Xərçəng xəstəliyi nədir?

Xərçəng xəstəliyi nədir?

Xərçəng hüceyrələrinin nizamsız bölünməsi, sürətlə artması, kütlə əmələ gətirən xəstəliklərə aiddir.  Faktiki olaraq 100-ə yaxın müxtəlif xərçəng növü var və onların hər biri hüceyrənin növünə uyğun olaraq təsnif edilir. Zədələnmiş hüceyrələr nəzarətsiz şəkildə bölünərək tümör adlanan toxuma kütləsi yaxud şiş yaratdıqda, xərçəng yaranır. Şişlər (tümörlər) həzm, sinir və qan dövranı sistemində inkişaf edə bilir, bir sözlə insan orqanizmində inkişafı üçün münasib yerdə kök salır. Xərçəng inkişaf etdikcə insan orqanizminə müdaxilə etməyə başlayır. Nəticədə insanın təbiəti dəyişikliyə məruz qalır.

Gün ərzində insan orqanizminda (DNT-də) təxminən 10 000 mutasiya prosesi baş verir və buna baxmayaraq immun sistemi hər millisaniyə orqanizmi həmin yararsız hüceyrələrdən təmizləyir.

Bir nöqtədə dayanan və məhdud şəkildə böyüyən şişlər adətən xoşxassəli hesab edilirlər. Xərçəng hüceyrələri meydana gəldikləri şişdən ayrıldığı təqdirdə, qan və ya limfa dövranı vasitəsi ilə bədənin digər nahiyələrinə miqrasiya edir. Yeni münasib ocaqda şiş koloniyaları əmələ gətirir və böyüyüb çoxalmağa davam edirlər. Şiş sağlam toxumaları məhv edərək bədənin digər hissələrinə yayılıb inkişaf etdikdə, bu metastaz (şaxələnmiş) xərçəng adlanır. Bu prosesin özü isə metastaz adlanır və müalicəsi taktiki cəhətdən mürəkkəb sxematik müalicə tələb edir.
Bədənimizdəki bütün orqanlar canlının ən kiçik quruluş daşı olan hüceyrələrdən meydana gəlir. Sağlam bədən hüceyrələri bölünə bilmə qabiliyyətinə malikdirlər. Orqanlar ölən hüceyrələrin yenilənməsi və zədələnmiş toxumaların bərpa edilməsi məqsədiylə bu qabiliyyətlərini istifadə edirlər. Lakin bu qabiliyyətləri də məhduddur. Sonsuz bölünə bilməz. Hər hüceyrənin həyatı boyunca müəyyən bir bölünmə sayı vardır. Sağlam bir hüceyrə nə vaxt və harada bölünəbiləcəyini bilmə qabiliyyətinə malikdir.

Xərçəng qarşısıalınmaz şəkildə böyüyən və məhv olmayan hüceyrələrin nəticəsində yaranır. Orqanizmdəki normal hüceyrələr nizamlı şəkildə böyümə, bölünmə və ölmə mərhələrindən keçir. Müntəzəm hüceyrə ölümü apoptozis adlanır və bu proses pozulanda, xərçəng yaranmağa başlayır. Normal hüceyrələrdən fərqli olaraq, xərçəng hüceyrələri proqrammatik ölüm yaşamır, bunun əvəzində isə böyüməyə və bölünməyə davam edir. Bu, nəzarətsiz şəkildə böyüyən, qeyri-normal hüceyrə kütləsinin yaranması ilə nəticələnir.

Xərçənglər meydana gəlməyə başladıqları orqan və mikroskopik quruluşlarına görə təsnif edilirlər. Fərqli tipdəki xərçənglər fərqli sürətlərdə böyüyür, fərqli yayılma formaları göstərir və fərqli müalicələrə cavab verirlər. Buna görə də xərçəng xəstələrinin müalicəsində mövcud xərçəng növünə görə fərqli müalicələr tətbiq olunur. Hər xərçəng eyni quruluşa malik deyil.
Bədəndə mutasiyaya uğrayan hüceyrələrin ancaq çox kiçik bir qisimi xərçəngə gətirib çıxarır. Bunun bir çox səbəbi vardır;
• Mutasiya edən hüceyrələrin həyat qabiliyyətləri normal hüceyrələrlə müqayisədə daha azdır. Buna görə ölürlər.
• Mutasiya edən hüceyrələrin bir çoxunda həddindən artıq böyüməyi önləyən normal geridönüm nəzarət qurğusu (“şiş zəiflədici genlər”) mövcuddur. Buna görə həyatda qala bilən mutant hüceyrələrin çox azı xərçəngli hüceyrəyə çevrilir.
Xərçəng potensialı daşıyan bu hüceyrələr böyüyüb xərçəng meydana gətirməzdən əvvəl, bədənin immun sistemi tərəfindən yox edilirlər. Bu hadisə belə açıqlanır:

Mutant hüceyrələrin çoxu dəyişikliyə uğramış genləri səbəbiylə öz içlərində anormal zülal meydana gətirirlər. Bu anormal zülallar bədənin immun sistemini xəbərdar edərək yad cisim istehsalına və ya xərçəngli hüceyrəyə qarşı həssaslıq qazanmış linfosit meydana gəlməsinə səbəb olaraq xərçəngli hüceyrənin yox edilməsini təmin edirlər. Bu hadisəni dəstəkləyən bir gerçək də orqan köçürülməsi səbəbiylə immunsupresif müalicə alan xəstələrdə xərçəng riskinin beş qat artmasıdır.

İmmun sisteminin fəaliyyətini pozan vəziyyətlər xərçəng hazırlayıcı faktorlar olaraq bilinir. İmmun sistemi tərəfindən yox edilməmiş bu hüceyrələr idarəsiz şəkildə çoxalaraq olduqları toxumanı ələ keçirir. Yalnız o toxuma ilə kifayətlənməyib, qonşu toxumalara da yayılırlar (invazyon). Qan və limfa dövranı yolu ilə bədənin digər bölgələrinə də yayılırlar (metastaz).

Xərçəng başlanğıcı olan sahədə ən əhəmiyyətli xüsusiyyət kütlənin ətraf toxumalara dolaşıq, yapışıq olmasıdır. Xərçənglər xoşxassəli və bədxassəli olmaqla iki hissəyə ayrılır. Bədxassəli şişlər başqa toxumalara və orqanlara yayılma (metastaz) xüsusiyyəti göstərirlər. Xoşxassəli şişlər, ümumiyyətlə, sərhədləri görünən kütlələrdir. Lakin bədxassəli şişlər sərhədləri qeyri-müəyyən olur və qonşu toxumaya möhkəm yapışırlar. İlk mərhələlərdə, ümumiyyətlə, ağrısızdırlar.
Xərçəngin simptomları tamamilə müxtəlifdir və xərçəngin harada yerləşməsinədən, haraya yayılmış olmasından və şişin ölçüsündən aslıdır. Xərçəng dəri üzərindən görülə yaxud hiss edilə bilir – döşdə və ya xayada əmələ gələn şiş bu nahiyələrdə xərçəngin göstəricisi ola bilir. Dəri xərçəngi (melanoma) adətən dəri üzərindəki xal yaxud ziyillərdə baş verən dəyişikliklərlə müşahidə edilir. Ağız xərçəngi bəzən ağızın içərisindəki ağ ləkələr və ya dil üzərindəki ağ nöqtələrlə müşahidə edilir.

Digər xərçəng növlərinin fiziki cəhətdən daha az aşkar simptomları vardır. Beyin xərçəngi əhəmiyyətli beyin funksiyalarına mənfi təsir etdiyinə görə, simptomlar bəzən xəstəliyin erkən çağlarında özünü biruzə verir. Mədəaltı vəzi xərçənginin simptomları özünü biruzə vermək üçün olduqca kiçikdir və adətən sinirlərə ağrı verməyənə yaxud qara ciyərin fəaliyyətinə müdaxilə edərək dəridə və gözdə sarılıq xəstəliyi adlanan saralmaya səbəb olmayana qədər simptomlar müşahidə edilmir.

Həmçinin simtomlar şiş böyüdükcə və orqanlar və qandamarlarına təzyiq göstərdikcə yarana bilər. Məsələn yoğun bağırsaq xərçəngi qəbizlik, ishal və nəcisin ölçüsündəki dəyişiklər kimi simptomlarla müşahidə edilir. Sidik kisəsi yaxud prostat vəzi xərçəngi sidik kisəsinin fəaliyyətində tez-tez yaxud gec-gec sidik ifrazı kimi dəyişikliklərə səbəb olur.

Xərçəng hüceyrələri bədənin enerjisini istifadə etdiyinə və normal hormonların fəaliyyətinə müdaxilə etdiyinə görə, qızdırma, yorğunluq, həddən artıq tərləmə, qanazlığı (anemiya) və gözlənilməz çəki itkisi kimi simptomları müşahidə etmək mümkündür. Lakin bu simptomlar bir sıra digər xəstəliklər üçün də xarakterikdir. Məsələn, öskürək və səsin batması boğaz və ağ ciyər xərçəngi ilə bərabər bir sıra digər xəstəliklərin də göstəricisi ola bilər.

Xərçəng yayıldıqda yaxud şaxələndikdə yeni zədələnmiş sahədə əlavə simptomlar özünü biruzə verə bilər. Şişmiş yaxud genişlənmiş limfa düyünləri ümumi göstəricidir və əksər hallarda xəstəliyin erkən çağlarında müşahidə edilir. Xərçəng beyinə yayıldığı təqdirdə, xəstədə başgicəllənməsi, başağrıları və ürəkkeçmələr müşahidə edilə bilər. Xərçəngin ağ ciyərlərə yayılması öskürək və tənginəfəsliyə səbəb ola bilər. Bundan əlavə, qaraciyər genişlənə və sarılığa səbəb ola bilər və sümüklər ağrıya, kövrək ola və asanlıqla qırıla bilər. Metastazın simptomları xərçəngin hansı sahəyə yayılmış olmasından asılıdır.

Xərçəngin Müalicəsi

Xərçəngin müalicəsi xərçəngin növündən, mərhələsindən, xəstənin yaşından, sağlamlıq durumdan və əlavə şəxsi xüsusiyyətlərindən asılıdır. Xərçəngin müalicəsinin tək bir üsulu yoxdur, xəstələrə adətən müalicələr kombinasiyası və palliativ qayğı göstərilir. Müalicələr adətən aşağıdakı kateqoriyaların biri ilə aparılır; əməliyyat, şüalanma, kimyaterapiya, immunoterapiya, hormon yaxud gen terapiyası.

Kimyaterapiya

Kimyaterapaiyada proteinlərə və ya DNT-yə ziyan verərək hüceyrənin bölünməsi prosesinə müdaxilə edən kimyəvi maddələrdən istifadə edilir və nəticədə xərçəng hüceyrələri öz-özünü məhv edir. Bu müalicələr istənilən bölünən hüceyrəni hədəfləyir, lakin normal hüceyrələr adətən kimyəvi zədələnmədən sağala bildiyi halda, xərçəng hüceyrələri sağalmır. Dərmanlar bütün bədən boyu hərəkət etdiyinə görə kimyaterapiya adətən yayılmış yaxud şaxələnmiş xərçəngin müalicəsi üçün istifadə edilir.

Bu müalicə qan xərçəngi və limfomanın bəzi formaları üçün lazımlıdır. Kimyaterapiya mərhələlərlə həyata keçirilir və beləliklə, bədənin dozalar arasındakı müddətdə sağalmağa vaxtı olur. Lakin saç tökülməsi, ürək bulanması, yorğunluq, qusma kimi yan təsirləri vardır. Kombinasiya terapiyasına kimyaterapiyanın müxtəlif növləri yaxud digər müalicələrlə əlaqəli kimyaterapiya daxildir.

Şualanma

Həmçinin radioterapiya kimi də bilinən şüalanma müalicəsində xərçəng hüceyrələri üzərinə yüksək enerjili şüalar salmaqla xərçəngi məhv edilir. Bu, xərçəng hüceyrələri yaradan malekulları zədələyir və onların öz-özlərini məhv etməsi ilə nəticələnir. Radioterapiyada radium kimi metallardan ayrılan yüksək enerjili qamma şüaları yaxud xüsusi maşınlarda hazırlanan rentgen şüalarından istifadə edilir.

Enerji şüaları normal və sağlam toxumaya zərər yetirdiyinə görə, əvvəllər şüalanma müalicələri kəskin yan təsirlərə səbəb olurdu, lakin texnologiya inkişaf etmişdir və beləliklə şüalar daha diqqətli şəkildə istifadə edilir. Radioterapiya şişi yox etmək yaxud xərçəng hüceyrələrini məhv etmək üçün istifadə edilən müstəqil müalicədir, lakin o, həmçinin digər xərçəng müalicələri ilə birlikdə də istifadə edilir.

Əməliyyat

Xərçəngin məlum ən qədim müalicəsi əməliyyatdır. Xərçəng yayılmadığı təqdirdə, onu əməliyyat yolu ilə bədəndən götürməklə xəstəni tamamilə sağaltmaq mümkündür. Bu adətən prostatın, döşün yaxud xayanın əməliyyat yolu ilə götürülməsi ilə müşahidə edilir. Lakin xəstəlik yayıldıqdan sonra, bədəndəki bütün xərçəng hüceyrələrini götürmək demək olar ki, qeyri-mümkündür. Həmçinin əməliyyat bağırsaq tıxanması yaxud onurğa beyninin sıxılması kimi simptomlara nəzarət etməkdə faydalı ola bilər.

Hal-hazırda cərrahlar şişi götürdükəri zaman heç bir bədxassəli toxumanın qalmadığına əmin olmaq üçün həmçinin sağlam toxumadan da nümunə götürürlər. Yəni, toxuma nümunələrinin sağlam olduğuna əmin olmaq məqsədi ilə laboratoriyada test edildiyi əlavə 30 dəqiqə ərzində xəstələr adətən ümumi narkoz altında saxlanılırlar. Toxuma nümunələri sağlam olmadığı təqdirdə, cərrah əməliyyat otağına geri dönməli və daha çox toxuma götürməlidir.

Xərçəngin qarşısının alınması

Asanlıqla qarşısı alınan xərçənglər müəyyən davranışlarla sıx əlaqəli olanlardır. Məsələn, siqaret çəkməmək yaxud spirtli içki içməmək əsasən ağciyər, boğaz, ağız və qaraciyər xərçəngi kimi bir sıra xərçəng növlərinin yaranma riskini azaldır. Hətta əgər siz hal-hazırda siqaret çəkirsinizsə, bunu tərgitməklə xərçəngə tutulmama şansınızı son dərəcə artıra bilərsiniz. Kölgədə dayanmaqla, şapka və köynək vasitəsi ilə özünüzü günəşdən qorumaqla və günəş kremindən istifadə etməklə dəri xərçənginin qarşısı alına bilər.

Həmçinin qidalanmamız da bu xəstəliklə əlaqəli olduğuna görə, pəhriz qida növləri xərçəngdən qorunmanın əhəmiyyətli hissəsidir. Həkimlər təzə meyvələr, tərəvəzlər və bütün dənli bitkilərlə zəngin və az yağlı pəhriz məsləhət görürlər. Müəyyən peyvəndlər bəzi xərçəng növlərinin qarşısının alınması ilə əlaqəlidir. Məsələn, bir çox qadın uşaqlıq boynu xərçəngi ilə əlaqədar olan papilomavirus əleyhinə peyvənd vurdurur. Hepatit B peyvəndləri qara ciyər xərçənginə səbəb olan Hepatit B virusunun qarşısını alır.

Next Post

Yan amiotrofik skleroz

Bz Okt 25 , 2015
Yan amiotrofik skleroz Yan amiotrofik skleroz (YAS, ing. ALS) və ya Şarko xəstəliyi və ya Lou Gehriq xəstəliyi — nevroloji xəstəlik olub,proqressiya edərək icraetmə funksiyasının pozulmasına, sosial dezadaptasiyaya və sonda ölümə gətirib çıxarır. Ön buynuzlarda və beyin kötüyündə yerləşən aşağı motoneyron, presentral qırışda yerləşən yuxarı motoneyron, kortikospinal yolların və əksərən […]