Mədə xərçəngi – mədənin selikli qişasının epitel hüceyrələrində əmələ gələn bədxassəli şişdir. Müşahidələr göstərir ki, mədə xərçəngi kişilərdə qadınlara nisbətdə daha tez-tez rast gəlinir. Mədə xərçəngi daha çox orta yaş dövrünü ötmüş insanlarda aşkarlanır. Şərait yaranarsa o zaman sürətlə yayılmağa meyllidir. Mədədən qonşu toxumalara və orqanlara keçə bilir. Mədəaltı vəziyə və nazik bağırsağa metastaz verməsi halları daha çox olur. Xərçəngin mədə divarını zədələdiyi nahiyədə nekroz əmələ gələ və qanaxma verə bilər. Proses ağırlaşdıqca qan-damar yolu ilə ağ ciyərə, qaraciyərə və limfa yolları ilə limfa vəzilərinə metastaz verir.
Mədə xərçənginin yaranma səbəbləri
Hal-hazırda mədə xərçənginin yaranma səbəbi tam aydın deyil. Lakin müasir inkişaf nəzəriyyəsi mədənin selikli qişasının Helicobakter Pylori infeksiyalarının mühüm rolu olduğu qənaətindədir. Risk faktorları kimi xroniki qastrit, mədədə cərrahi əməliyyatın aparılması, vitamin B12 çatışmazlığı anemiyası, genetik meyllilik göstərilir. Mədədə adenomanın inkişafı, Xroniki qastritin nəticəsi olaraq mədənin selikli qişasının atrofiyaya məruz qalması və mədənin xroniki xorası, mədə xərçənginin yüksək risk faktoru hesab olunur.
Mədə xərçənginin əlamətləri
Mədə xərçənginin ilkin inkişaf mərhələsi adətən əlamətsiz olur. Çünki toxumalar o zaman ciddi xarakterli zədə almır və bu səbəbdən xəstə onun varlığından xəbəri olmur. Şikayətlər və xəstəlik əlamətləri adətən mədə xərçəngi ikinci və üçüncü mərhələlərdə olduqda başlayır. Mədə xərçəngi inkişaf etdikcə əlamətlər var ki, özünü büruzə verir. Mədə nahiyəsində intensivliyi və güclü olmayan ağrılar peyda olur. Az miqdarda qida qəbulundan sonra mədədə ağırlıq hissləri yaranır. Mədənin gec boşalması halları narahat edir. İştaha pozulur, xəstə arıqlayır, öyümə və qusma halları getdikcə intensivləşir.
Mədə xərçəngi inkişaf etdikcə xəstəlik əlamətləri də artır. Xərçəng üçüncü mərhələyə keçdikdə mədə divarını tam olaraq zədələyir və yayılmağa başlayır. Şiş damarları zədələdikdən sonra mədədə qanaxmalar ola bilir. Nəticədə qan azlığı (anemiya) yaranır, iştaha düşür, ümumi zəiflik inkişaf edir. Əlbəttə bu əlamətlər mütləq xərçəng xəstəliklərində olmur, bu səbəbdən tam müayinə olunmamış xərçəng şişi barədə düşünmək lazım deyil. Yalnız tam müayinə metodları tətbiq olunandan sonra, biopsiya daxil olmaqla diaqnoz ya təsdiqlənir, yada ki, inkar edilir və faktla bağlı müalicə tətbiq olunur.
Mədə xərçənginin diaqnostikası
Mədə xərçənginin diaqnozunun yeganə təsdiqedici faktoru, şişin histoloji müayinəsidir. Əlavə müayinə üsulları ilə xəstəliyin xarakteri, həcmi və lokalizə sahəsi öyrənilir ki, müalicə tədbiri dəyərləndirilsin. Həmçinin mədə xərçəngində informatik məna daşıyan, qanın biokimyəvi və klinik analizlərinin olunması vacibdir. Müalicəni gecikdirmək və yaxud tam məlumatı əldə etməyincə tələsdirmək olmaz! Əgər xəstəni narahat edən məqamlar varsa, hələlik simptomatik müalicə metodlarından istifadə olunur.
Mədə xərçənginin müalicəsi
Müalicə mədə xərçənginin hansı mərhələdə olmasından, şişin həcmindən, əhatə etdiyi sahədən, digər orqanlara nüfuz etməsindən, həmçinin xərçəng hüceyrələrin limfa düyünlərinə yayılmasından və nəhayət geniş metastaz verməsindən asılıdır. Mədə xərçəngi zamanı hazırda üç əsas müalicə metodu tətbiq edilir. 1. Cərrahi yolla şişin götürülməsi. 2. kimyaterapiya. 3. Şüa terapiyası. Çox hallarda kombinasiya edilmiş müalicə üsulları tətbiq edilir. Müalicə üsulunu həkim onkoloq təyin edir və taktiki cəhətdən münasib müalicə planı tərtib edir.
Mədə xərçəngi
Plan üzrə hərəkət edərək addım-addım prosesin necə getdiyini izləyir. Çünki mədə xərçənginin müalicəsi zamanı plandan kənar situasiyalar var ki, yarana bilir. O zaman müalicə prinsipini pozmamaq şərti ilə əlavə müdaxilələr etmək lazım gəlir. Göründüyü kimi xərçəng xəstəsini müalicə etmək olduqca çətindir. Həkim xəstəni tam nəzarətdə saxlamaq üçün böyük əmək sərf etməklə yanaşı psixoloji gərginlik yaşayır. Əlbəttə ki, sonuncu ştrix əsil həkim ürəyi olan insanlara aiddir.
Müalicənin vacib şərtlərindən biri də xəstənin xəstəliyinə görə sarsıntı keçirtməsinin qarşısını almaqdır. Əgər xəstə sarsıntı yaşayır və stress keçirdirsə onun beyni orqanizm üçün çox vacib maddələrin sürətlə sərfinə səbəb olur. Nəticədə sürətlə zəifləyən xəstənin immun sistemi zəifləyir və orqanizmdə gedən maddələr mübadiləsi ləngiyir və yaxud tamamilə pozulur. Belə vəziyyətdə müalicəni adekvat aparmaq dəfələrlə çətinləşir. Məhz belə vəziyyətə düşən xəstənin orqanizmini sonradan aktivləşdirmək çətin olur və xəstə tükənir.
Mədə xərçənginin ağırlaşması
Adətən müalicəsi gecikdirilmiş mədə xərçənginin ağırlaşmaları qaçılmaz olur. Bunu hər kəs bilməlidir və prosesin istənilən sonuna hazır olmalıdır. Belə vəziyyətdə xəstəliyin nə dərəcədə ağır olduğunu xəstədən gizlətmək lazım deyil. Əgər həkim xəstənin sağala bilmədiyini bilir və bunu xəstədən gizlədirsə, bilməlidir ki, xəstə son anda məyus olub güclü sarsıntı keçirəcək. Ona qədər isə sağalmadığını hiss edib həkimin zəif olduğunu düşünəcək və qohum-əqrəbanı hərəkətsizlikdə günahlandıracaq və s. Bu səbəbdən hər şeyi öncədən götür-qoy etmək lazımdır ki, nə xəstə, nə də ki, həkim əlavə narahatlıq hissləri yaşamasın.
Ağır vəziyyətdə olan xəstəyə yalnız ağırlaşmalarına qarşı simptomatik müalicə metodu tətbiq edilir. Xəstənin sağalma ehtimalı olmamağına baxmayaraq müalicə dayandırılmır. Simptomatik müalicə xəstənin ömrünü mümkün qədər uzatmaq və həyatını yüngülləşdirməyə yönəldilir.