Ocaqlı keçəlləşmə
Ocaqlı keçəlləşmə zamanı başın tük örtüyü olan nahiyələrdə dairəvi və yaxud oval formada müxtəlif ölçüdə keçəlləşməyə deyilir.
Bu xəstəlik geniş yayılmış xəstəliklərə aid deyil, yaş faktoru və irqi mənsubiyyət rol oynamır. Həm kişilərdə, həm də qadınlarda qeydə alınır, amma kişilərdə qadınlara nisbətən iki dəfə çox qeydə alınır.
Xəstəliyin yaranma səbəbi hələ də məlum deyil. Tüklər tədricən tökülür, bir neçə həftə və yaxud ay ərzində müxtəlif ölçüdə keçəlləşmiş ocaqları peyda olur. Buna baxmayaraq bir müddətdən sonra yeni tüklər çıxır, əvəzində başqa yerdə proses baş verir və keçəlləşmə ocağı yaranır.
Xəstələrdə adətən xoşagəlməz hisslər yalnız keçəlləşmiş ocağın peyda olması ilə bağlı olur. Bəzən belə hallar xəstələrdə kompleksə səbəb olur. Total keçəlləşmə qorxusunu yaşayanlara da rast gəlinir.
Tükləri tökülmüş dərini vizual müayinə etdikdə adətən normal dəridən başqa bir şey gözə çarpmır. Yalnız yüngül qızartını müşahidə etmək olur, bu da xəstələrin bir qismində qeydə alınır. Dərinin xarici təbəqəsində iltihabı proseslər görünməsə də daxilində hər-hansı iltihabın olmasını inkar etmək olmaz.
Bir qayda olaraq keçəlləşmiş ocaqların sərhədi dəqiq görünür. Tökülmüş tüklərin yerində atrofiya və çapıq izləri olmur. Keçəlləşmiş ocağın sərhədində tüklər qırxılmış kimidir, çox asanlıqla onları dartıb çıxartmaq olur. Bu onu göstərir ki, tüklərin soğanaqları zədəlidir, yerində möhkəm deyirlər.
Bəzən ocaqlar bir-birinə yaxın olur və böyüdükcə birləşirlər, bu zaman böyük ocaqlar əmələ gəlir.
Xəstəliyin gedişatını proqnozlaşdırmaq çətindir. Adətən xəstələrin çox hissəsində qeyri müəyyən müddətdən sonra tüklər bərpa olunur. Xəstələrin az hissəsində proses uzun illər davam edir. Nadir hallarda total keçəlləşməyə gətirib çıxardır.
Müalicə müxtəlif metodlarla aparılır. Həm elmi, həm də xalq təbabəti müalicə metodlarından istifadə olunur. Hansı metodun daha çox effektli olmasını demək çətindir. Çünki konkret müalicə metodunun effektivliyi haqqında məlumat yoxdur.