Xora xəstəliyi, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi — bütün orqanizmin xronik xəstəliyi. Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora qüsurunun əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəlik tsiklik gedişli olub, müxtəlif müddətli kəskinləşmə (residivlə) və remissiyalarla keçir.
Xora xəstəliyi Geniş yayılmış xəstəliklərdəndir. Bu xəstəliyə kişilər qadınlara nisbətən 3—10 dəfə çox tutulur. Xora xəstəliyinin etiolokiyasında ümumi sinir sistemi və hormonal tənzimedici mexanizmlərdəki pozğunluqlara, həmçinin mədənin özündə baş verən dəyişikliklərə (turşuluğun artması, selik ifrazının azalması) böyük əhəmiyyət verilir.
Xora xəstəliyinə tutulanlarda mədə şirəsinin miqdarı və turşuluğu çoxalır, mədə şirəsini tənzimləyən azan sinirin tonusu artır. Xora xəstəliyi, irsi xüsusiyyətlərdən, qidalanma rejiminin pozulmasından, kəskin qidalar yedikdə, spirtli içkilər içdikdə, papiros çəkdikdə və sinir-psixi gərginlikdən baş verə bilər.
Xora qüsurunun mədədə və ya onikibarmaq bağırsaqda yerləşməsindən asılı olaraq mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi. ayırd edilir. Xora çox vaxt mədənin kiçik əyriliyində, girəcək hissəsində və mədə bucağı nahiyəsində, onikibarmaq bağırsaqda isə bağırsağın soğanaq hissəsində, bəzən soğanaqdan aşağıdakı hissələrdə yerləşir, bir neçə mm-dən 5—6 sm böyüklükdə dairəvi formada olur.
Mədənin xora xəstəliyində qabırğaaltı nahiyədə ağrılar (ağrı, adətən yemək yeyəndə və ya yeməkdən 10—15 dəq sonra) başlayır. Çox yedikdə, habelə qıcıqlandırıçı yeməklər ağrının kəskinləşməsinə səbəb olur. Onikibarmaq bağırsağın xora xəstəliyində isə ağrı yemək yedikdən 1—2 saat sonra başlayır, yemək qəbulu ağrını azaldır. Çox vaxt ağrılar gecə başlayır. Xəstəliyin əsas əlamətlərindən biri mədə qıcqırmasıdır. Xəstəliyin kəskinləşməsi zamanı gəyirmə, ürəkbulanma, qusma halları da olur.
Xəstələr bəzən ağız suyunun artmasından, qəbizlikdən də şikayətlənirlər. Xəstəlik çox vaxt yaz və payızfəsillərində kəskinləşir. Xəstəliyin gedişində bəzi ağırlaşmalara təsadüf edilə bilər: qanaxma, xoranın qonşu orqanlara penetrasiyası (keçməsi), xoranın sərbəst qarın boşluğuna perforasiyası (deşilməsi), mədə çıxacının daralması (stenoz), xoranın xərçəngkə çevrilməsi və s. Mədə və ya onikibarmağ bağırsağın xorasının perforasiyasında qarında şiddətli ağrı olur, xəstəni soyuq tər basır, rəngi avazıyır, qan təzyiqi aşağı düşür.
Xora xəstəliyi, zamanı qanaxma olduqda nəçisin rəngi qaralır, qanqusma halları baş verə bilər. Bu zaman xəstə ümumi zəiflikdən, ətraflarının soyumasından şikayətlənir, nəbzi sürətlənir, qan təzyiqi aşağı düşür. Düzgün diaqnoz qoymaq üçün rentgen müayinəsindən və qastroskopiyadan istifadə edilir.
Müalicə
Əsasən, pəhriz saxlamaq, mədə şirəsini artıran qidaları (ədviyyatlı və ekstraktiv qidalar, konservlər və s.) qida rasionundan çıxarmaq. Süd və süd məhsulları yemək, mədə turşuluğunu neytrallaşdıran (vikalin, almagel), mədə sekresiyasını azaldan (atropin, belloid), spazmı aradan qaldıran (noşpa, papaverin), sinir sistemini sakitləşdirən (brom preparatları), xoranın sağalmasını sürətləndirən preparatlardan istifadə etmək. Xəstəliyin kəskin dövrü keçəndən sonra sanatoriya-kurort müalicəsi (Yessentuki, Borjomi, İstisu) xora xəstəliyinin bəzi ağırlaşmaları (qanaxma, xoranın deşilməsi) zamanı təcili cərrahi müdaxilə.
Profilaktikası
Rasional pəhriz rejimi, papiros çəkməmək, qastriti vaxtında müalicə etmək.