Malyariya xəstəliyi

Malyariya xəstəliyi

Malyariya ölümcül qlobal xəstəliklərdən biridir və xüsusilə Afrikada çox yayılıb. Ağcaqanadların yaratdığı bu xəstəlik əsasən Sahara Afrikasında üstünlük təşkil edir.

Malyariya xəstəliyinin yaranması
Malyariya parazitləri insanın qanına düşdükdə dövr edərək qaraciyərə düşürlər, onun hüceyrələrinə nüfuz edirlər, orada böyüyərək çoxalırlar. Sonradan parazitlər qaraciyəri tərk edərək eritrositlərə daxil olurlar. Bu proses bir həftədən bir neçə aya kimi çəkə bilər. Parazitlər qaraciyərdə olduqda insan heç bir narahatlıq hiss etmir.

Eritrositlərə daxil olan parazitlər öz inkişafını davam etdirir və çoxalırlar. Eritrositlərin qılafı partladıqdan sonra onlar digər eritrositlərə daxil olmağa imkan əldə edirlər. Bu cür halda parazitlər toksinlər ifraz edirlər (zəhərlər). Qan dövranına düşəndə parazitlər digər orqanlara, o cümlədən beyinə də xətər yetirə bilər, bunun səbəbi ağır infeksiyaya məruz qalmış eritrosit laxtalarının qanın kapillyarlarda hərəkətinə maneçilik törətməsidir (belə olduqda bədən toxumaları zəifləyir). Bu mərhələyə çatdıqda insan artıq halsızlıq və zəiflik hiss etməyə başlayır.

Malyariya xəstəliyinin əlamətləri
Malyariyanın simptomlarının sırasına, yüksək qızdırma, üşütmə, baş ağrılarını, əzələ ağrılarını və yorğunluğu aid etmək olar. Bundan savayı eyni zamanda ürək bulanması, qusma və ishal da müşahidə oluna bilir. Eritrositlərin parçalanması səbəbindən malyariya anemiyanın yaranmasına və eləcə də ödün dağılmasına (dəri və gözlərin saralması) gətirib çıxara bilər.

Malyariyanın parazitlərinin ən təhlükəli növü olan Plasmodium falciparum tərəfindən törədilən xəstəlik zamanı böyrək çatışmazlığı, epileptik qıcolmalar, əqli pozğunluqlar, koma, və vaxtında müvafiq tibbi köməyin göstərilmədiyi təqdirdə ölüm baş verə bilər.

Əksər hallarda simptomlar özünü yoluxmadan sonra 10 gün-4 həftə ərzində büruzə verir, lakin insan halsızlıq və zəifliyi həm 8 gündən sonra, həm də bir ildən sonra hiss edə bilər. Malyariyanın iki növü, Plasmodium vivax və Plasmodium ovale residivlərin ortaya çıxmasına səbəb ola bilər, bunun səbəbi ondan ibarətdir ki, malyariya parazitlərinin bəziləri insanın qaraciyərində bir neçə aydan başlayaraq 3 ilə kimi qala bilərlər. Bu parazitlər passiv haldan çıxaraq eritrositlərə daxil olmağa başladığı vaxtdan insanda xəstəlik halı üzə çıxmağa başlayır.

Malyariya parazitləri bir xəstə insandan sağlam insana adətən Anopheles cinsindən olan ağcaqanadların vasitəsi ilə ötürülür. Ağcaqanadı yoluxduran parazitin forması qametosit adlanır. Qametositlər merozoitləri qana daxil olduqdan sonra infeksiyaya yoluxmuş insanların daxili orqanlarının kapillyarlarında inkişaf etməyə başlayırlar.

Ağcaqanadlar üçün yoluxucu olan yetkin qametositlər periferik qanda təqribən 3 (Plasmodium vivax olduqda) və 10 gündən sonra (Plasmodium falciparum və Plasmodium malariae olduqda) peyda olmağa başlayırlar. Anopheles cinsindən olan ağcaqanadın dişisi infeksiyaya yoluxmuş insanı sancdıqda, onun qanını sorarkən qan ilə birlikdə malyariya qametositlərini də udur.

Bu təqdirdə, malyariya paraziti ağcaqanadın orqanizmində bir müddət qalaraq inkişaf etməlidir, və yalnız bundan sonra o özü digər insanları yoluxdura bilər. Bu cür müddətin sürəkliliyi (sporogenik dövr) Plasmodiumun növündən və eləcə də ətraf mühitin temperaturundan asılıdır. Afrika regionları kimi həddən artıq endemik olan bölgələrdə malyariya xəstəliyinə bir neçə dəfə düçar olmuş insanlarda həmin xəstəliyə qarşı kliniki simptomların əksər hissəsini yatırdan müəyyən immunitet yaranır.

Bu cür insanlar öz orqanizmlərində sancma zamanı ağcaqanadları yoluxduran qametositləri daşıya bilərlər. İmmuniteti olmayan insanlarda kliniki simptomlar bir qayda olaraq qametositlər periferik qanda peyda olana kimi inkişaf edir. Əgər istənilən şəxs malyariyaya yoluxubsa və onda kliniki simptomların ortaya çıxmasından öncə lakin merozoitlərin qaraciyərdən qan dövranına daxil olduqdan sonra həmin şəxs qan donoru kimi çıxış edirsə, bu təqdirdə həmin insanlar özlərindən xəbərsiz verdikləri qanları ilə infeksiyanı digərlərinə ötürə bilərlər.

Kliniki simptomları olmayan qismi immunitetə malik olan insanların verdikləri donor qanında da malyariya parazitləri ola bilər. Buna bənzər şəkildə, malyariya həmçinin yoluxmuş iynə və şprislərin vasitəsi ilə də ötürülə bilər.

Plasmodium vivax və Plasmodium ovale vasitəsi ilə baş vermiş infeksiyalar zamanı pasiyent praktiki olaraq simptomların özünü büruzə verməsindən dərhal sonra infeksiyanı ağcaqanada ötürə bilər. Plasmodium falciparum ilə yoluxma zamanı isə infeksiyanın ağcaqanada ötürülməsi yalnız bir neçə gün keçdikdən sonra, yəni yetkin qametositlərin periferik qanda peyda olmağa başladıqları zaman baş verə bilər.

Malyariya ilə xəstələnmiş, lakin sonradan tamamilə sağalmış adam onu digərlərinə ötürə bilər. Bu təqdirdə həmin insanlar malyariya xəstəliyinin simptomlarını aşkar etməyən daşıyıcılar şəklində həmin xəstəliyi digərlərinə ötürə bilər. Belə şəxslərə parazitgəzdiricilər deyirlər. Tropik (yuxarıya baxın) malyariyaya qarşı immunitet əldə etmiş insanlarda və yaxud da Plasmodium vivax və ya Plasmodium ovale ilə ilk dəfə xəstələnərək sağalmış insanlarda sonralar xəstəliyin qayıtması hallarının baş verməsinə dair bir çox misal göstərmək olar.

Malyariya infeksiyalarının müalicəsində istifadə olunan xloroxin və mefloxin kimi dərman preparatları qan damarlarında olan Plasmodium falciparumun yetkin qametositlərini məhv etmir. Malyariyanın müalicəsində tətbiq olunan dərman preparatlarının vasitəsi ilə müvəffəqiyyətli müalicə keçmiş insanlar tam olaraq sağlam olduqları halda, orta hesabla təxminən 2 ay müddətində yoluxucu olaraq qalırlar, bu hal qametositlərin təbii ölümlə ölməsi anına kimi və yaxud da insanın qametositləri doğrudan da məhv etməyə qadir olan primaxin kimi dərman vasitəsindən istifadə etməsinə kimi davam edir.

Malyariya xəstəliyinin geri qayıtması
Plasmodium vivax və Plasmodium ovale qaraciyərdə sakitlik vəziyyətində bir neçə ay ərzində qala bilirlər. Qaraciyərin dayanıqlı formaları tərəfindən törədilən xəstəliyin qayıtması halları yoluxmadan sonra aylar, və hətta 4 il keçdikdə baş verə bilər. Müalicə edilməmiş və yaxud da natamam müalicə olunmuş Plasmodium malariae qan infeksiyası insan bədənində illər ərzində, simptomlar üzəçıxana kimi qala bilər və hətta insanın orqanizmində həyat boyu qala bilər.

Plasmodium falciparum növündən olan və dərmanlara qarşı davamlı malyariya parazitinin yayıldığı bölgələrdə, infeksiyanın təkrarən üzə çıxması halı müvəffəqiyyətlə aparıldığı güman olunan kliniki müalicədən bir ay sonra və yaxud da daha gec baş verə bilər. Endemik bölgələrdə təkrar yoluxma ehtimalı hər zaman mövcuddur.

Malayariyanın müalicəsi
Malyariya xəstəliyi vaxtlı-vaxtında və müvafiq şəkildə müalicəyə cəlb olunduğu halda o tam müalicə edilə bilər. Peyvəndin hazırlanması istiqamətində bir çox səylərin göstərilməsinə baxmayaraq, hal-hazırda bu cür peyvənd mövcud deyil. Malyariya resept ilə verilən dərman vasitələrinin köməyi ilə müalicə edilir.

Dərman vasitələrinin növü və eləcə də müalicənin davamiyyəti malyariyanın diaqnostika olunmuş formasından, pasiyentin xəstəliyə yoluxduğu ərazidə dərman vasitəsinə həssaslığın dərəcəsindən, xəstənin fərdi xüsusiyyətlərindən, yaşından, allergiyaya olan meyllilikdən və eləcə də müalicənin başlandığı anda xəstəliyin ağırlığından asılıdır.

Bəs əgər malyariyanın qarşısının alınması ehtimalı varsa və onun müalicəsi mövcuddursa nə üçün bu qədər çox adam həmin xəstəlikdən vəfat edir? Malyariya xəstəliyinə yoluxmuş insanlar arasında ölüm hallarının baş verməsinin başlıca səbəbi xəstəliyin törədilməsi səbəbləri və onun yayılma yolları və eləcə də infeksiyadan qorunma yolları haqqında məlumatsızlıqdır.

Bir çox hallarda insanlar malyariya ilə xəstələndiklərini sadəcə dərk edə bilmirlər və tibbi yardım üçün həddən artıq gec müraciət edirlər. Onlar hesab edirlər ki soyuqdəymə, qrip və yaxud da digər geniş yayılmış xəstəliyə yoluxublar. Tibbi xidmət məntəqələrindən uzaqda yaşayan insanlar əksər hallarda yerli dərman satıcılarına məsləhət üçün müraciət edirlər, bu da ki öz növbəsində hər zaman doğru olmaya bilər, yaxud da onlar qeyri səmərəli dərman preparatlarını alıb onlardan istifadə edirlər.

Malyariyaya yoluxma riskinin yüksək olduğu bölgələrdə insanlar qızdırmanın istənilən forması ortaya çıxdıqda tibbi yardım üçün mütləq tibb müəssisəsinə müraciət etməlidirlər. Kiçik yaşlı uşaqlar və eləcə də hamilə qadınlar yoluxma anından sonra 24 saat ərzində müalicə keçməlidirlər. Ölüm halları ən çox Tropiki malyariya zamanı baş verir. Azərbaycanda yalnız üç günlük malyariya qeydə alınır. Bu növ malyariya zamanı ölüm halları olmur. Lakin vaxtında müraciət olmasa və müalicə edilməsə onda ciddi ağrılaşmalar baş verə bilər.

Malyariyanın geniş yayılmış olduğu regionlarda insanlar həyatı boyu bu xəstəlikdən bir neçə dəfə əziyyət çəkə bilərlər. Belə olduqda həmin insanların bu xəstəliyə meylliyi müəyyən qədər azalır və nəticə etibarı ilə yaş ötdükcə malyariya xəstəliyinin gedişi yüngülləşir. Lakin bu yüngülləşmə qismən baş verir, və müəyyən zaman müddətini əhatə edir, bu da ki keçmişdə baş vermiş xəstələnmə hallarının sayından və eləcə də onların intensivliyindən asılıdır.

Malyariyanın mövsümi və eləcədə epidemik xarakter daşımaqla tez-tez büruzə verdiyi ərazilərdə lazımi qoruyucu immunitet heç vaxt yaranmaya da bilər. Đnfeksiyanın ötürülmə ehtimalının yüksək olduğu endemik regionlarda yenicə doğulmuş körpələr həyatlarının ilk aylarında öz analarının anticisimləri ilə müdafiə olunurlar.

Sonralar illər ötdükcə xəstəlikdən vəfat etmədikləri təqdirdə həmin uşaqlarının özlərində tədricən xəstəliyə qarşı immunitet yaranır. İmmunitet dönmə qabiliyyətinə malikdir, və tamamilə “qorunma” altında olan yaşlı nəsil nümayəndələri malyariya xəstəliyinin hökm sürdüyü ərazilərdən köçüb getdiklərindən bir-iki il sonra öz immunitetlərini itirirlər.

Malyariyanın profilaktikası
Profilaktika infeksiyanın qabağının alınması üçün malyariyaya qarşı olan vasitələrin istifadəsi ilə xəstəliyin qarşısının alınmasına yönəlmiş tədbirlərdir, lakin, tam qorunmanı təmin edə bilmir və malyariya keçiriciləri olan ağcaqanadların sancması riskinə məruz qala bilən insanlar üçün məsələnin tamamilə səmərəli və eləcə də uzunmüddətli həll üsulu sayıla bilməz. Malyariyanın profilaktikası üçün üç əsas üsul mövcuddur:
1. İnsanların ağcaqanad sancımasıdan qorunması
• Əgər bu mümkündürsə, əsas etibarı ilə ağcaqanadların fəal olduğu qaranlığın düşdüyü andan günəşin çıxmasına kimi olan müddət ərzində evdən çölə çıxmaq olmaz.
• Yatdıqda ağcaqanadlardan qoruyan torlardan istifadə edilməlidir (özəlliklə insektisidlər ilə işlənmiş torların istifadəsi tövsiyə olunur)
• Evin bütün pəncərə və qapıları, və ən azından yataq otaqlarında olan pəncərə və qapılar tor ilə örtülü olmalıdır.
• Uzun qollu və ətəkli [balaqlı] paltarlar geyilməli, və ağcaqanadları özlərinə cəlb edən tünd rənglərdə olan paltarların geyilməsindən çəkinmək lazımdır
• Dərinin açıq hissələrinin ağcaqanadlardan qorunması üçün xüsusən repellentlərdən istifadə olunmalıdır
• Ağcaqanadlara qarşı spreylərdən istifadə edilməli və ya ağcaqanadlar əleyhinə spirallar yandırılmalıdır
2. Ağcaqanadların çoxalmasının nəzarətdə saxlanılması:
• Ağcaqanadların yumurta qoya biləcəyi yerlərin durğun su mənbələrinin (gölməçələrin) ləğv edilməsi
• Bərk torpaq süxurlarının və qurudulma əməliyyatlarının vasitəsi ilə ərazilərin mənimsənilməsi
• Ağcaqanad yumurtaları ilə qidalanan xüsusi balıq növünün qamburiyaların yetişdirilməsi
• Ağcaqanad yumurtalarının məhv edilməsi məqsədi ilə suya xüsusi insektisidlərin əlavə edilməsi
3. Ağcaqanadların yetkin fərdlərinin məhv edilməsi:
• Yatmazdan qabaq otaqların insektisid tərkibli aerozollarla işlədilməsi
• Müxtəlif səhiyyə strukturları tərəfindən həyata keçirilən tədbirlərdə, o cümlədən evlərin daxili divarlarının ağcaqanadları məhv edən insektisid tərkibli aerozollar vasitəsi ilə emal işlənməsində iştirak etmək. Qeyd olunmuş strategiyaların həyata keçirilməsi məqsədi ilə, malyariya parazitlərinin peçiriciləri olan ağcaqanadlar haqqında geniş bilgilərə malik olmaq lazımdır.
• Ağcaqanadların bir çox növü mövcuddur, lakin malyariya parazitinin keçiricisi yalnız Anopheles cinsindən olan ağcaqanadlardır. Bütün Anopheles-lərin qanadlarında ağ-qara ləkələr mövcuddur (eyni zamanda bütün ağ-qara ləkələri olan ağcaqanadları Anopheles cinsinə aid etmək olmaz).
• İnsanları sancan yalnız dişi fərddir, əsas etibarilə bu günəşin batmasından günün çıxmasına kimi davam edən zaman müddətində baş verir. Dişi ağcaqanada qan, yumurtaların əmələ gəməsi üçün tələb olunur.
• Ağcaqanadın yumurtaları o qədər kiçikdir ki, onları adi gözlə görmək qeyri mümkündür. Ağcaqanad onları durğun və yaxud da yavaş axını olan suda qoyur. Adətən ağcaqanadlar insanın məskunlaşma yerindən yaxın 2+3 kilometr (1.25 mil) ərazidə yerləşən su hövzələrində çoxalırlar.
• Yumurtalardan suya qoyulduqdan iki və ya üç gün sonra onlardan ağcaqanad sürfələri çıxır. Sürfələr xırda orqanizmlərlə və su bitkiləri ilə qidalanaraq pup formasına keçənə kimi böyüyürlər. Puplar suda qalır, amma qidalanmırlar. Bir neçə gündən sonra pupdan yetkin ağcaqanad çıxır və buradan uzaqlaşır. Əgər bu dişi fərddirsə o insanları sancaraq onların qanı ilə qidalana bilər. Qidalandıqdan sonra ağcaqanad adətən yaxınlıqdakı səthlərin birində istirahət edərək sonradan həmin yerdən uçaraq uzaqlaşır. Sonradan isə həmin dişi fərd yenidən yumurta qoyur və bütün proses təkrarlanır.
4. Ağcaqanadların sancmasının qarşısının alınması:
• Endemik ərazilərdə malyariya ilə mübarizə üsullarından ən başlıcası ağcaqanad sancmalarının qarşısının alınmasıdır. Sancılma riskinin azaldılması məqsədi ilə, aşağıdakı üsulların tətbiqi səmərəlidir:
• Ağcaqanadlara qarşı tor insanın malyariyadan müdafiəsinin çox səmərəli üsuludur. Bu cür torlar ağcaqanadları məhv etmir, lakin siz onun altında olduğunuz müddətdə ağcaqanad sizi sanca bilmir. Malyariya ağcaqanadları adətən insanları günəşin batmasından günün çıxmasına kimi davam edən zaman müddəti ərzində sancırlar. Bu səbəbdən ağcaqanadlara qarşı torlar, qaranlığın düşməsi ilə artıq yuxulayan kiçikyaşlı uşaqlar üçün çox faydalıdır. Bundan əlavə, torlar həmçinin daha böyük yaşlı uşaqların və böyüklərin müdafiəsi üçün də faydalıdır, çünki bəzi ağcaqanadlar yalnız gecə vaxtı sancırlar. Məhz bu səbəbdən ağcaqanadlara qarşı torların istifadəsi faydalıdır. Uşaqlar və hamilə qadınlar ağcaqanadlara qarşı torlardan istifadə edərək yatmağa tez getdikləri zaman axşamlar ağcaqanadların sancmalarından qurtulmuş olurlar. Ağcaqanadlardan müdafiə edən torların altında yatan uşaqlar, adətən malyariya xəstəliyinə bu cür torlardan istifadə etməyən uşaqlara nisbətən daha az düçar olurlar. Həmin uşaqların arasında bu xəstəlikdən ucbatından ölüm və eləcə də ağırlaşma hallarına daha gec-gec rast gəlinir. Üzərinə insektisid hopdurulmuş ağcaqanadlardan qoruyan torlar ən çox malyariyanın ağır formasına yoluxma təhlükəsi altında olan və bu xəstəlik nəticəsində ölə biləcək şəxslər üçün daha çox faydalıdır. Sağlamlıqla bağlı olaraq söyləmək olar ki, bu cür torlar azyaşlı uşaqlar, hamilə qadınlar və eləcə də xəstəliyə qarşı zəif immunitetə malik olan digər şəxslər (məsələn, səyahətçilər) üçün daha çox tələb olunur. Qeyri düzgün istifadə edildikdə ağcaqanadlara qarşı tətbiq olunan torlar malyariyaya yoluxmanın qarşısını ala bilmir:
Ağcaqanadların artmasına nəzarət
Malyariya ağcaqanadları aşağıda sadalanan yerlərdə çoxala bilirlər:
• Şirin və yaxud da azca şor olan sularda, özəlliklə bu cür suların durğun və ya axın sürətinin az olması ağcaqanadlar üçün daha əlverişli şərait yaradır; ş sahilə yaxın su axını surətinin çox az olduğu açıq nohurlarda;
• Yağışların kəsilməsi nəticəsində çay yataqlarında qalan, və yaxud da su ehtiyatlarının qeyri səmərəli istifadəsi nəticəsində yaranan gölməçələrdə;
• Bataqlıqlarda, çəltik tarlalarında və su anbarlarında;
• Yaşayış yerlərinin yaxınlığında olan kiçik gölməçələrdə, nohurlarda, çalalarda, çuxurlarda, kanallarda və içərisində durğun suların olduğu arxlarda;
• İçərisi su ilə dolmuş dırnaqlı heyvanların ləpirlərində;
• Su çənində (su toplayıcılarında); və eləcə də
• Suyun toplana biləcəyi hər bir yerdə, o cümlədən su dibçəklərində, köhnə maşın şinlərinin içərisində və. s.
Yadda saxlayın ki: sizi sancan ağcaqanadlar bir qayda olaraq sizin yaşadığınız ərazidə və ya 2-3 kilometr (1.25 mil) uzaqlığında çoxalırlar. Siz və ictimaiyyətinizin digər üzvləri ağcaqanadların çoxalma tempini aşağıda təsvir edilmiş tədbirləri görərək aşağı sala bilərsiniz:
• Yaşayış yerlərinin yaxınlığındakı nohurlar, gölməçələr, çuxurlar və eləcə də heyvan ləpirləri torpaqdan, qumdan və.s istifadə edilərək doldurulmalıdır.
• İçərisində su yığılıb qala bilən tutumlu qablar ortadan götürülməlidir.
• Suçənləri (su toplayıcıları) ağcaqanadlardan qoruyan xüsusi torlar və ya qapaqlar vasitəsi ilə bağlanılmalıdır.
• Su hövzələrinin sahillərində olan bitkilər təmizlənməlidir, bu suyun axın sürətini tezləşdirəcək.
• Gölməçələr, su kranlarının, su xətlərinin, quyuların və çirkab su boru xətlərinin sızması nəticəsində əmələ gəlir. Bu cür əmələ gəlmiş nohurları su təchizatı sisteminin təmiri və təkmilləşdirilməsi, yaxud da onların qurudulması yolu ilə aradan qaldırmaq mümkündür.
Yadda saxlamaq lazımdır ki, malyariyanı nəzarət altında yalnız o halda saxlamaq mümkündür ki görülən işlər və həyata keçirilən tədbirlər qüvvələrin birgə səfərbər edilməsi ilə icra olunsun. İctimai həyat elə qurulmalıdır ki, ictimaiyyətin hər bir fərdi malyariyanın nəzarətdə saxlanılmasına dair tədbirlərin görülməsi zamanı öz iştirakını əsirgəməsin.
Həyati əhəmiyyətli faktlar: Malyariya haqda hər bir ailə və eləcə də hər bir cəmiyyət nələri bilməlidir Malyariya xəstəliyi anofeles ağcaqanadının sancması ilə yayılan ağır transmissiv xəstəlikdir. Bütün dünyada il ərzində qeyd olunan malyariya xəstəliyinə yoluxma hallarının sayı 300 + 500 milyona çatır, və təxminən 1 milyona qədər uşaq bu xəstəlikdən vəfat edir. Malyariyanın geniş yayıldığı regionlarda, o azyaşlı uşaqlar arasında ölüm hallarının və eləcə də inkişafın ləngiməsinin baş verməsinin başlıca səbəbi ola bilər.
Bundan savayı malyariya hamilə qadınlar üçün xüsusi təhlükə kəsb edir. O, anemiyanın ağır formasının ortaya çıxmasının, uşaq salmanın, ölü dölün doğulmasının, təzə doğulmuş körpələrdə çəkinin qeyri kafi olmasının və eləcədə doğum zamanı qadınlar arasında ölüm hallarının baş verməsinin səbəbidir. Malyariyanın profilaktikası və onun ilkin müalicəsi bir çox həyatı xilas edə bilər.
Önəmli faktlar:
1. Malyariya xəstəliyi anofelos ağcaqanadının sancması nəticəsində ötürülür. Ağcaqanad sancmasından ən yaxşı müdafiə üsulu, yatarkən tövsiyə edilmiş insektisid hopdurulmuş ağcaqanadlardan qoruyan xüsusi tordan (miçətkəndan) istifadə etməkdir.
2. Malyariya xəstəliyinin yayıldığı yerlərdə uşaqlar həmin xəstəliyə yoluxma riskinə məruz qalır. Qızdırmadan əziyyət çəkən uşaq dərhal təcrübəli tibb işçisi tərəfindən müayinə edilməli və tez bir zaman ərzində müvafiq müalicə kursu keçməlidir.
3. Malyariya hamilə qadınlar üçün həddən artıq təhlükəlidir. Malyariya xəstəliyinin yayıldığı ərazilərdə qadınlar tibb işçisi tərəfindən tövsiyə olunmuş malyariyaya qarşı olan həbləri qəbul etməklə malyariyanın qarşısını ala bilərlər.
4. Malyariyadan əziyyət çəkən uşaqlara və eləcə də müalicə keçən şəxslərə bol qida və su vermək tələb olunur.
5. Ailələr və ictimaiyyət ağcaqanadların çoxalmasına maneçilik edərək malyariyanın qarşısını ala bilərlər.
Əlavə məlumat
1. Malyariya xəstəliyi anofelos ağcaqanadının sancması nəticəsində ötürülür.
Ağcaqanad sancmasından ən yaxşı müdafiə üsulu yatarkən tövsiyə edilmiş insektisid hopturulmuş ağcaqanadlardan qoruyan xüsusi tordan istifadə etməkdir. Đctimaiyyətin bütün üzvləri ağcaqanad sancmasından müdafiə olunmalıdırlar, kiçik yaşlı uşaqlar və eləcə də hamilə qadınlar üçün bu cür müdafiə daha böyük əhəmiyyət kəsb edir, və o ağcaqanadların xüsusilə aktiv olduqları günəşin batması və günün çıxması arasındakı zaman müddətində daha səmərəli təmin olunmalıdır.
Tövsiyə edilən insektisidlər hopturulmuş ağcaqanadlardan qoruyan torlar, pərdələr və eləcə də həsirlər onların üzərinə qonan ağcaqanadları məhv edir. Daimi olaraq insektisidlə hopturulmuş pərdə, tor və həsirlərdən istifadə etmək tövsiyə olunur. Adətən torların təkrar hopturulması yağışların başlanması ilə, altı aydan bir, eləcə də hər üçüncü yuyulmadan sonra aparılmalıdır.
əcrübəli tibb işçiləri sizə təhlükəsiz insektisidlər və eləcə də onların təkrar hopdurulması qrafiki haqda dolğun məlumat təqdim edə bilərlər. Körpələr və azyaşlı uşaqlar insektisidlə emal olunmuş ağcaqanadlardan qoruyan xüsusi torlar altında yatmalıdırlar. Bu cür torların bahalı olduqları təqdirdə ailə ən azından bir böyük tor əldə etməlidir, və ailədə olan bütün azyaşlı uşaqlar onun altında yata bilərlər.
Südəmər körpələr torların altında öz anaları ilə birgə yatmalıdır. Üzərinə insektisid hopdurulmuş ağcaqanadlardan qoruyan xüsusi torlardan il boyu, hətta ağcaqanadların nisbətən az olduqları dövrlərdə belə istifadə olunmalıdır. Ağcaqanadlardan qoruyan xüsusi torların olmadığı təqdirdə köməyinizə digər tədbirin görülməsi gələ bilər:
• Pəncərə və qapılardan üzərinə tövsiyə olunmuş insektisid hopdurulmuş pərdə, parça və yaxud da həsirləri asmaq olar
• Pəncərə və qapıların üzərindən şirmalar salına bilər
• Ağcaqanadlara qarşı spirallardan və yaxud da digər fumiqantlardan istifadə etmək olar
• Qaranlıq düşdükdə əl və ayaqları örtən paltarlar geyilə bilər (uzun qollu köynəklər və uzun ətəkli şalvar və ya yubkalar). Uşaqlar və eləcə də hamilə qadınlar üçün bu xüsusi əhəmiyyət kəsb edir.
2. Malyariyanın geniş yayıldığı ərazilərdə uşaqlar yoluxma təhlükəsinə məruz qalırlar.
Qızdırmadan əziyyət çəkən uşaq dərhal tibb işçisi tərəfindən müayinə edilməli, və ona tez bir zaman ərzində malyariya xəstəliyinə qarşı müvafiq müalicə təyin edilməlidir.
Ailə üzvləri arasında, və özəlliklə azyaşlı uşaqlarda qidadan imtina, qusma, süstlük və yaxud da ürpəşmələr müşahidə olunduğu təqdirdə, malyariya xəstəliyi təxmin oluna bilər. Malyariya tərəfindən törədilməsi güman olunan qızdırmadan əziyyət çəkən uşaqlar dərhal tibb işçisi tərəfindən tövsiyə edilmiş malyariya müalicəsindən keçməlidir. Malyariya qızdırması olan uşaqlar gün ərzində müalicə olunmadıqları təqdirdə bu cür hallar ölüm ilə nəticələnə bilər. Tibb işçisi xəstələnmiş şəxslərə müalicənin optimal üsulu və eləcə də onun davamiyyəti haqqında məsləhət verməlidir.
Qızdırmanın tez bir zamanda keçib getməsinə baxmayaraq malyariya xəstəliyindən əziyyət çəkən uşaq tam müalicə kursu keçməlidir. Bu cür müalicənin tamamlanmadığı təqdirdə, malyariya xəstəliyi daha ağır forma ala bilər və sonradan onun müalicəsi həddən artıq çətin olacaqdır. Əgər müalicədən sonra malyariya simptomları yenə də ortaya çıxarsa, uşaq tibbi yardımın göstərilməsi üzrə poliklinikaya və ya xəstəxanaya götürülməlidir.
Problemin səbəbi aşağıdakılardan biri ola bilər:
• Uşaq kifayət miqdarda dərman vasitələrini qəbul etmir
• Uşaqda malyariyadan fərqlənən digər xəstəlik vardır
• Malyariya dərman vasitəsinin təsirinə dözümlüdür və digər dərman vasitəsinin istifadə edilməsi zəruridir.
Qızdırmadan əziyyət çəkən uşaqlar xəstəliyin keçməsinə kimi soyudulmalıdırlar:
• Süngər vasitəsi ilə sürtmə və yaxud da ilıq (soyuq olmayan) suda çimizdirmə
• Uşaq qalın geyindirilməməli və yaxud da onun üstü yalnız bir yorğan ilə örtülməlidir.
3. Malyariya hamilə qadınlar üçün həddən artıq təhlükəlidir. Malyariya xəstəliyin geniş vüsət aldığı bölgələrdə hamilə qadınlar tibb işçisinin tövsiyə etdiyi malyariyaya qarşı həbləri qəbul etməklə onun qarşısını ala bilərlər. Hamilə qadınlar digər qadınlara nisbətən daha çox malyariya təhlükəsinə məruz qalırlar.
Bu xəstəlik hamiləlik dövrü üçün böyük təhlükə kəsb edir, ilk hamiləlik dövründə bu təhlükə daha ciddi xarakter daşıyır. O, anemiyanın (“qanın azalması”) ağır formasının ortaya çıxmasının, uşaq salmanın, ölü dölün doğulmasının, və ya vaxtından əvvəl doğumun baş verməsinin səbəbi ola bilər. Hamiləlik dövrü ərzində malyariya xəstəliyindən əziyyət çəkmiş anaların körpələri adətən qeyri kafi bədən kütləsinə malik olurlar və bu səbəbdən də həyatlarının ilk ili ərzində infeksiyalara və ölümə daha çox məruz qalırlar.
Həkimin məsləhətinə müvafiq olaraq hamilə qadınlar hamiləlik dövrü ərzində malyariyaya qarşı həblərdən istifadə etməlidirlər. Hamiləlik dövrü ərzində bütün həblərin qəbulu da öz növbəsində təhlükəsiz deyil. Tibbi + sanitar işçisi hansı növ dərman vasitələrinin daha optimal olmasına dair məsləhət verməlidir.
Ağcaqanad sancmasının qarşısının alınması məqsədi ilə hamilə qadınlar vaxtaşırı olaraq üzərinə insektisid hopdurulan ağcaqanad+ lardan qoruyan xüsusi torlar altında yatmalıdırlar. Ölüm hallarının qarşısının alınması məqsədi ilə malyariya əlamətləri və simptomları olan hamilə qadınlar lazımi və təxirəsalınmaz müalicə olunmalıdırlar. Malyariya ilə xəstələnmiş hamilə qadınlar həkimdən dəmirin və A vitamininin əlavə şəklində verilməsini sorğu etməlidirlər.
4. Malyariyadan əziyyət çəkən uşaqlara və eləcə də müalicə keçən şəxslərə bol qida və su vermək tələb olunur. Malyariya enerji sərfi ilə müşayiət edilir, və uşağın orqanizmindən tər ilə birlikdə böyük həcmdə maye xaric olunaraq itirilir. Su itkisi və eləcədə qida çatışmazlığın qarşısının alınması məqsədi ilə uşağa vaxtaşırı olaraq su və yemək təklif etmək lazımdır. Körpənin vaxtaşırı olaraq əmizdirilməsi su itkisinin qarşısını alır və uşağa infeksiyalar və o cümlədən malyariya ilə mübarizə etməyə kömək edir.
Malyariyadan əziyyət çəkən uşaqları mümkün qədər tez əmizdirmək lazımdır. Malyariya ilə xəstələnmə halları tez+tez baş verdikdə bu uşaqların böyüməsini ləng edir və beyin inkişafına maneçilik törədir, eləcə də əksər hallarda anemiyanın yaranmasına səbəb olur. Bir neçə dəfə malyariya ilə xəstələnmiş uşağı anemiyanın olub olmamağının yoxlanılması məqsədi ilə müayinədən keçirmək tələb olunur.
5. Ailələr və ictimaiyyət ağcaqanadların çoxalmasına maneçilik edərək malyariyanın qarşısını ala bilərlər. Ağcaqanadlar durğun suyun mövcud olduğu yerlərdə + məsələn gölməçələrdə, nohurlarda, bataqlıqlarda, çalalarda, arxlarda və eləcə də yaş otluqlarda və kolluqlarda çoxalırlar. Bundan savayı onlar çaylar boyu və eləcə də içərisində su olan qabların, rezervuarların içərisində və həmçinin çəltik tarlalarında çoxala bilərlər. Ağcaqanadların sayı aşağıdakı üsullarla azaldıla bilər:
• Su yığılmış ərazilərin qurudulması və ya doldurulması
• Su çənlərinin və qablarının qapaqlarla örtülməsi
• Evlərin ətrafındakı ərazilərin kolluqlardan təmizlənməsi

Malyariya bütün ictimaiyyətə təsir göstərir. Ağcaqanadların çoxala biləcəkləri yerlərinin azaldılması və eləcə də ağcaqanadlardan qoruyan torların insektisidlərlə hopturulması məqsədi ilə hər kəs birgə şəkildə səy göstərməlidir. Đctimaiyyət malyariyanın qarşısının alınması və onun nəzarətdə saxlanılması ilə əlaqədar yardımın əldə edilməsi istiqamətində bütün səhiyyə işçilərini və siyasi liderləri kömək göstərməyə dəvət etməlidir.

Next Post

Meningit xəstəliyi

Şb Okt 17 , 2015
Meningit – baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyi. Bütün yaş qruplarında rast gəlinir. Hava-damcı yolu ilə keçir. Bəzi bakteriyalar (meninqokoklar, pnevmokoklar, streptokoklar, haemophilus, vərəm çöpləri, qarın yatalağı çöpləri, listeriyalar), viruslar (enteroviruslar, I və II tip sadə herpes virusu, epidemik parotit virusu, arboviruslar), parazitlər (amöb, malyariya) və göbələklər tərəfindən törədilir. […]