Qarışıq qidalanmanın əhəmiyyəti

Erzaq_Mehsullari

Qarışıq qidalanmanın əhəmiyyəti

Qarışıq və təbii qidalanmanın insan orqanizmi üçün əhəmiyyəti

Mədə-bağırsaq sisteminin normal fəaliyyəti və qida məhsulların keyfiyyəti, sağlamlığın zəmanəti deməkdir. Heç vaxt eyni növ qida məhsullarından uzun müddət qəbul etməyin. Hər zaman qarışıq çeşidli qidalardan istifadə edin ki, orqanizm ona lazım olan maddələri tam şəkildə mənimsəyə bilsin. Tədqiqatlar göstərir ki, qarışıq qida məhsulları ilə qidalanan insanların orqanizmində maddələr çatışmazlığı olmur. Həmçinin mədə-bağırsaq sistemi normal olaraq funksional işini həyata keçirir.

– Dəniz, çay və okean balıqların əti çox faydalı olduğundan, onlardan müntəzəm qəbul edin. Göldə süni yolla yetişdirilmiş balıqlardan isə mümkün qədər imtina edin. Balığın çox faydalı qida mənbəyi olduğunu nəzərə alıb, onu rasionunuzun ayrılmaz hissəsi edin. Bilmək vacibdir ki, növündən asılı olmayaraq qidaya yararlı bütün növ balıqlar faydalıdır.

– Təbii yolla yetişdirilmiş quş əti vacib qida növlərindən biridir. Bu ət növünü mümkün qədər rasionunuzun tərkibinə əlavə edin. Süni üsulla yetişdirilmiş quşların ətindən isə, əksinə imtina etmək məsləhət görülür. Çünki quşların qidasına çəki artırmaq üçün anobolik təsirə malik maddələr əlavə olunur. Bu maddələr isə insan orqanizmi üçün heç də təhlükəsiz deyil. Müntəzəm olaraq bu ət növü ilə qidalananlar arasında xəstəliklərdən əziyyət çəkənlərin sayı daha çoxdur. Sağlamlığınızı qorumaq istəyirsinizsə, onda bilməlisiniz ki, quşlara yedizdirilən anobolik maddələrin təsirini azaltmaq üçün broyler toyuğunun ətini mütləq sobada, təndirdə və yaxud tavada qızartmalısınız. Qaynadılmış halda, ümumiyyətlə qəbul etməyin. Səbəbi odur ki, ət qaynadılanda tərkibindəki maddələr çox zaman dəyişməz olaraq qalır. Yalnız yüksək temperaturda hazırlanmış ətin tərkibində zərərli sayılan anaboliklər parçalanar və qismən də olsa zərərli təsirini itirirlər. Hinduşka, ördək və qaz ətini yalnız ilin soyuq aylarında qəbul edin. Quşların dərisi və piyi xolesterinlə zəngin olduğundan ondan tamamilə imtina edin.

– İri və kiçik buynuzlu ev heyvanların əti gündəlik rasionda ola bilər, lakin birdən-birə çox miqdarda qəbulu yol verilməzdir. Heyvanın növündən asılı olmayaraq erkək heyvanın yaşı iki ildən çox olmamalıdır. Dişidirsə bəhər almamış heyvan əti olmalıdır. Ətdən piy qatlarını ayırın və piyindən tamamilə imtina edin.

– Süd məhsullarının gündəlik rasionda olması vacibdir. Süd məhsulları dedikdə süzmə, qatıq, pendir və kərə yağı nəzərdə tutulur. Süzmə, qatıq və pendir adətən çox miqdarda qəbul olunmur. Gündə 10-15 qram kərə yağının isə ziyanı yoxdur. Beləliklə siz ürək-damar və mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmış olursunuz.

– Gündəlik qəbul etdiyiniz qidanın çox hissəsini bitki mənşəli qida növləri təşkil etməlidir. Bu qida növlərinə aiddir: meyvələr, tərəvəzlər, dənli, paxlalı və bostan bitkiləri. Hər zaman rasionun əsasını təşkil edən bitki mənşəli qidaları heyvan mənşəli qidalarla zənginləşdirin ki, orqanizmə vacib qida maddələri tam həcmdə daxil olsun. Yeməkləri bitki yağları istifadə etməklə hazırlayın.

– İçkiləri yalnız tələbat yarananda qəbul edin. Qazlı və mineral sulardan birdən-birə çox miqdarda qəbul etməyin. Şirin içkilərdən isə gün ərzində bir-iki stəkan qəbul etmək olar. Susuzluq hiss edəndə daha çox adi suya və açıq çaya üstünlük verin.

– Baş-beynin və ürəyin fəaliyyətini yaxşılaşdırmaq üçün gündəlik rasiona qoz, fındıq, püstə, quru ərik və yaxud quru gavalı əlavə edin. Heç də vacib deyil ki, eyni vaxtda adı çəkilən bütün çeşidlərdən istifadə olunsun.

– Şirniyyatlar gündəlik tələbatımızın bir hissəsidir. Amma yaxşı olar ki, şirniyyatlar rafinadlı şəkər (saxaroza) tərkibli deyil, digər şəkərlərin əsasında olsun. Daha çox təbii baldan istifadə etmək məsləhət görülür. Həmçinin tərkibində kifayət qədər şəkər olan xurma, əncir, kişmiş, quru ərik və quru gavalıdan istifadə edin.

– Heyvan, quş və balıq əti sobada, təndirdə və tavada qızardılır. Düzgün qızardılmış ət açıq qəhvəyi rəngdə olmalıdır. Rəngi tünd qəhvəyi və ya qaralmış ətin keyfiyyəti aşağı düşür. Çünki tərkibindəki faydalı maddələr itkiyə məruz qalır. Həmçinin normal qızartma fazasını ötmüş ətin insan orqanizminə toksiki təsiri vardır.

– Tərəvəzləri həddindən artıq müddət qaynatmaq və qızartmaq məsləhət görülmür. Çünki keyfiyyətini tez itirə bilir və dəyəri aşağı düşür. Bəzi tərəvəzləri termik istehsal etmədən qəbulu daha faydalıdır. Ona görə də təzə tərəvəzləri gündəlik rasiona əlavə edin.

Şəfahət Həsənov. Bizimtebib.az saytı üçün.
Bu yazını müəllifin və saytın adını göstərmədən çap etməyə icazə verilmir!

Next Post

Aloe vera bitkisinin müalicəvi və faydalı xüsusiyyətləri

Bz Noy 1 , 2015
Aloe vera bitkisinin müalicəvi və faydalı xüsusiyyətləri Aloe veranın  faydalı xüsusiyyətləri.  Zədələnmiş toxumaların regenerasiya (bərpası) prosesini sürətləndirir. Orqanizmin funksional işini aktivləşdirir, toksiki maddələrdən təmizləyir, immun sistemini gücləndirir və orqanizmdə gedən maddələr mübadiləsini yaxşılaşdırır. Həmçinin mədə-bağırsaq sistemində gedən həzm prosesinə müsbət təsiri vardır. Kalın evakuasiyasını tezləşdirməklə yanaşı bağırsaqların selikli qişasındakı iltihabı […]