Bütün günü kompüter qabağında əyləşib çalışırsınız və beyninizi informasiya ilə doldurursunuz. Nəzərə alın ki, gün ərzində qida qismində aldığınız enerjinin 1/3 hissəsini məhz düşünən beyniniz sərf edir. Bu sərfiyyat vaxtında kompensasiya olunmadığı halda yaddaş hüceyrələri aktivliyini azaldır və siz tormozlanma hiss edirsiniz. Aktivliyin azaltması prosesi əslində təbiidir, həyatınız üçün vacibdir.
Əgər enerji qıtlığı varsa orqanizm qənaət edir ki, insan şüurunu növbəti qidalanmağına qədər qoruyub saxlasın və özünü idarə edə bilsin. Məhz bu səbəbdən zehni düşünən insan, beyninin fəaliyyətini aktiv saxlamaq üçün, vacib sayılan bəzi qida maddələri var ki, onlarla mütləq qidalanmalıdır. Yoxsa gün ərzində beyninizə yüklədiyiniz informasiyanı ani olaraq itirə bilərsiniz. Məsələn, siz istədiyiniz anda lazımı informasiyanı yada sala bilmirsiniz, hər zaman gördüyünüz və ünsiyyətdə olduğunuz insanın adını ani olaraq unudursunuz və yaxud oxuduğunuzu heç cür yadda saxlaya bilmirsiniz və s.
Uzun müddət hərəkətsiz olduğunuz zaman arada fasilə verib vacib qida maddələri ilə zəngin məhsullarla qidalanmalısınız. Kifayət qədər keyfiyyətli və eyni zamanda orqanizmi yükləməyən qida qəbul edirsinizsə onda qan-damar sisteminiz fəaliyyətini aktiv saxlaya biləcək. Əks halda qan dövranında ləngimə yaranacaq və beyniniz vacib oksigen və qida maddələri ilə təchiz olunmayacaq. Onda beyin asfiksiyaya, yəni oksigen aclığına məruz qalacaq. Belə olan halda beyində hüceyrə ölümü baş verir və siz həmin prosesi işemik baş ağrıları kimi hiss edirsiniz.
Yaddaşı möhkəmləndirmək üçün qida məhsulları
- Ev şəraitində becərilmiş toyuq əti
- Balıq əti
- Yumurta
- Qara şokolad
- Meyvə və giləmeyvələr
- Badam qozu
- Qara kişmiş
- Quru ərik
- Təbii bal
- Yaşıl çay
Bu qida məhsullarından müntəzəm qəbul edin. Qara şokolad, badam qozu, qara kişmiş və quru ərik hər zaman əlinizin altında olmalıdır. Tələbat duyduğunuz zaman qəbul edin. Bu məhsullar qarnınızı doldurmaq üçün deyil, beyin üçündür və intuitiv olaraq hiss edən zaman istifadə etmək məsləhətdir. Nəticədə beyninizin fəaliyyətini hər zaman normal aktiv səviyyədə saxlaya biləcəksiniz və beyniniz yorulmayacaq, yaddaşınız möhkəm olacaq.
Dərman vasitələri ilə müalicəni isə həkim hər kəsə onun iş prinsipi, xarakteri və təbiətinə uyğun olaraq təyin edir.