Mədə xorasının səbəbləri
Mədə xorası yaranması ehtimalını artıran səbəblər:
• Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu
• Helicobacter pylori (H. pylori) infeksiyası
• Xroniki qastrit
• Siqaret çəkmə
• Spirtli içki qəbulu
• Artan yaş
• Qanın laxtalanma sistemində bəzi problemlər
Mədə xorasının əlamətləri
• Qarında ağrı.
• Bu ağrı Sizi gecələr yuxudan oyada bilər
• Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər
• yeməkdən 2-3 saat sonara başlaya bilər
• Ac qalarsınızsa ağrılar daha kəskin ola bilər
• Ürəkbulanma
• Qusma
• Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir
• Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər
• Son zamanlar çəkinin azalması
• Ümumi zəiflik
Mədə xorasının müayinəsi
• Sizə ilk olaraq Mədənin endoskopik müayinəsi təklif ediləcəkdir. Bu müayinə üsulu mədə xorasının olub-olmamasını, onun yerləşməsi və ölçüsünü dəqiq müəyyən etməyə imkan verir
• Həkiminiz mədənin Rentgen müayinəsini də təklif edə bilər. Bununla mədə xoranın varlığı və yerləşməsini təyin edilə bilər. Amma Rentgenlə müqayisədə endoskopik müayinə daha dəqiq hesab edilir.
• Helicobacter pylori infeksiyasının olub-olmaması nəfəs, nəcis və endoskopik müayinə zamanı götürülmüş toxumanın histoloji müayinəsi ilə təyin edilə bilər
• Endoskopik müayinə zamanı götürülmüş toxumanın histoloji müayinəsi xərçəngin olub-olmamasını da təyin etməyə imkan verir.
Həkimə nə zaman müraciət etməli
Mədə xorası sizin özünüzün müalicə edəcəyiniz bir xəstəlik deyil. Antiasid dərmanların qəbulu sizdə ağrını müvəqqəti aradan qaldıra bilər, amma xəstəliyi tam müalicə etməyəcək. Odur ki, yuxarıda sadalanan əlamətlər sizdə olarsa həkiminizə müraciət etməniz məsləhədir. Xoranın zamanında müalicə olunmaması bir çox ciddi ağırlaşmalara gətirb çıxara bilər.
Mədə xorasının ağırlaşmaları
• Mədə qanaxması
• Mədənin perforasiyası, yəni deşilməsi
• Xoranın maliqnizasiyası, yəni xərçəngə çevrilməsi
• Mədə çıxacağında daralmanın əmələ gəlməsi (Pilorik stenoz)
• Xoranın mədəaltı vəzinin başına penetrasiyası, yəni sirayət etməsi
Mədə xorasının trapevtik müalicəsi
Mədə xorasının müalicəsində iki əsas hədəf mövcuddur:
• Bakteriyanın (Helicobacter pylori) məhv edilməsi
• Mədə turşuluğunun azaldılması
Helicobacter pylori bakteriyasının tapılması hallarında adətən iki antibiotikin kombinasiyasından istıfadə edilir. Bu zaman ən geniş istifadə edilən antibiotiklər bunladır: amoxicillin, clarithromycin və metronidazole.
Həkiminiz Sizə əlavə olaraq Cytoprotective dermanlar adlanan sucralfate və misoprostol məsləhət görə bilər. Bu dərmanlar Sizin mədənin selikli qişasının daha tez bərpa olunmasına kömək edəcəkdir.
Mədə xorasının cərrahi müalicəsi
Cərrahi müalicəyə göstərişlər aşağıdakılardır:
• Uzun terapevtik müalicə tarixçəsi və bu müalicələrin effektsiz olması
• Davamlı pilorik stenoz, yəni mədə çıxacağının daralması
• Maliqnizasiyaya, yəni xərçəngin əmələ gəlməsinə şübhə
• Əvvəllər perforasiya (deşilmə) və qanaxma kimi ağırlaşmaların olması
Yuxarıda sadalanan hallarda sizdə varsa həkiminiz sizə aşağıdakı əməliyyatlardan birini təklif edə bilər:
• Subtotal qastrektomiya – yəni mədənin üçdən iki hissəsinin çıxarılması. Bu əməliyyat nəticəsində mədənin turşu ifraz edən hüceyrələrə malik hissəsi çıxarılmış olur
• Vaqotomiya – yəni azan sinirin mədəni innervasiya edən şaxələrinin kəsilməsi. Bununla mədənin turşu ifraz etmə qabiliyyəti azaldılmış olur. Amma son zamanlar cərrahlar bu əməliyyatdan az istifadə edirlər.