Ürək çatışmazlığı

Ürək çatışmazlığı

Ürək çatışmazlığı – ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik ölümlə nəticələnə bilən funksional pozğunluq. Bu hal kəskin və xroniki gedişli olmaqla, meydana çıxma səbəblərinə görə iki yerə bölünür: anadangəlmə ürək çatışmazlığı və qazanılmış ürək çatışmazlığı.

Anadangəlmə ürək qüsurları

Anadangəlmə ürək çatışmazlığı anadangəlmə ürək qüsurlarının nəticəsində meydana çıxır. Belə ki anadangəlmə qüsur dedikdə embrionun orqanların inkişaf mərhələsində hər hansı bir müdaxilə faktorun (bu dövrdə hamilə qadının keçirmiş olduğu infeksiyalar ya məruz qaldığı zərərli təsirlər (90%), eyni zamanda irsi meyllilik (10%), bunun da 5%-ini qohum nikahlar təşkil edir) təsirindən bu və ya digər ürək strukturunda: əzələsində və arakəsmələrdə, qapaqcıqlarda, aid damarlarda baş vermiş qüsurlar nəzərdə tutulur.

Bu qüsurlu strukturlar isə öz növbələrində funksiyalarının öhdəsindən gələ bilmədiklərindən ürək çatışmazlığını meydana çıxarmış olurlar.
• Fallo tetradası
• Açıq arterial axacaq
• Qulaqcıqlararası çəpərin qüsuru
• Mədəciklərarası çəpərin qüsuru
• Ebşteyn anomaliyası

Qazanılmış ürək qüsurları

Qazanılmış ürək çatışmazlığı dedikdə isə sonradan bu və ya digər xəstəliklər (infarkt, tac damar çatışmazlığı, bakterial və virus mənşəli endokarditlər, travmalar və s.) nəticəsində ürək strukturunda: əzələsində, qapaqcıqlarda, aid damarlarda baş vermiş qüsurlar ya zədələnmələr nəzərdə tutulur.
• Aorta qapağının daralması
• Aorta qapağının çatışmazlığı
• İkitaylı qapağın daralması
• İkitaylı qapağın çatışmazlığı
• Perikardit
• Taxikardiya
• Arterial hipertenziya
• İnfarkt
• Kardiogen şok

Ürək çatışmazlığı arterial hipertoniyalar, ürək qüsurları, miokarditlər, tac damarların çatışmazlığı: koronar sklerozlar, koronar spazmalar, tac damarların tromb kütlələri ilə tıxanması və nahiyə qan təchizatının pozulması – miokard infarktı nəticəsində ürəyin daha doğrusu ürək əzələsinin gücə düşməsi və əldən düşməsi nəticəsində meydana çıxır. Bu zaman qan dövranı durğunluğu ürək əzələsini normal təchiz edə bilmir. Əsas nasos funksiyasına malik sil mədəcik çatışmazlığı öz növbəsində kiçik qan dövranında durğunluğa səbəb olur ki, bu da təngnəfəslik, sianozlarla – göyərmələrlə, köpüklü qanhayxırmalarla, ağciyər ödemi, qaraciyərin böyüməsi ilə müşahidə olunur. Nəticə etibarı ilə orqan və toxumaların hipoksiyası və digər metabolizm pozğunluqları meydana çıxmış olur.

Ürək çatışmazlığının əsas əlamətlər

• Yorğunluq, təngnəfəslik
• Köpüklü öskürək, qanhayxırma
• Akrosianozlar – barmaqların uclarının və dodaqların göyərməsi
• Ağciyər ödemi
• Aşağı ətrafların ödemi – şişkinliyi
• Perikard və plevra boşluqlarına mayenin toplanması
• Assit – qarın boşluğuna mayenin toplanması
• Qaraciyərin böyüməsi

 

Ürək çatışmazlığının gedişatı

Ürək çatışmazlığı iki cür gedişata malikdir: kəskin və xroniki.
• Kəskin ürək çatışmazlığı bir saatdan bir günə qədər inkişaf edir. Buna səbəb isə ürək ritm pozğunluğu: taxikardiya ya da bradikardiya, travma nəticəsində meydana çıxan ürək tamponadası, qəfləti ürək qapaqcıqlarının vətər elementlərindən birinin qırılması, infeksion miokardit, ağciyər emboliyası, miokard infarktıdır. Kəskin gedişatda meydana çıxan bu patoloji funksional pozğunluğa orqanizm hazır olmadığına görə kompensasiya mərhələsi olmadan dekompensasiya mərhələsi başlamış olur.
• Xroniki ürək çatışmazlığı isə bir aydan bir ilə qədər müddətdə inkişaf edərək və uzun sürür. Bu proses ləng və uzun sürdüyü üçün orqanizmin kompensator mexanizmləri ilə: ürək əzələsinin qalınlaşması, qan damarlarının daralması qan həcminin artması ilə xarakterizə olunur. Bu mərhələ kompensasiya olunan ürək çatışmazlığı adlanır. Sonradan orqanizmin rezerv qabiliyyəti tükəndikdən sonra dekompensasiya: ödem, dispnoe – təngnəfəslik mərhələsinə qədəm qoyur. Təngnəfəslik əlaməti sakit vəziyyətdə və ya cüzi yükləmə zamanı özünü qabarıq şəkildə göstərir.

Ürək çatışmazlığının təsnifatı

1. Heç bir fiziki məhdudiyyət yoxdur. Adi gündəlik fiziki məşğulluq təngnəfəslik, ürəkdöyünmə, döş inağı kimi əlamətlərsiz ötüşür.
2. Yüngül fiziki məhdudiyyət. Sakit vəziyyətdə heç bir şikayətin olmamağı. Adi gündəlik fiziki məşğulluq təngnəfəslik, ürəkdöyünmə, döş inağı kimi əlamətləri üzə çıxarmış olur.
3. Ciddi fiziki məhdudiyyət. Sakit vəziyyətdə heç bir şikayətin olmamağı. Cüzi fiziki məşğulluq təngnəfəslik, ürəkdöyünmə, döş inağı kimi əlamətləri dərhal üzə çıxarmış olur.
4. İstər cüzi fiziki məşğulluq, istərsə də tam sakitlik zamanı təngnəfəslik, ürəkdöyünmə, döş inağı kimi əlamətlər özünü göstərməkdədir. Yataq xəstəsi.
Müalicə
Müalicəyə ciddi yanaşmaq lazımdır. Xəstə hər zaman həkim nəzarəti altında olmalıdır.

Ürək çatışmazlığı zamanı operativ müdaxilələr

• Ürəyin nasos funksiyasının kəskin azalması və ürəyin ötürücü sisteminin pozulması belə ki, His dəstəsinin sol ayaqcığının blokadası zamanı biventrikulyar ürək elektrostimulyatorunun implantasiyası;
• Spontan və qəflətən baş verən mədəcik taxikardiyalarında Ürəkdaxili kardioversion-defibrilyatorun (ICD) implantasiyası;
• Ürək qapaqlarının çatışmazlığında qapaq konstruksiyaları ya süni qapaqla əvəzlənməsi əməliyyatları;
• Qlobal çatışmazlıqda “süni ürək”, yaxud sol mədəcik yardımçı sisteminə (LVAD) ya da süni qan dövranı aparatına qoşulma. Bu müdaxilə ürək köçürməsinə qədər və yaxud miokarditlərdə ürək əzələsinin öz qüvvəsini bərpa edənə qədər müvəqqəti körpü funksiyası daşıyır.

Next Post

Sistit, sidik kisəsinin selikli qişasının iltihabı

Ca Noy 19 , 2015
Sidik kisəsinin selikli qişasının iltihabı Sistit — sidik kisəsinin selikli qişasının iltihabı xəstəliyidir. Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20-25 faizi müxtəlif formada sistit keçirirlər, 10 faizi isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artırlar. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin […]