Quş qripi (latınca Grippus avium), klassik quş vəbası — quşların kəskin infeksiyalı virus xəstəliyi.
Xəstəliyin tarixi
Quş qripi hələ qədim dövrlərdə mövcud olmuşdur. Bu xəstəliyə müxtəlif ölkələrdə bir-birindən fərqli adlar verilib. İtalyan alimi Perronçita 1880-cı ildə ilk dəfə olaraq elmi dildə onu “Toyuq tifi” kimi qələmə alıb. Sonralar Avropada onu “Quş taunu” adlandırıblar. 1901-ci ildə Çentani bu xəstəliyin virus təbiətli olduğunu müəyyənləşdirib. 1955-ci ildə xəstəliyin törədicisinin A tipinə mənsub influensa olduğu aşkar edilib
Alimlər onu ilk dəfə olaraq 1971-ci ildə “Quş qripi” xəstəliyi adlandırıblar. Xəstəliyin törədicisinin vizionunun böyüklüyü 80-120 nm-dir, bəzən sapkimi şəkildə 400-800 nm ölçüdə ola bilər (nomometr 1 millimertin milyonda bir hissəsidir). Xəstəliyin yüksək patogenliyi XX əsrin sonlarında özünün Meksikada, Çində biruzə verməyə başlayıb. Onun ilk qorxulu nəticələri 2003-2004-cü illərdə Belçikada, Almaniyada, Honkonqda, Hollandiyada, Cənubi Koreyada,Pakistanda və sonrakı illərdə isə dünyanın bir sıra ölkələrində özünü biruzə verməyə başlayıb. Hal-hazırda yüksək dərəcəli patogen quş qripi bütün dünyada yayılıb.
Avropa, Amerika və dünyanın digər inkişaf etmiş ölkələrində xəstəliyin qarşısını almaq üçün daimi monitorinqlər keçirilir. Quşların qrip xəstəliyinin geniş yayılmasına səbəb törədicinin iki tipindən mutasiya nəticəsində 3-cü yeni yüksək patogen tipin – rekonfinantın əmələ gəlməsidir. Bunun gələcəkdə çox qorxulu nəticələri ola bilər. Belə ki, mutasiya nəticəsində quş qripi virusunun insandan insana keçə bilən sero variantı əmələ gələrsə, gələcəkdə epidemiya və pandemiya yayıla bilər.
Virusların donuzların orqanizminə eyni vaxtda düşməsi nəticəsində (H5N1 virusu donuzların qrip virusu) mutasiya gedə bilər, nəticədə həm insan, həm də quş üçün yeni yüksək patogen sero variantlar yarana bilər. Hal-hazırda dünyanın bir çox ölkələrində quşların qrip virusunun H5N1 sero variantı ilə xeyli insan yoluxub. Respublikamızda da köçəri vəhşi quşlarda bu xəstəlik qeydə alınıb və insanlara keçməməsi məqsədilə Dövlət Baytarlıq İdarəsi nin mütəxəssisləri tərəfindən respublikamıza köçəri quşlar daxil olduğu dövrdə mütəmadi olaraq monitorinqlər aparılır.
Quş qripi bütün növ ev quşları, vəhşi quşları, o cümlədən sinantrop quşları (sərçə, sığırçın, göyərçin və s.) yoluxdurur. Xəstəliyin əsas yayılma mənbəyi əsasən xəstəliyə tutulmuş quşlardır. Quş virusu ilə yoluxmuş quşlar aerogen, ağız suyu, kal kütləsi və digər ifrazatlarla virusu xarici mühitə yayırlar. Xəstəlik hava axını, insanlar, nəqliyyat, milçək, böcək və ölü quşlar vasitəsilə yoluxur.
Quşların birbaşa mövcud əlaqələri ilkin yoluxmanın ən geniş yayılan qoludur. Aerozolla, yəni hava axını ilə yayılma daha sürətli olur. Hətta sağalmış quşlar həftələrlə onun daşıyıcısı ola bilər. Quş qripi insana keçdikdə və vaxtında müalicə edilmədikdə ölümlə nəticələnir. Bəzi insanlar onun daşıyıcısı kimi uzun müddət yaşaya bilirlər. Xəstəliyin əlamətlərinə quşların süst olması, ishal, tənəffüs yollarının pozulması, yumurta istehsalının aşağı düşməsi, üzünün şişməsi, pipik və ayaqlarında tünd qırmızı ləkələrin olması, tənəffüzün çətinləşməsi və yüksək ölüm faizinin olması aiddir.
Bu əlamətlər olduqda dərhal səlahiyyətli orqanlara müraciət etmək lazımdır. Diaqnoz laboratoriya analizləri, qan serumu nəfəs yollarından, ağ ciyərdən və ya ifrazat dəliyindən olan toxuma və maye kimi istifadə oluna bilər. Quşların qrip virusu 500S-də 1 saat, 600S-də 10 dəqiqə, 650S – 700S-də 2-3 dəqiqə ərzində məhv olur. Virus, quş tükündə 18-20 gün, aşağı temperaturda 1-2 ilə qədər qala bilir. Virusla yoluxmuş materialı qurudulduqda virus konservləşir.
Quşçuluq fermalarında və şəxsi təsərrüfatlarda insanlar sanatoriya qaydalarında əməl etmədikdə müxtəlif yollarla virusun həzm sisteminə düşməsi nəticəsində yoluxurlar. Yoluxmuş quşlar 14-25 gün ərzində virusu xarici mühitə yaymaqla yanaşı bundan sonra 2-3 ay müddətində virusun daşıyıcısı olurlar. İnsan xəstəliyə yoluxduqda yüksək hərarət, oynaqlarda kəskin ağrılar, süstkünlük, zəhərli maddələrin əmələ gəlməsi nəticəsində qan damarları yumşalır, genişlənir, onlarda iltihabi proses gedir.
Onlarda qan dövranı pozulur, ürək zəifləyir, dalaqda, ciyərlərdə, böyrəkdə, beyində və mədə-bağırsaq sistemində pozuntular əmələ gəlir. İnsanlar ölkədə belə xəstəliklər müşahidə edildikdə quş qripində özünü qorumaq üçün profilaktik məqsədlə əllərini sabun və digər yuyucu vasitələrlə tez-tez yumalı, toyuq əti 30 dəqiqə, yumurta isə 10 dəqiqə qaynadıldıqdan sonra istifadə edilməlidir. Dövlət səviyyəsində əlaqəli təşkilatlar dərhal xəstəliyə şübhəli olan şəxslərin sağlam insanlarla ünsiyyəti məhdudlaşdırılmalıdır.
Köçəri quşlar respublikamızın ərazilərinə köç etdikləri dövrdə vəhşi quşların ovlamasına və ətindən istifadə edilməsinə qadağa qoyulmalıdır. Quşçuluq təsərrüfatlarında və fərdi həyətyanı sahələrdə ev quşları dərhal çöl quşları ilə əlaqəsini kəsmək məqsədi ilə təcrid olunmuş vəziyyətdə saxlanılmalıdır. Quş qripinin mutasiya nəticəsində insandan-insana keçmə ehtimalı olarsa bəşəriyyətin varlığı üçün ən qorxulu xəstəlik ola bilər.