Meningit – baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyi. Bütün yaş qruplarında rast gəlinir. Hava-damcı yolu ilə keçir. Bəzi bakteriyalar (meninqokoklar, pnevmokoklar, streptokoklar, haemophilus, vərəm çöpləri, qarın yatalağı çöpləri, listeriyalar), viruslar (enteroviruslar, I və II tip sadə herpes virusu, epidemik parotit virusu, arboviruslar), parazitlər (amöb, malyariya) və göbələklər tərəfindən törədilir.
Müxtəlif ağırlıq dərəcələri və təzahürləri (yüngül nazofaringit və meninqokokk gəzdiriciliyindən yayılmış meninqokokkemiya və meninqoensefalitə qədər) olur. Mümkün olan fəsadları: baş beynin ödemi, infeksion-toksik şok, karlıq, hidrosefaliya, qıcolmalar, psixi dəyişikliklər, böyrəküstü vəzin çatışmazlığı və s.
Meningitin risk faktorları
► Meninqokokk gəzdiriciliyinin olması
► Mütəşəkkil kollektivlərdə sıxlıq, xüsusilə yataq otaqlarında uzun müddətli ünsiyyət
► Temperatur və rütubət rejiminin pozulması
► İmmunoloji reaktivliyin aşağı düşməsi
► Xəstənin peşəsi (məs: suvaqçılar çox zaman göyərçin ifrazatı ilə təmasda olur ki, bu da kriptokokların mənbəyidir).
► Mövsümilik
Meningitin risk faktorları
I. Etiologiyaya görə:
1. Bakterial meningitlər
2. Virus meningitləri
3. Parazitar mənşəli meningitlər (E.hystolitica, Pl.vivax)
4. Mikoz təbiətli meningitlər
5. Spesifik törədicilərin törətdiyi meningitlər
II. Formasına görə:
1. Lokal
2. Meninqokokk gəzdiriciliyi
3. Yayılmış
4. Nadir formalar
III. Ağırlıq dərəcəsinə görə:
1. Yüngül
2. Orta ağır
3. Ağır
4. Çox ağır
IV. İltihabi prosesin xarakterinə görə:
1. Seroz
2. İrinli
V. Gedişinə görə:
1. Kəskin
2. Yarımkəskin
3. Xroniki (simptomların 4 həftədən artıq davam etməsi; əsas səbəblər – vərəm, sifilis, Laym xəstəliyi, kandidoz, aspergilyoz, toksoplazmoz, QİÇS)
Meningitin əlamətləri
Aşağıdakı əlamətlər qeyd edilərsə, o zaman meningitin olması ehtimalı artır:
► Ekzantema – 5-15 saat sonra, bəzən xəstəliyin 2-ci günü meydana çıxır. Səpgilər qeyri-düzgün formalı, əl ilə yoxladıqda bərk olur, dəri səthindən qalxır. Hemorragik, qızılcayabənzər, rozeolyoz, papulyoz və petexial ola bilər. Ətraflarda, bədəndə, sağrı nahiyəsində, az hallarda üzdə aşkar olunur.
► “Meyit ləkələri” (livors mortalis) – bədənin vəziyyəti dəyişən zaman dəri üzərində yerini dəyişən tünd qırmızı, göyərmiş ləkələr (ildırımsürətli meninqokokkemiya zamanı).
► Baş ağrıları son dərəcə şiddətli, əziyyətli, diffuz şəkildə olur. Bədən vəziyyətini dəyişdikdə, güclü səs, parlaq işıq zamanı güclənir.
► Qusma – ürəkbulanma və qida ilə əlaqə olmadan, qəflətən, ”fəvvarə ilə” baş verir.
► Dəri hiperesteziyası, eşitmənin artması (hiperakuziya), işıqdan qorxma (fotofobiya), ağrının artması (hiperalgeziya)
► Qıcolmalar (klonik, tonik və ya qarışıq) – xəstəliyin birinci saatlarında baş verir. Kiçik yaşlı uşaqlarda qıcolmaların müşahidə edilməsi meninqokokk meningitinin ilk dəfə olmasını göstərir.
► Məcburi vəziyyət – başı dala dartılmış, ayaqlar diz və bud-çanaq oynaqlarında bükülmüş, qarına doğru dartılmış şəkildə böyrü üstə (“Qaldırılmış çaxmaq vəziyyəti“).
► Ənsə əzələlərinin rigidliyi. Qeyd: Vərəm, poliomielit zamanı meningitlərdə ənsə əzələlərinin rigidliyi olmaya bilər.
► Kerniq, Brudzinski (aşağı, orta, yuxarı), Giyen, Bexterev, Meytus simptomları.
Xəstəyə baxış zamanı tənəffüsün sayı və xarakteri, nəbz və hərarət müəyyən olunur. Hərarət bakterial infeksiyalar zamanı yüksək olur, bəzən isə aşağı ola bilər (vərəm zamanı). Dəridə səpgiləri axtarmaq lazımdır. Simptomların əmələ gəlməsi və ya güclənməsi
• Gecə vaxtı
• Güclü səs, parlaq işıq olduqda
• Bədən vəziyyəti dəyişdikdə
Meningitin laborator diaqnostika
Əsas müayinə üsulları:
• Qanın ümumi müayinəsi (leykositoz, leykoformulada sola meyllilik, neytrofilyoz, EÇS-in artması)
• Qanda elektrolitlər, kreatin, trombositlər, şəkər, sidik cövhərinin müayinəsi
• Meninqokokların, pnevmokokların və Haemophilus influenzaenin (qanda,burun-udlaq seliyində) təyini üçün Lateks-testin aparılması)
• Bakterioloji üsul – törədicinin təmiz kulturasının alınması (qan, burun-udlaq seliyi, likvor, səpgi elementlərindən götürülmüş material, bioptatlar)
• Lyumbal punksiya baş beyin KT müayinəsindən sonra və ciddi aseptika şəraitində onurğa beyni mayesi almaq üçün aparılır:
Meningitin müalicəsi
Müalicənin məqsədləri: törədicinin eradikasiyası (məhv edilməsi), fəsadların və xəstəliyin yayılmasının qarşısının alınması. Meningitlər zamanı terapiya taktikası xəstəliyin formasından, klinik gedişin xüsusiyyətindən və ağırlaşmalardan asılı olaraq müəyyən edilir.
Bütün hallarda aşkar və təsdiq edilmiş törədicinin antibakterial preparatlara həssaslıq dərəcəsi təyin edilməlidir. Lakin meningitə şübhə olan kimi empirik müalicə dərhal başlanmalıdır.
Proqnoz
Pasiyentlərin bir hissəsində (təqribən yarısında) tam sağalma olmur (25% xəstələrdə davamlı nevroloji dəyişikliklər, 11% xəstələrdə ağır əlillik).