Qastrit mədənin selikli qişasının iltihabıdır. Başqa sözlə, qastrit mədəni daxildən müdafiə edən örtüyün müxtəlif səbəblər üzündən zədələnməsidir. Qastritin əmələ gəlməsinin əsas səbəblərindən biri Helicobacter pylori adlanan bakteriyalardır. Qastritin kəskin və xroniki formada inkişaf edən mərhələləri vardır. Müalicə edilməyən qastrit bir müddətdən sonra mədə xorasına gətirib çıxara bilir.
Qastritin yaranma səbəbləri
– Bakterial infeksiya. Təsdiq edilmişdir ki, Helicobacter pylori infeksiyası mədənin selikli qişasını zədələyə bilir və qastritin əmələ gəlməsində ilk növbədə rolu vardır.
– Qeyri-stereoid dərman preparatların uzunmüddətli qəbulu.
– Həddən ziyadə alkoqol qəbulu.
– Gün ərzində çox sayda siqaret çəkmə.
– Stress, əsəb gərginliyi, tez-tez təkrarlanan qəzəb.
– Ödün 12 barmaq bağırsaqdan geri mədəyə qayıtması və bunun tez-tez baş verməsi.
– Bədənimizdə gedən autoimmun proses mədəmizin selikli qişasına zədələyici təsir göstərməsi.
– Travmatik zədələnmə .
– İsti qida və ya içkidən müntəzəm qəbul etmə.
– Soyuq mayenin qəbulu (bu hər-hansı qazlı və ya qazsız, yaxud da soyuq şirələr ola bilər).
– Cərrahi əməliyyatlardan sonrakı dövrdə qastrit yarana bilər.
Qastritin əlamətləri
– Epqastral nayihədə, yəni döş sümüyünün altında olan ağrılar və ya diskomfort
– İştihanın azalması və ya itməsi
– Gəyirmə
– Ürəkbulanma
– Qusma
– Hərarət
– Yuxululuq
– Qanqusma
Qastrit diaqnoz necə qoyulur?
– Mədənin Rentgen müayinəsi selikli qişada zədələnmənin olub-olmamasını üzə çıxarır
– Mədənin Endoskopik müayinəsi həkimə mədənin selikli qişasını görməyə və rentgen müayinəsinin müəyyən edə bilmədiyi zədələnməni aşkar etməyə imkan verir
– Helicobacter pylori infeksiyasının olub-olmaması fərqli üsullarla müəyyən edilə bilər: endoskopik müayinə zamanı götürülmüş mədə toxumasının histoloji müayinəsi, nəfəs testi, qan testi və nəcis testi.
Ağırlaşmaları
– Qastrit müalicə olunmazsa mədə xorasına gətirib çıxara bilər
– Xroniki qastritin bəzi formaları mədə xərçənginin əmələ gəlməsinə səbəb ola bilər.
Qastritin müalicəsi
Qastritin müalicəsinin əsas prinsipi qıcıqlandırıcı və zədələyici faktorların aradan qaldırılmasıdır:
– Helicobacter pylori infeksiyasını aradan qaldırmaq üçün iki antibiotikin və proton nasosu inhibitoru adlanan dərmanlar birgə təyin edilir.
– Antiasidlər mədənin turşuluğunu neytrallaşdırır və onun zədələyici təsirini azaldır
– Turşu blokatorları adlanan dərmanlar həkiminiz tərəfindən təyin edilə bilər.
– Proton Nasosu İnhibitorları mədənin turşu ifrazını etibarlı şəkildə azalda biləcək yeni nəsil dərmanlardır.
– Dərman müalicəsindən əlavə mədəni zədələyə biləcək faktorlardan – alkoqol qəbulundan, siqaret çəkmədən, stressdən, çox isti qidalar və içkilərdən çəkinmək lazımdır.
– Qastritdən əziyyət çəkən insanlar çox yağlı, istiotlu yeməklərdən qaçmaları məsləhət görülür
Həkim məsləhəti olmadan dərmanlar qəbul edib qastriti müalicə etməyə çalışmayın. Çünki xəstəliyi diferensiasiya etmək mütləq vacibdir. Siz həkim deyilsinizsə problemin həllini həkimin öhdəsinə buraxın.