstərir və xəstə prosesin inkişafını mütləq hiss edir. Hemorragik insult isə qəfil baş verir və xəstə ani olaraq şiddətli baş ağrısı hiss edir, şüurun itirir.

İŞEMİK VƏ HEMORRAGİK İNSULT

İnsulta şübhə olduqda təxirəsalınmaz müayinələr:

  • Baş beynin qeyri-kantrast “Kompüter Tomoqrafiyası” (KT) və ya Maqnit Rezonans Tomoqrafiya (MRT).
  • Qanda şəkərin miqdarını təyin etmək.
  • Plazma elektrolitləri (natrium, kalium, kalsium, fosfat) /funksional böyrək testləri.
  • Elektrokardioqrafiya (EKQ).
  • Ürəyin işemiyasının markerləri.
  • Qanın ümumi analizi (trombositlərin sayı daxil olmaqla).
  • Oksigen saturasiyası səviyyəsi (qanın oksigenlə doyma səviyyəsi).

İskemik insult beynin kəskin qan dövranı pozğunluqları siyahısında birinci yerdədir (bütün halların 85% -ə qədər). Tez-tez yuxu zamanı və yuxudan dərhal sonra baş verir.

İnsult aşağıdakı xəstəliklərdən diferensiasiya edilməlidir:

  • Hipertonik krizin qıcolma forması (kəskin hipertonik ensefalopatiya);
  • kəllə-beyin travması;
  • mərkəzi sinir sisteminin kəskin xəstəlikləri;
  • hipoksik İşemik Ensefalopatiya-körpənin baş beyninə yetərincə qan və oksigen getməməsi səbəbindən yaranan (doğuşdan başlayır və doğuşdan 28 gün sonra başa çatır) beyin zədələnməsidir;
  • maddələr mübadiləsinin kəskin pozulması;
  • xarici mühitdən orqanizmə daxil olan zəhərləyici maddələrin təsirindən yaranan intoksikasiya;
  • meningit və ya ensefalit;
  • miqren;
  • epilepsiya;
  • bayılmalar;
  • üz sinirinin və gözün hərəki əzələlərinin iflici;
  • isterik nevrozlar.

İşemik insultun risk amilləri:

  • Arterial təzyiq (Arterial hipertenziya).
  • Siqaretdən çox istifadə etmək.
  • Şəkərli diabet.
  • Ürək-damar xəstəlikləri.
  • Yağ və xolesterin mübadiləsinin pozulması.
  • Piylənmə, artıq çəki.
  • Beyin damarlarının aterosklerozu, daralması.
  • Keçirilmiş insult.
  • Yuxu arteriyasının daralması.
  • Qanın tez laxtalanması.
  • Az hərəkətli həyat tərzi.
  • Oral kontraseptivlərin qəbulu.
  • Genetik meyllilik.

Hemorragik insultun risk amilləri:

  • Beyin və beyinə qan daşıyan damarların anadangəlmə və ya qazanılmış patologiyası.
  • Beyin damarlarında təzyiqin uzunmüddətli və ya vaxtaşırı qalxması.
  • Qanın laxtalanma sisteminin pozulması.
  • Trombəmələgəlmə prosesinə, qanın laxtalanmasına və qanın tərkib hissəsinə təsir göstərən digər pereparatların uzun müddətli qəbulu.
  • Qan xəstəlikləri (hemofiliya, trombositopeniya, leykoz).
  • Beyin şişləri.
  • Həddən artıq spirtli içkilərin qəbulu.
  • Psixikaya stimuləedici təsir göstərən preparatların qəbulu.
  • Beyin damarlarının autoimmun xəstəlikləri (vaskulitlər – qan damarlarının iltihabı).

İŞEMİK İNSULTUN KƏSKİN DÖVRDƏ AĞIRLAŞMALARI

İşemik insultun kəskin dövrdə ən tez-tez rast gəlinən ağırlaşmaları aşağıdakılardır:

  • Baş beynin işemik ödemi və kəllədaxili təzyiqin patoloji artması.
  • İşemik insultun hemorragik insultla əvəzlənməsi.
  • Epileptik qıcolma tutmaları.
  • Aspirasiya və pnevmoniya.
  • Sidik yollarının infeksiyası.
  • Ağciyər dərin venaların trombozu və ağciyər arteriyasının tromboemboliyası.
  • Yataq yaraları.

Baş beynin işemik ödemi və kəllədaxili təzyiqin patoloji artması

Beyin ödemi insultun əlamətlərinin əmələ gəlməsindən sonra ilk 2-4 gün ərzində adətən orta beyin arteriyasının (və ya digər iri beyin arteriyaların) kötüyünün trombozu və ya emboliyası ilə əlaqədar inkişaf edir və pasiyentin vəziyyətinin erkən və ya gecikmiş klinik pisləşməsinin əsas səbəbidir.

Beyin ödeminin və kəllədaxili təzyiqin artması klinik və ya neyrovizualizasiya (kompüter tomoqrafiyası (KT) və ya maqnit rezonans tomoqrafiyası (MRT) aparatları vasitəsi ilə müayinə) əlamətləri mövcud olduqda aşağıdakılar yerinə yetirilməlidir:

  • Pasiyentin baş hissəsini, boyunu əyməmək şərti ilə, 30º qaldırmaq.
  • Ağrının qarşısının alınması və yüngülləşdirilməsi.
  • Mexaniki ventilyasiya zamanı xəstəyə normal həcmdə oksigenin verilməsi.
  • Bədən temperaturunun normallaşdırılması.
  • Arterial təzyiqinin həddən artıq endirilməsindən, xüsusən də beyin qan damarlarının tonusunun düşməsinə səbəb olan preparatların tətbiqindən ehtiyatlı olmaq.

İşemik insultun hemorragik insultla əvəzlənməsi

Nekrozlaşmış toxumaya ikincili qansızma və ya baş beyin infarktının hemorragik insultla əvəzlənmə bir qayda olaraq böyük və orta ölçülü infarktlar zamanı inkişaf edir və çox vaxt diaqnostika və müalicəsi çətin olan insultun ağırlaşmasıdır. Hemorragik insult əvəzlənməsinin həqiqi rast gəlmə tezliyini çox zaman təyin etmək mümkün olmur, çünki onların çoxu əlamətsiz olaraq keçir.

Tromblara qarşı və beyin qan dövranının yaxşılaşdırılmasına yönəldilmiş müalicə, prinsip etibarı ilə davam etməlidir, mümkün hemorragik ağırlaşmalarının azaldılması məqsədi ilə arterial təzyiq daima nəzarət altında olmalıdır.

Epileptik qıcolma tutmaları

Epileptik qıcolma tutmaları bir qayda olaraq insult baş verəndən sonra ilk sutka ərzində inkişaf edir müxtəlif formada özünü göstərir. Bu hal işemik insult keçirmiş pasiyentlərin 3-4%-də rast gəlinir. Müalicə üçün standart yanaşma istifadə edilir – epilepsiya əleyhinə preparatlar təyin edilir.

Aspirasiya və pnevmoniya

Çox zaman aspirasiyanın nəticəsi olan bakterial pnevmoniya işemik insultun tez-tez yaranan fəsadlarından biridir. Aspirasiya çox vaxt huşun aşağı səviyyəsi fonunda yarandığı kimi, udmanın və öskürmənin pozulması fonunda da yaranır.

Sidik yollarının infeksiyası

İnsultlu xəstələrdə kəskin dövrdə tez-tez sidik yollarının infeksiyası inkişaf edir.

Ağciyər dərin venaların trombozu və ağciyər arteriyasının tromboemboliyası.

İnsult nəticəsində ölüm səbəblərinin 25%-ini ağciyər dərin venaların trombozu və ağciyər arteriyası tromboemboliyası təşkil edir. Embolların mənbəyi çox vaxt iflic olmuş aşağı ətrafların dərin venalarının və çanaq venalarının trombları olur.

Yataq yaraları

Çarpayıya “bənd edilmiş” xəstələrdə yataq yaraları insultun tez-tez rast gəlinən ağırlaşmalarıdır.

Ürək-damar sistemi:

Ürək aritmiyalarına nəzarət edə bilmək məqsədi ilə kardioloji monitorinq aparılması lazımdır. Kardioloji monitorinqin işemik insultun başlamasından sonrakı ilk sutka ərzində aşağıda göstərilən xəstələrdə aparılması tövsiyə edilir:

  • keçirilmiş kardioloji xəstəliyin mövcudluğu;
  • qeyri-sabit qan təzyiqi;
  • ürək çatışmazlığının klinik göstəriciləri və ya əlamətləri;
  • başlanğıcda anormal elektrokardioqrafiya (EKQ);

Maye və elektrolit balansı:

Maye və elektrolit pozğunluğunun gündəlik monitorinqi və korreksiyası tövsiyə edilir.

Beyin ödeminin mövcudluğu zamanı zəif mənfi maye balansı məsləhət görülür.

Plazma osmolyarlığının azalmasından sonra beyin ödeminin artması riskinə görə hipotonik məhlullar (NaCl 0.45% və ya qlükoza 5%) əks-göstərişdir.

Arterial təzyiq (hipertenziya):

Arterial təzyiqin müalicəsi ilə bağlı məsələ tam olaraq həllini tapmamışdır. Xəstələrin çoxunda qan təzyiqi insultun başlanğıcından bir sutka sonra öz-özünə aşağı düşür. Daha çox və dəqiq məlumatlar əldə edilənə qədər arterial təzyiqin müalicəsində diqqətli, həm də ehtiyatlı olmaq tövsiyə olunur.

Arterial təzyiqi əhəmiyyətli dərəcədə artmış xəstələrdə təzyiq aşağı salına bilər. İnsultun başlanğıcından sonra ilk sutka ərzində qan təzyiqinin endirilməsi 10-20% təşkil etməlidir.

Arterial təzyiqin müalicəsi üçün tövsiyə olunan dərmanları müalicə həkimi təyin edir. Arterial təzyiqin kəskin azalmasına səbəb ola biləcək dərman preparatları tətbiq edilmir.

Arterial təzyiq xəstəsi olan və işemik insultdan sonra spesifik əks-göstərişi olmayan nevroloji sabit xəstələrdə təkrari uzunmüddətli antihipertenziv müalicə xəstəliyin meydana çıxmasından bir sutka sonra başlanmalıdır.

Arterial hipotenziya:

Kəskin insult zamanı ortaya çıxan hipotenziyanın səbəbi araşdırılmalıdır. Hipovolemiya fizioloji məhlulla aradan qaldırılmalıdır və ürəyin dəqiqəlik vurma həcmini azalda biləcək aritmiyalar müalicə olunmalıdır. Dərman seçimini müalicə həkimi təyin edir.

Bədən hərarəti:

Hərarəti yüksək olan insultlu xəstələrdə səbəb araşdırılmalı və hərarəti aşağı salmaq üçün dərmanlardan istifadə edilməlidir. ≥37,5°C temperaturun endirilməsi məsləhət görülür. Temperaturu aşağı salan dərman və situasiyadan asılı olaraq antibiotik tətbiq edilə bilər.

Hipoqlikemiya:

Hipoqlikemiya — qanda qlükoza normadan az olmasıdır. Kəskin işemik insultu olan xəstələrdə qanda qlükozanın miqdarı norma daxilində tənzimlənməlidir.

Hiperqlikemiya:

Hiperqlikemiya — qanda qlükoza miqdarı həddindən artıq çox yüksək olmasıdır. İşemik insultlu xəstələrdə qanda qlükoza səviyyəsinə nəzarət olunmalıdır (xüsusilə də diabetik xəstələrdə).

Qanda qlükoza səviyyəsi >10 mmol/l-dən çox olarsa o zaman qanda qlükoza miqdarı insulin tətbiq etməklə normada saxlamaq məsləhət görülür.

Venadaxili trombolizis-in tətbiqi:

Venadaxili rtPA (rekombinant toxuma plazminogen aktivatoru) işemik insultun başlanğıcından sonrakı 3 saat ərzində uyğun gələn xəstələrin müalicəsi üçün tövsiyə edilir.

İnsultun başlaması zamanı qıcolma tutmaları olan xəstə trombolitik müalicə üçün o halda uyğun sayıla bilər ki, nevroloji defisitin insulta ikincili olaraq ortaya çıxması və postiktal fenomen olmadığı təsdiq edilsin.

Trombolizisin qanaxma ağırlaşmalarından əlavə, həkim tənəffüs yolunu qismən tıxaya biləcək angioödemin potensial yanaşı təsirlərindən də xəbərdar olmalıdır.

Arteriyadaxili trombolizis:

Arteriyadaxili trombolizis orta beyin arteriyasının 6 saatdan daha az tıxanması ilə bağlı iri ocaqlı insult keçirmiş və venadaxili rtPA üçün uyğun olmayan seçilmiş xəstələrdə müalicə üsuludur.

Yaxın zamanda keçirilmiş cərrahiyə əməliyyatı kimi venadaxili trombolizis üçün əks-göstərişi olan xəstələrdə arteriyadaxili trombolizis müvafiq seçimdir.

Arteriyadaxili trombolizisin mövcudluğu uyğun olan xəstələrdə venadaxili rtPA istifadəsini əngəlləməməlidir.

Müalicə üçün xəstənin təcili serebral angioqrafiya olunması və təcrübəli mütəxəssisləri olan ixtisaslaşmış insult mərkəzində yerləşdirilməsi şərtdir.

Antikoaqulyantlar və antiaqreqantlar:

Trombəmələgəlmə prosesinə, qanın laxtalanmasına və qanın tərkib hissəsinə təsir göstərən digər pereparatların seçimi müalicə həkimin üzərinə düşür, məsləhət bildiyi dərman preparatlarını situasiyaya uyun olaraq təyin edir.

İŞEMİK İNSULT KEÇİRMİŞ PASİYENTLƏRİN REABİLİTASİYASI

İnsultdan sonra nevroloji funksiyaların bərpası üzrə əlaqələndirilmiş reabilitasiya proqramlarının həyata keçirilməsi məqsədəuyğundur. Reabilitasiyanın məqsədi pasiyentin fiziki və psixoloji funksional qabiliyyətlərinin mümkün dərəcədə bərpasına nail olmaqdır. İnsult keçirmiş xəstələrin reabilitasiyasında mütəxəssislər: reabilitoloq, fizioterapevt, peşə reabilitasiyası üzrə həkim, psixoloq və sosial sahənin işçisi iştirak etməlidirlər.

Reabilitasiya tədbirlərini mümkün qədər tez başlamaq vacibdir. Passiv fiziki hərəkətlər nevroloji defisitin sabitləşdirilməsindən dərhal sonra (əks-göstərişlər olmadıqda bir qayda olaraq insultun başlanmasından sonrakı 2-ci gündən) həyata keçirilməlidir.

Passiv reabilitasiya da daxil olmaqla erkən fiziki reabilitasiya pnevmoniya, dərin venaların trombozu, yataq yaraları, həmçinin kontraktura, artralgiya kimi insultun ağırlaşmalarının qarşısını alır.

İnsultun inkişafına şərait yaradan səbəbləri

Bu xəstəliyin inkişafına səbəb olan bir çox amil vardır. Aşağıdakı səbəblər insult ehtimalını artıra bilər:

  • qan təzyiqinin tez-tez artması;
  • arterial stenoz (damar daralması);
  • tromboza meyllilik;
  • qanın taz laxtalanması;
  • beyin damarlarının anevrizması;
  • ürək ritmində problemlərin olması;
  • ateroskleroz;
  • şəkərli diabet;
  • siqaret, alkoqol, enerji içkiləri, narkotik maddələrdən istifadəsi;
  • xroniki yuxusuzluq;
  • artıq çəki;
  • yaş faktoru.

Nə vaxt həkimə müraciət etmək lazımdır?

İnsultun ilk əlaməti aşkar edildikdən sonra, xəstəxanaya müraciət etməlisiniz və ya təcili yardım çağırmalısınız.

Mümkün qədər tez zamanda ixtisaslı tibbi yardım almaq, müalicəni heç bir halda gecikdirməmək tövsiyə olunur.

İŞEMİK VƏ HEMORRAGİK İNSULT TİBBİ YARDIM

Təcili tibbi yardım xidmətinin həkimi tərəfindən yerinə yetirilməlidir:

  • tənəffüs yollarının keçiriciliyini və tənəffüs sisteminin funksional qiymətləndirilməsi, ehtiyac olduqda onun bərpa olunması və ağciyərlərin adekvat ventilyasiyasının təmin edilməsi (göstəriş olduqda traxeyanın intubasiyası və xəstənin Süni Tənəffüs Aparatına (STA) qoşulmasına qədər);
  • Puls-oksimetriya aparılması və endonazal kateterlərlə (nazal borular) 2-4 l/dəq sürətlə oksigen verməklə əlavə oksigenasiyanın aparılması;
  • EKQ və ürək funksiyalarının monitorinqi;
  • nevroloji defisitin olub-olmamasını təyin etmək;
  • Beyin qan dövranının keçici pozulmalarına şübhə olduqda həyati mühüm funksiyaların stabilizasiya olunmasından sonra xəstəni müvafiq stasionara nəql etmək;
  • Strip-testlə qlükozanın qanda miqdarının təyini;
  • Venoz kateterin qoyulması;
  • anamnez toplamaq.

İnsult həyat üçün təhlükə törədən təxirəsalınmaz vəziyyətdir. Buna görə də beyin qan dövranının keçici pozulmalarına şübhə olan xəstə, hətta cüzi nevroloji defisit olduqda belə tam müayinə üçün stasionara çatdırılmalıdır.

İşemik insult zamanı trombolitik terapiyanın terapevtik pəncərəsinin vaxt cəhətdən məhdud olmasını, həm də daha gecikmiş hospitalizasiya zamanı insultun ağırlaşmalarının sayının əhəmiyyətli dərəcədə artması və xəstəliyin proqnozunun pisləşməsi faktını nəzərə alaraq, pasiyentin stasionara çatdırılmasının optimal müddəti xəstəliyin baş verdiyi vaxtdan sonrakı ilk iki saatdır.

Güman edilən insultlu pasiyentin nəql edilməsi xəstənin ağırlıq vəziyyətinin dərəcəsindən asılı olmayaraq, ancaq uzanıqlı vəziyyətdə olmalıdır.

Pasiyentin çatdırıldığı stasionarın profili ehtimal edilən diaqnozla müəyyən olunur:

  • İşemik insultlu pasiyentlərə yardım göstərilməsi üçün ixtisaslaşmış nevroloji şöbəsi olan stasionar.
  • Hemorragik insult – neyrocərrahi şöbəsi olan stasionar.

İŞEMİK VƏ HEMORRAGİK İNSULT DİAQNOSTİKA

İnsultun diaqnozu

Hemorragik və işemik insult keçirmiş xəstənin diaqnozunu təsdiqləyən əsas müayinə testləri:

  1. Xəstəxanayaqədərki mərhələdə: İnsultun ilk əlamətlərini ən qısa müddətdə tanımaq və təcili yardım çağırmaq, xəstəni tez zamanda xəstəxanaya yerləşdirməyin önəmi vardır, xəstənin həyatı üçün vacibdir! Müalicə nə qədər erkən başlasa, o qədər yaxşıdır, fəsadları az olacaq. Ona görə də insultun ilk əlamətlərini bilmək əhəmiyyət kəsb edir!
    1. Xəstəxanada görüləcək tədbirlər:
    1. Həkim-nevroloq tərəfindən xəstənin müayinəsi və vəziyyəti ilə bağlı ümumi qiymətləndirmə aparılır.
    1. Kompüter və ya Maqnit Rezonans Tomoqrafiya (insult ocağını görüntüləmək üçün) – bu üsullar beyin qansızmasının mövcudluğunu, ölçüsünü və yerini ən aydın şəkildə göstərəcəkdir.  Bu iki üsul arasındakı seçimi xəstənin vəziyyətindən asılı olaraq həkim təyin edir.
    1. Laboratoriya tədqiqatları (təhlillər). İnsult zamanı təcili olaraq müayinəsi vacib olan bir sıra laboratoriya testlərinin önəmi vardır. Onların sırasında: qanın laxtalanma sürətini (koagulogramma) müəyyənləşdirmək, qanda qlükozanın miqdarını təyin etmək, biokimyəvi qan testləri vardır. Bu analizlərin nəticələri xəstəyə müalicə taktikasının tətbiqi üçün vacibdir.
    1. Funksional diaqnostika (EKQ, EXO-KG, EEG və s.) – bu diaqnostik üsullar ürəkdəki trombların olmasını istisna etmək üçün aparılır. Bəzən ürəkdə əmələ gələn tromblar insulta səbəb olur. Ürək kamerasında meydana gələrək beyinə qan axını ilə daxil olur. Unutmayın ki, xəstənin həyatda qalması və ya fəsadların mümkün qədər az olması, onun xəstəxanaya tez zamanda çatdırılması və diaqnozun qoyulması ilə bağlıdır. İnsultun növünü və ya qanaxmanın yerini təyin etmədən kor-koranə müalicəyə başlamaq olmaz!

İnsult xəstəliyinin qarşısının alınması

Heç kim insultdan sığortalı deyildir, lakin öncədən qabaqlayıcı tədbirlər görüb, onun meydana gəlməsi riskini maksimum aşağı sala bilərsiniz. Bunu etmək üçün sizə sadə qaydalara əməl etmək tövsiyə olunur:

  • ruhdan və depressiyaya düşməməyə çalışın;
  • müxtəlif çeşidli sağlam qidalarla qidalanın, pəhrizinizə orqanizm üçün lazımlı bütün vitamin və mineral maddələrlə zəngin qida məhsulları daxil edin, kökəldə biləcək məhsullardan istifadə etməməyə çalışın;
  • duzlu, qızardılmış, yağlı, hisə verilmiş qidalardan mümkün qədər az istifadə edin;
  • alkoqol içkilərdən istifadə etməyin;
  • siqaretdən imtina edin və ya ən azı gündəlik çəkdiyiniz siqaretin miqdarını azaldın;
  • arterial təzyiqinizi nəzarətdə saxlayın;
  • vaxtaşırı qanda qlükozanın və xolesterinin miqdarını yoxlayın.

Məlumatınız olsun ki, insultdan sonra həyatınız əbədi olaraq dəyişəcəkdir: bərpa sürətli və rəvan olsa da, fəsadlarını ömrü boyu yaşayacaqsınız. Təkrar insultun hədəfində olmamaq üçün, sağlam həyat tərzini həyatınızın ayrılmaz bir hissəsinə çevirməlisiniz.

İŞEMİK VƏ HEMORRAGİK İNSULT MÜALİCƏ

Arterial təzyiqinin səviyyəsi ilk gündən həddən artıq endirilməsi məsləhət deyil. Güman edilən Beyin qan dövranının keçici pozulmaları olan xəstələrdə arterial təzyiqinin endirilməsi arterial təzyiq göstəricisi 180/105 mm c. süt.-dan yuxarı olduğu hallarda aparılır. İnsultun ilk sutkalarında arterial təzyiqinin başlanğıc göstəricilərdən 10-20%-dən çox endirilməsi məsləhət görülmür.

İnsult xəstələrdə tətbiq olunan ümumi tədbirlərə aşağıdakılar aiddir:

  • Tənəffüs sisteminə nəzarət
  • Ürək-damar sisteminə nəzarət
  • Maye və metabolik balansın qorunması
  • Arterial təzyiqin nəzarətdə saxlanması

Ağ ciyər funksiyası və tənəffüs yolları:

Kəskin insultlu xəstə, xüsusən yuxu zamanı, puls-oksimetr ilə monitorlanmalıdır.

Hipoksemiya ortaya çıxarsa, xəstəyə endonazal kateterlə 2-4 l/dəq sürətində oksigen verilməsi tövsiyə edilir.

İşemik insultlu xəstə hipoksik deyilsə, oksigen terapiyasına ehtiyac yoxdur.

Şüurun pozulmasına və ya tənəffüs yolları keçiriciliyinin pozulmasına səbəb olan bulbar disfunksiya başlayan xəstələrdə geri dönməsi mümkün olan tənəffüs çatışmazlığı halında traxeyanın intubasiyası məsləhət görülür.

İnsultu necə tanımaq olar?

1. Xəstədən gülümsəməsini istəyin o bunu ağzının hər iki küncündə edə bilməz, təbəssüm əyri olur.

2. “Bu gün bayram günüdür” kimi sadə bir cümlə istəyin (nitq yavaşlayacaq, adam mətni xatırlaya bilməz).

3. Hər iki əlini qaldırmağı istəyin (qaldıra bilməz və ya qismən qaldıra bilər).

4. Dilini göstərməsini xahiş edin (dil əyri, çevrilmişdirsə – bu da bir işarədir).

Əgər bu tapşırıqlardan birini əməl edə bilmirsə, o zaman “təcili yardım” çağırın! Təcrübələr göstərir ki, əgər insult qurbanına təqribən 3 saat ərzində vacib olan yardım göstərilərsə, ağırlaşa biləcək fəsadların qarşısını almaq mümkündür!

İnsultdan sonra insan nə qədər yaşaya bilər?

İnsultdan sonra ölüm başlanğıc, həm kəskin dövrdə, həm də xəstənin vəziyyətinin yaxşılaşması mərhələsində baş verə bilər. Hər kəs bilməlidir ki, insult keçirtdikdən sonra xəstənin ömrü orta hesabla 10 il təşkil edir. O şərtlə ki, reabilitasiya əlverişli olmuşdur. Xəstə müalicə alarsa ömrü uzanacaq, almazsa qısalacaqdır. Bilin ki, insult keçirdən insanlarda patoloji proseslər dönməz olaraq inkişaf edir. Müalicə alaraq prosesi ləngitmək olur.

İnsultdan sonra xəstə neçə müddət müalicə alır?

Bəzi xəstələrdə insultdan sonra bərpa müddəti ilk 3-4 ay ərzində baş verir, digər xəstələrdə 1 ildən 2 ilə qədər davam edir. Əlbəttə, əvvəlcə özünüzü çarəsiz hiss edə bilərsiniz, lakin sonradan düşdüyünüz hala, vəziyyətə adaptasiya olacaqsınız.

İnsultdan sonra fiziki hərəkətə məhdudiyyət qoyulmalıdırmı?

İnsultdan sonra uzanmaq və mümkün qədər az hərəkət etmək lazımdır. Hərəkət etmədə məhdudiyyətləri nevroloq və həkim-fizioterapevt təyin edəcəkdir. Əgər həkimlər hərəkət edə biləcəyinizi müəyyənləşdiriblərsə, o zaman nə dərəcədə fiziki aktiv ola bilməniz üçün tövsiyələrini verəcəklər.

İnsult riskini qiymətləndirmək üçün hansı testlərdən istifadə olunur?

  • qanın ümumi analizi;
  • eritrositlərin çökmə sürəti (EÇS);
  • sidiyin ümumi analizi;
  • qanda qlükozanın miqdarı;
  • xolesterol – aşağı sıxlıqlı bir lipoproteindir;
  • koagulogram – qan laxtalanma sisteminin təhlili.

Bir insanda insult baş verərsə nə etməli?

  • Təcili yardım gəlməmişdən əvvəl xəstənin başını yüksək yastıqlara qoyun;
  • Ürəkbulanma hiss edirsə, başını yana çevirin;
  • Dinclik və təmiz hava ilə təmin edin;
  • Sıx paltarları çıxarın, köynəyin yaxasını açın, kəmər boşaldın.

İnsultun risk faktorları hansılardır?

Arterial təzyiq xəstəliyi (hipertoniya), şəkərli diabet, ateroskleroz, ürəyin işemiya xəstəliyi, qan xəstəlikləri, siqaret çəkmə, spirtli içki qəbulu, narkomaniya, piylənmə, az hərəkətli həyat tərzi, kontraseptivlərin qəbulu, qocalıq, genetik meylilik.

İnsultdan sonra kəskin dövr nə qədər davam edir?

İnsultun klinik gedişatında aşağıdakı dövrlər fərqlənir:

1) 1-3 gün – ən kəskin dövr;

2) 28 günə qədər – kəskin bir dövr;

3) 6 aya qədər – erkən bərpa dövrü;

4) 2 ilə qədər – gec bərpa dövrü;

5) 2 ildən sonra – qalıq təsir dövrü.

İnsult nə qədər davam edə bilər?

İşemik insultdan sonra xəstənin sonrakı halı xəstəliyin beyinə nə dərəcədə zərər vurması və mütəxəssisin müdaxilə etməsinə bağlıdır. Əgər ilk 1,5 saat ərzində həkim müdaxilə edər vəziyyəti nəzarətə götürərsə 4-5 xəstədən birinin tam sağalması ilə nəticələnir. Əgər üç saat keçərsə 9 nəfərdən biri, 5 saat, sonra isə 14-dən biri tam olaraq sağalır.

İnsultdan sonra xəstəni nə vaxt qaldırmaq olar?

Bəzi xəstələrdə aktivləşmə (xəstə ayağa qalxmağa başlayır) insultdan 3-5-ci gün, digər hallarda 2-3 həftədən sonra başlayır. Reabilitasiyanın vacib mərhələsi xəstəyə yeriməyi öyrənməkdir.

İnsultdan sonra xəstəyə hansı qidaları qəbul etmək tövsiyə edilir?

Qanı yükləməyən qida məhsulları ilə xəstəni qidalandırmaq lazımdır. Rasionda meyvə və tərəvəzlər kifayət qədər olmalıdır. Piysiz, yağlılığı az olan ət və balıq növlərin qəbulu məsləhət görülür.

İnsultdan sonra xəstənin hər zaman yatması nə deməkdir?

İnsultdan dərhal sonra “təbii” (yəni oksigen açlığı və beyin hüceyrələrinin ölümü səbəbindən) yuxu oyanış dövrünün pozulması olur. Əgər bu baş verməzsə, xəstə gecə-gündüz insultdan sonra yatmağa davam edirsə, bütün orqanizmin tam bərpası şansı az olur.

İnsultdan sonra xəstəyə düzgün qulluq necə edilməlidir?

Ağciyərlərdə durğunluq və yataq xəstəsində pnevmoniyanın yaranmasının qarşısını almaq üçün hər 2 saatdan bir yatağa çevirmək lazımdır. Ümumi vəziyyət imkan verərsə, əvvəlcə xəstə bir neçə dəqiqə (gündə 3-5 dəfə) yatağında, kürəyinin altına yastıqlar qoyulmalıdır.

İnsultdan qurtulmaq mümkündürmü?

İnsanın beynini insultdan tamamilə xilas etmək üçün üç saat ərzində ixtisaslı tibbi yardım göstərməlidir. Ancaq bəzən insultun aydın əlamətləri özünü büruzə vermir və xəstəyə ilk dəqiqələrdə yardım göstərmək şansı qaçırılır.

Ən təhlükəli insult növü hansıdır?

Travmatik olmayan subaraxnoidal qanaxma az hallarda qeydə alınır, lakin bu tip insult ən təhlükəlidir – halların demək olar ki 50% -i ölümcül olur.

İnsultdan əvvəl insan nə hiss edir?

İnsultdan əvvəl əlamətləri:

  • öyümə, qusma ilə müşayiət edilə bilər;
  • qəfil zəiflik və başgicəllənmə;
  • nitqin tələffüzündə və ətraf mühitin qavranılmasında çətinlik;
  • görmə qabiliyyətinin pisləşməsi;
  • şüurun dumanlığı.

İnsultu hiss etmədən keçirtmək mümkündürmü?

İnsultu hiss etmədən keçirtmək mümkündür! Beyin bədənimizdəki hər şeydən məsuldur, eyni zamanda funksional cəhətdən əhəmiyyətsiz zonalara malikdir: onlardan birində insult baş verərsə, simptomlar əhəmiyyətsiz və ya tamamilə görünməz olacaqdır. Belə insult tez-tez baş beyini tomoqramlarında xroniki dəyişikliklər şəklində görmək olur.

İnsultdan sonra masaj etmək olarmı?

İnsultdan sonra masaj etmək olar! Masajı insultdan sonra mümkün qədər tez başlamaq lazımdır. Xəstənin vəziyyəti ağır deyilsə, masaj etmək sağlamlığına xələl gətirməzsə, o zaman ikinci gündən başlamaq olar. Segmental və nöqtə masajı ilə başlamaq tövsiyə olunur. Masajı mütləq bu sahədə təcrübəsi olan mütəxəssis etməlidir.

İnsultdan sonra hansı yeməkləri qəbul etmək olmaz?

İnsultdan sonra qızardılmış qida məhsulları, rafinə edilmiş şəkər, şirniyyatlar, hisə verilmiş balıq və ət məhsulları.

Next Post

DEMODEKS XƏSTƏLİYİNİN TAM MÜALİCƏSİ

C İyl 29 , 2022
Demodeks gənələrinin yaratdığı xəstəlik demodekoz adlanır və bu xəstəliyə dünyanın hər yerində rast gəlinir. DEMODEKS XƏSTƏLİYİNİN TAM MÜALİCƏSİ. Demodeks gənələrin növləri çox olsa da, yalnız 2 növü Demodex folliculorum və Demodex brevis insanda parazitlik edə bilir.Demodeks gənələri bir qayda olaraq təmas-kontakt yolu ilə insandan-insana və yaxud heyvandan-insana keçir. DEMODEKS XƏSTƏLİYİNİN TAM MÜALİCƏSİ. Demodeks gənələrinə […]