Kəskin qarın

Kəskin qarın termini altında səbəbi bəlli olmayan kəskin şiddətli və ya kəskin təkrarlanan, qayıdan qarın ağrıları nəzərdə tutulur. Kəskin qarın zamanı təcili diaqnostikaya və çox vaxt cərrahi əməliyyata ehtiyac duyulur.

Səbəbləri
Kəskin qarına aşağıdakılar səbəb ola bilər:
• Kəskin xolesistit
• Kəskin pankreatit
• Kəskin appendisit
• Bağırsaq keçməməzliyi
• Kəskin peritonit
• Mədə və onikibarmaq bağırsaq xoralarının perforasiyaları (deşilməsi)
• Bağırsaq divertikulitlərinin perforasiyaları
• Öd kisəsi divarının perforasiyası
• Mezenterial infarkt (müsariqə arteriyalarının trombozları nəticəsində meydana çıxan bağırsaq nekrozu).
• Böyrək sancıları
• Qarın aortası anevrizması
• Partlamış ektopik hamiləlik
• metabolik xəstəlik (şəkərli diabet sonucunda laktasidoz)

Kəskin qarının əlamətləri
Kəskin qarının əsas kliniki bəlirtiləri aşağıdakılardır:
• şiddətli qəfləti və ya daimi yerli yaxud yayılan qarın ağrıları
• peritoneal əlamətlər (əzələ gərilməsi – qarın divarının hissəvi və ya tam gərginliyi taxta qarın — Şotkin-Blyumberq simptomu)
• bağırsaq peristaltikasının pozulması (köpmə, ürək bulanması, qusma)
• qan dövranının pozulması, şok (dəri örtüklərinin avazıması,rəngin solğunlaşması, yapışqan tər, gözlərin çuxura düşməsi,tezləşmiş zəif nəbz, arterial təzyiqin düşməsi)
• defekasiya(nəcisin ifrazı) aktının olmaması
• ümumi vəziyyətin pozulması.

Ağrılar xasiyyətcə 3 cür olur:
• Tutmaşəkilli visseral ağrılar küt, dərin, diffuz (yayqın), çox vaxt tutmaşəkilli (intensivliyinə görə artan-azalan) olur, xəstə dəqiq yerini söyləyə bilmir. Visseral ağrılar boşluqlu orqanın şişib gərilməsi, əzələ yığılmaları (spazmaları), bağırsağın ağrıverici hiperperistaltikası və yaxud orqan kapsulunun qəfləti gərilməsi sonucunda meydana gəlir, məsələn: sidik axarı sancısı, öd kisəsi sancısı, qara ciyər kapsulunun gərilməsi.
• qəfləti güclü ağrılar hansısa boşluq orqanının dəlinməsi və ya qarın aortası anevrizmasının əlaməti ola bilər.
• Sürəkli somatik ağrılar kəskin, yandırıcı olur, xəstə dəqiq yerini deyə bilir. İltihab (örnəyinappendisit), zədə və ya orqanın emboliyası (damar tıxanması) nəticəsində əmələ gəlir vəperitondan, mezenterdən mezokolondan yaxud peritonarxası sahədən qaynaqlanır.

Əzələ defansı (taxta qarın)
Əzələ defansı (əzələ müdafiəsi) yerli başlayıb bütün qarına yayıla (taxta qarın, peritonizm) bilər. Əgər peritonizm qızdırma və iltihab göstəricilərinin (C-reaktiv zülal, leykositoz) qalxmasıyla müşahidə olunursa, bu, artıq kəskin qarının peritonitlə müşayiət olunması haqqda xəbər verir.

Diaqnostika
Kəskin qarınlı xəstədə xəstəxananın qəbul şöbəsində anamnezi toplanmalı, fizikal (bədən) , ultrasəs, qarın rentgeni müayinələrindən və gərəkirsə hətta qarın kompüter tomoqrafiyasından keçməlidir.
Anamnez
Sorqulama zamanı aşağıdakı sualların cavabını bilmək məqsədəuyğundur:
• Ağrılar nə zaman başladı? – Böyrək sancıları olan xəstə suala dəqiq cavab verir (məs. qəflətən qapını açarkən). Appendisiti olan xəstə isə çox vaxt dəqiq cavab verə bilmir (örnəyin, “günorta yeməyindən sonra).
• Şikayətlərdən öncə nə baş verib? Şikayətlərdən öncə baş verən üst qarın travması qaraciyər, dalaq və ya bağırsaq yırtılmasından xəbər verə bilər.
• Ağrıların xarakteri. Tutmaşəkilli ağrılar böyrək və ya öd kisəsi daşları yaxud mexaniki bağırsaq keçməməzliyi zamanı ola bilər. Doğmuş qadınlar belə ağrıları doğum sancılarına bənzədir. Davamlı və artan ağrılan iltihabi prosesdən xəbər verir (appendisit, xolesistit, pankreatit). Əgər başlanğıcda güclü ağrılar səngiyib yenidən başlayırsa bu həm də boşluqlu orqanın (mədə xorası, öd kisəsi) dəlinməsi ya da damar tıxanmasının (mezenterial infarkt) əlaməti ola bilər.

Müayinə
Auskultasiya (qulaq asma) mütləq perkussiya (tıqqıldatma) və palpasiyadan (əlləmə) öncə aparılmalıdır, çünki sonuncular nəticəsində bağırsaq peristaltikası qıcıqlana və subileusun (yarım-ileus) bəlirtilərini pərdələyə bilər.
• Normal bağırsaq səsləri – normal peristaltika
• Güclənmiş bağırsaq səsləri – enterokolit? mexaniki və ya yapışıq bağırsaq keçməməzliyi?
• Zəifləmiş ya da yox olmuş bağırsaq səsləri – paralitik bağırsaq keçməməzliyi? ishemiya? peritonit? Reflektor olaraq sidik axarlarının sancılarında, pankreatitdə, maddələr mübadiləsinin pozulmasında müşahidə oluna bilər.
Palpasiya (əlləmə) zamanı əzələ defansının (yerli, diffuz) və yırtıqların tipik nahiyələrdə olub-olmadığını yoxlamaq olar.
• Əgər xəstə nöqtəvari ağrısı olduğunu deyirsə və ağrıyan nahiyəyə göstərirsə, o zaman ağrıların haradan qaynaqlandığını aşkarlamaq üçün Karnett-testi keçirilməlidir: həmin yerdə dərin palpasiya aparılır. Ağrılar dəyişməz olaraq qalırsa və ya güclənirsə (test müsbətdir), ağrılar qarın divarından qaynaqlanır (sinir, əzələ, sümük). Əgər ağrılar azalır və ya yox olursa (test mənfidir), onda ağrılar qarın boşluğundan gəlir.
Laborator diaqnostika
Minimal diaqnostika proqramına aşağıdakılar daxildir:
• C-reaktiv zülal
• hemoqram (hemoqlobin, hematokrit, leykositlər)
• qaraciyər göstəriciləri: bilirubin, GOT, GPT, GGT, alkal fosfataza
• Lipaza, Amilaza
• Elektrolitlər (Na+, K+, Ca+)
• Kreatin kinaza
• Kreatinin
• Qanda şəkər
• Laktat
• Sidik analizi.

İlk tibbi yardım
Təcili cərrahi klinikaya xərəkdə aparılmalıdır. Heç bir narkotik analgetik istifadə etmək olmaz, çünki xəstəliyin klinik şəkli dəyişib, daha da ağırlaşa bilər. İşlədicilər və antibiotikiklərdən istifadə qəti qadağandır.

Next Post

Kəskin revmatik qızdırma

Şb Okt 17 , 2015
Kəskin revmatik qızdırma və ya KRQ — həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1-5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir.[1] KRQ – A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, […]